Keçmiş aparat rəhbərinin adı 170 min dollarlıq rüşvət qalmaqalında
Bizi izləyin

Qırmızı.az

Keçmiş aparat rəhbərinin adı 170 min dollarlıq rüşvət qalmaqalında

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Aparat rəhbəri vəzifəsindən azad edilib.

Report-un məlumatına görə, Səfər İmanov 1 noyabr 2015-ci ildə öz ərizəsi ilə işdən çıxıb.

Onun vətəndaşlardan birindən 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "Report"un sorğusuna cavab olaraq bildirib ki, S.İmanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov AQUPDK-də olub. A.Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 7-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.

"Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa, müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin, təkzib edilməyib", - E.Səfərov əlavə edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub. Bu vəzifəyə Oqtay İbrahimov təyin edilib.

Qeyd edək ki, İbrahimov Oqtay Vahib oğlu 1960-cı ilin iyunun 19-da Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirib. 1990-1993-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və sektor müdiri vəzifələrində çalışıb. 1993-cü ildə Nazirlər Kabinetinin Ali Attestasiya Komissiyasının qərarı ilə "Baş elmi işçi" fəxri adı ilə təltif edilib. 1999-2000-ci illərdə Konstitusiya Məhkəməsinin İnformasiya təminatı bölməsinin müdiri olub. 20.11.2013 – 2.11.2015 tarxilərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbərinin müavini olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm