DƏYİŞDİRİLSİN! - Deputat ictimai nəqliyyatı sərt tənqid etdi
Bizi izləyin

Qırmızı.az

DƏYİŞDİRİLSİN! - Deputat ictimai nəqliyyatı sərt tənqid etdi

“Azərbaycanda şəhər nəqliyyatı təsərrüfatı dəyişdirilməlidir”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Elm və Təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib.

Deputat deyib ki, çox zaman Bakıda avtobusları idarə edənlərin heç sürücülük vəsiqəsi olmur. Bəzən də sərxoş halda avtobus sürür və qəzalara səbəb olurlar: “Statistika da göstərir ki, bu qəzalarda ölənlərin sayı təbii ölümlərdən çox olur. Avtobuslar gətirilib, çox gözəldir. Bəs avtobusların dayanması necədir? “Elmlər Akademiyası”nın yanında dayanacaqda 10 avtobus yolun sağında, 10 avtobus yolun solunda bir anda dayanırlar, tıxac yaradırlar və ya əks tərəfə çıxırlar. Bu imtiyazlar onlara kim tərəfindən verilir? Bunların himayədarları kimlərdir?”

Paytaxtda hər addımda quraşdırılan parkomatlarla bağlı da danışan millət vəkili qeyd edib ki, bu cür hallar qanunsuzluqdur: “Cənab Prezident bildirmişdi ki, maşınların dayanmasını çubuqla idarə edənlərin pulu bələdiyyələrə yönəldilsin. Bu gün maşınların saxlanılması üçün parkomatlar quraşdırılıb. Çox gözəl, amma bu parkomatlar harada gəldi qoyulub. Baxırsan dar birtərəfli yoldur, yolun həm sağı, həm solunda parkomat quraşdırılır və yol daralır.

Yolların genişləndirilməsi tıxacların qarşısının alınması üçün edilib. Parkomatlara nəzarət edənlər kimdir? Başqa misal: avtobus dayanacaqlarında parkomatlar quraşdırılıb, maşınlar, taksilər də dayanır. Bəs sərnişin harada minib düşsün? Bu məsələlər ictimaiyyətdə narahatlıq doğurur və qayda-qanun yaradılmalıdır. Şəhər nəqliyyatı təsərrüfatı dəyişdirilməlidir”.

Deputat, həmçinin, qeyd edib ki, paytaxtda eyni istiqamətdə hərəkət edən müasir avtobuslarla yanaşı, işə yaramayan, tüstüləyən avotbuslar da işləyir: “Şəhərin ortasına bu marşrutları kim buraxır? Biz gözəl qanunlar qəbul edirik. Amma bu qanunların icrasına nəzarət yoxdur. Təklif edirəm ki, Milli Məclisin qanunların icrasına nəzarət funksiyası səlahiyyəti bərpa edilsin”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm