5000 manatlıq buket, bir zənbil meyvə, gülməli sevgi etirafları – 14 fevral REPORTAJI/FOTOLAR
Bizi izləyin

Qırmızı.az

5000 manatlıq buket, bir zənbil meyvə, gülməli sevgi etirafları – 14 fevral REPORTAJI/FOTOLAR

Fevralın 14-ü ölkəmizdə bir sıra mühüm hadisələrlə əlaqədar əlamətdar gündür.

Publika.az məlumat üçün bildirir ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasının ildönümüdür.

Bununla yanaşı, Şərqdə ilk televiziya sayılan Azərbaycan SSR-nin birinci televiziyası - Bakı televiziya studiyası məhz 1956-cı ilin bu günündə fəaliyyətə başlayıb. Yəni, bu gün indiki AzTV-nin yaradılmasının 60-cı ili tamam olur.

Lakin 14 fevralı ölkəmizdə sevgililər günü kimi qeyd edənlər də var. Özü də müşahidələrimiz göstərir ki, belələrinin sayı heç də az deyil. Biz də bunu nəzərə alıb, paytaxt sakinlərinin fikrini öyrəndik, gül dükanlarına baş çəkdik, qiymətlərlə maraqlandıq.

5000 manatlıq gül sifarişi

Paytaxtın Azadlıq prospektindəki məşhur gül dükanının satış şəbəkəsinin meneceri Məsumə Musa deyir ki, son 3 gündə gül və hədiyyələr sifarişi əvvəlki günlərlə müqayisədə çoxalıb: “Üstünlük əsasən qızılgüllərə verilir. Özü də parlaq növdən olanlara. Bununla yanaşı, liliyalara, tülpanlara da üstünlük verənlər var. Orta hesabla içində 21-31 gül olan buketlər satılır. 101 güldən ibarət buketlər az sayda satılsa da, bundan daha çox sevgisini izhar etmək istəyən gənclər istifadə edir.

Gənclər sevgililərinə əsasən bir ədədi 4 manata satılan qızılgüllər hədiyyə edirlər.

O ki qaldı sifarişlərin qiymətinə, müxtəlif rəqəmlər var. Bir qədər əvvəl 1000, 2000 manatlıq gül buketlərini sifariş edənlər olub. Ən bahalı gül sifarişinin qiyməti isə 5000 manat idi. Lakin bu il, xüsusən bu günlərdə belə bahalı sifariş verənlər olmayıb”.

O ki qaldı sifariş edilən güllərə, həmsöhbətimiz dyir ki, bunlar tülpan, gerber, liliya, astromeya və digər növləri əhatə edir: “Bu günlərdə müştərilərdən biri bizə maraqlı sifarişlə müraciət etdi. O, bankda işləyən qıza aşiq olduğunu deyərək ona sürpriz etmək istədiyini bildirdi. Qeyd edim ki, qız oğlanın bu sevgisindən xəbərsiz idi. Oğlan da vurulduğu qıza öz sevgisini gül hədiyyəsi ilə açmaq istəyirdi. Dedi ki, “sevdiyim qıza eşqimi üz-üzə bəyan etməyə utanıram. Buna görə də gül hədiyyə etmək istəyirəm”. Sonda 35 qızılgül sifariş etdi. Sevdiyi qızın iş yerinin ünvanını bizə verərək güllərin banka çatdırılmasını xahiş etdi. Biz sifarişi həmin ünvana çatdıranda, qız şoka düşdü. Məlum oldu ki, oğlanı ümumiyyətlə tanımırmış. Buna görə də gülləri almaqda tərəddüd edirdi...”.

Bir zənbil meyvə...

Satış meneceri qeyd edir ki, bu günlərdə müştərilər arasında əsasən gənclər, yeniyetmələr üstünlük təşkil edir: “Onlar bir-birilərinə gül hədiyyə edirlər. Daha çox təbii güllərə üstünlük verirlər.

Sevgililər günü münasibətilə bizə sifariş edənlər arasında əcnəbilər də kifayət qədərdir. Elə bu günlərdə Çin vətəndaşı böyük buket sifariş etdi. Paytaxtda yaşayan əcnəbilər arasında da bahalı gül buketləri sifarişlər edənlər var”.

Son günlər sifarişlərin əhəmiyyətli dərəcədə artdığını vurğulayan müsahibimiz bunu bəzi gənclərin sevgililər günü kimi qeyd etdikləri 14 fevralla əlaqədar olduğunu vurğulayır: “Müştərilərimiz əsasən gənclər, tələbələrdir. Maraqlıdır ki, onlar arasında qeyri-adi dizaynda meyvələrdən hədiyyələr hazırlatdıranlar da var. Bəziləri hər növ meyvədən səbət hazırlanmasını sifariş edirlər. Elə dünən gənclərdən biri gül səbəti hazırlamağı sifariş etdi. Bu, qeyri-adi kompozisiya idi.

Başqa bir müştəri güllərdən bir metr uzunluğunda pişik hazırlamağı sifariş etdi.

Sifarişlər müxtəlif cür olur. Məsələn, müştərilərdən biri sifariş verərək, gülləri sevdiyi qızın evinin qarşısına düzməyi xahiş edib.

Elələri var, güllə kifayətlənməyib, oyuncaqlar da alır. O cümlədən, ayılar, gəlinciklər sifariş edənlər olur”.

Bu il 14 fevralı sevgililər günü kimi qeyd etməyə hazırlaşan bəzi gənclər səbət güllərlə yanaşı, yeni hədiyyələrdən gül qutularını da sifariş edirlər. Bu güllər adi qutularda olur.

Müsahibimizdən onu da öyrəndik ki, 14 fevral ərəfəsində onlara müraciət edənlər arasında tanınmış sənətçilər də var: “Onlardan müğənni Teymur Əmrahı misal göstərə bilərəm. O, şəxsən özü mağazamıza gəlib gül sifariş etdi”.

Belə məlum olur ki, ötən illə müqayisədə bu ilin 14 fevralı ərəfəsində gül sifariş edənlərin say fərqi ilə yanaşı, sifarişlərin zaman fərqi də var. Belə ki, hətta gecələr də gül sifariş edənlər olur: “Biz güllərimizi əsasən Hollandiyadan və digər ölkələrdən gətirdirik. Bir ədədi 10 manat olan liliya güllərini, vianaları da sifariş edənlər çoxalıb. Hətta sevgililərinə dibçək gülləri alanlar da olur. Onlar arasında əcnəbilər, o cümlədən, ingilislər daha çoxdur...”.

Onu da öyrəndik ki, qadınlar da sevgililərinə gül alırlar: “Onlar güllərlə yanaşı, sevgililərini hədiyyələrlə də sevindirirlər. Suvenirlər, oyuncaq ayılar, təyyarələr, hətta dovşan alanlar var. Zövqlər müxtəlifdir. İnsanlar müxtəlif cür sifarişlər verirlər. Bəzən sevgililər gül buketini hazırlatmaq üstündə bir-biriləri ilə mübahisə də ediblər. Oğlanlar gülün az olmasını, qızlar isə əksinə, buketdəki növün çox olmasını istəyirlər.

Əsasən oğlanlar qızılgüllərdən sevdikləri qızın adının birinci hərfini əks etdirən buketlər hazırlatdırırlar. Etiraf edim ki, iyunun 30-da gül sifariş edənlər 14 fevralla müqayisədə daha azdır”.

Faiq Ağayev və Elton da gül sifariş ediblər...

Buket hazırlayan Məmməd Kazımov 6 ildir bu işlə məşğul olduğunu deyərək bu il 14 fevralın ötən illərlə müqayisədə fərqli şəkildə qeyd edildiyini bildirir. Bunu isə son günlərdə müşahidə edilən canlanma ilə əsaslandırır: “Elə şəxslər var, 300 manatlıq buket hazırlatdırıblar. Son günlər gül sifariş edənlər, hədiyyələr hazırlatdıranlar çoxalıb. Müğənnilərdən Faiq Ağayev, Elton və digərləri gül sifariş ediblər.

Mən həm 14 fevralın, həm də 30 iyunun sevgililər günü kimi qeyd edilməsinin tərəfdarıyam. Sevdiyim qıza hər iki gündə hədiyyələr verəcəyəm”.

Paytaxt sakini Xumar Mustafayeva isə 14 fevralın sevgililər günü kimi qeyd edilməsinin əleyhinədir: “Sevginin günü olmur. Əsl aşiq, məşuq ilin 365 günü sevir.

İkincisi, bu gün əsasən xristianlarla bağlıdır”.

Digər sakin Mürsəl Mürsəlzadə isə bildirdi ki, o, 14 fevralı sevgililər günü kimi qeyd edəcək: “Sevgilimə gözəl gül buketi hədiyyə etmək fikrindəyəm. Mən daha çox 14 fevralı sevgililər günü kimi qəbul edirəm. Sevgilimə qızılgüllə yanaşı, suvenir də alacam”.

Fikirlərini öyrəndiyimiz vətəndaşlar arasında orta nəslin nümayəndələri də vardı. 38 yaşlı Rasim Musayev bildirdi ki, o, 14 fevralın sevgililər günü kimi qeyd olunmasının tərəfdarı deyil: “Bu, son vaxtlar meydana çıxdı. Mənə elə gəlir, Avropadan gəlmə bir şeydir. Məncə, bizim ölkədə sevgililər günü kimi iyunun 30-u qeyd olunmalıdır”.

Digər paytaxt sakini İntizar Şahverdiyeva isə deyir ki, o və həyat yoldaşı fevralın 14-nü sevgililər günü kimi qeyd etmirlər: “22 ildir ailə qurmuşam. Bu illər ərzində həyat yoldaşım doğum günlərimdə, martın 8-də mənə hədiyyə alıb. Sevgililər gününü xüsusi qeyd etməmişik. Mənə elə gəlir, insan hər zaman sevməlidir”.

Anar Tağıyev

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm