Avtobus sürücülərinin yaş həddi artırıldı - QANUN
Bizi izləyin

Qırmızı.az

Avtobus sürücülərinin yaş həddi artırıldı - QANUN

Azərbaycanda avtobus sürücüləri üçün yaş məhdudiyyəti qoyulması ilə bağlı layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Publika.az-ın məlumatına görə, "Avtomobil nəqliyyatı haqqında" qanun layihəsinə təklif edilən dəyişiklik barədə İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Komitə sədri bildirib ki, dəyişikliyə əsasən, sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər sərtləşdirilib. Belə ki, avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), eləcə də "D, E" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, (yaşı 25-dən az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılacaq.

Mövcud qanunvericiliyə görə avtobuslarda sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən, "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır.

Qanun layihəsi avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqədar sərnişin avtomobil nəqliyyatı vasitələrini idarə edən (avtobuslarla sərnişin daşıyan) sürücülərə dair tələblərin yenilənməsi məqsədilə hazırlanıb.

Daha sonra dəyişikliklə bağlı layihə səsverməyə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm