Müdafiə Nazirliyi yubiley mərasimi keçirdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyi yubiley mərasimi keçirdi - FOTO

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 15 illiyi ilə əlaqədar təntənəli yubiley mərasimi keçirilib.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qarabağ müharibəsinin əlilləri, veteranları və şəhid ailələrinin, eləcə də ölkədə hərbi vətənpərvərlik işinin təşkilində xidmətləri olan bir qrup ictimaiyyət nümayəndəsinə ictimai birliyin təsis etdiyi "Fədai" medalı təqdim edilib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli təltif olunanları təbrik edərək onlara bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb. Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən təntənəli mərasimi respublikanın şəhər və rayonlarından dəvət olunmuş 400-ə yaxın Qarabağ müharibəsi əlili, veteranı, şəhid ailəsi, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyiblər.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı, Silahlı Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev birliyin 15 illik fəaliyyəti barədə məruzə ilə çıxış edib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov bu ictimai birliyin qeyri-hökumət təşkilatları içərisində özünəməxsus yer tutduğunu, xüsusilə gənclərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini tədbir iştirakçılarına çatdırıb. Təbrikdə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin mənafelərini və hüquqlarını müdafiə edən, onların müasir həyat şəraitinə uyğunlaşmasına, sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində böyük səylər göstərən ictimai birliyin xidmətlərinin təqdirəlayiq olduğu qeyd edilib və birlik üzvlərinin bundan sonra da göstərilən etimadı, diqqət və qayğını əməli fəaliyyətləri ilə doğruldacaqlarına əminlik ifadə olunub.Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və veteran təşkilatlarının rəsmiləri təşkilatın üzvlərini təbrik edərək böyük uğurlar arzulayıblar.

Video çarxların müşayiəti ilə vətənpərvərlik mahnı və rəqsləri, hərbi marşlar səslənib və döyüş səhnələri canlandırılıb. Xalq artistləri Pərvanə Qurbanovanın, Zümrüd Məmmədovanın, Əməkdar artistlər Ramil Qasımovun, Sevinc Sarıyevanın, Çingiz Mustafayevin və Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının çıxışları alqışlarla qarşılanıb. Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi üzvlərinin müraciəti oxunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm