• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Ucuzu 500, bahası 20 000 manat - İçərişəhərin xalça dükanlarından REPORTAJ/FOTOLAR

Ucuzu 500, bahası 20 000 manat - İçərişəhərin xalça dükanlarından REPORTAJ/FOTOLAR

Xalça qaldıqca daha qiymətli olur. Çünki tarix keçmişdən ilmələrə köçüb kilimlərdə, xalılarda əsrlərlə yaşayır. Yəni, ayağımızın altında tapdalayaraq keçdiyimiz, əslində, həm də fərqinə varmadığımız tariximizdir. Bu gün bir mənzərəni, portreti, heyvan və gül rəsmini olduğu kimi xalçanın üzərinə köçürmək heç də çətin iş deyil. Çətin olan çox zaman anlamadığımız, əyri-üyrü fiqurlar bilib əhəmiyyətsiz hesab etdiyimiz naxışları xalılarda yaşatmaqdır. Elə bu fikirlərlə yolumuzu Bakının ən qədim məkanından – İçərişəhərdən saldıq. İçərisinə girməsə belə, paytaxtda yaşayan hər kəs ən azı bir dəfə bu dükanların önündən keçib. Və yəqin ki, rəngarəng xalçalar gözlərini oxşayıb...

Etiraf edim ki, evimizdə müxtəlif naxışlı xalçalar olsa da, heç vaxt onlara tarixin bir parçası kimi yanaşmamışdım. Ta ki, bu məkanla tanışlığa qədər...

Ərəblər xalçalarımızı daha çox alır...

Əntiq əşyalar, əl işləri və xalçalar satılan ilk rast gəldiyimiz mağazanın qapısında bizi gözlədiyimizdən daha həvəslə qarşıladılar. Mağazanın art-meneceri Məhnurə Ağayevanın sözlərinə görə, xalça mağazası iyun ayından açılsa da, kifayət qədər maraq doğura bilib. Xalçaçılığın bütün qruplarına aid nümunələrin olduğu mağazaya həm yerlilər, həm də turistlər maraq göstərirlər.

Məhnurə xanım deyir ki, Türkiyə, Rusiya, Amerika, İngiltərə, İran və digər ölkələrdən xalça ilə maraqlanan turistlər olsa da, mağazanın alıcıları daha çox ərəblərdir: “Ərəb ölkələrindən və İrandan qonaqlarımız çox olur. Baxmayaraq ki, İranın özündə xalçaçılıq yüksək səviyyədə inkişaf edib, bizim xalçaçılığa da maraq göstərirlər. Ən çox hansı bölgəmizin xalçalarına maraq olduğuna gəlincə, bu, daha çox zövqdən asılıdır. Bəzi insanlar yun, bəziləri isə ipək xalçalara üstünlük verirlər”.

Mütəxəssisdən öyrəndik ki, xalçaçılıqda ilmələrin sıxlığı vacib rol oynayır. Daha sıx toxunan xalçalar daha qiymətlidir. Yun xalçaları ipək qədər sıx toxumaq mümkün deyil. Buna görə də hər kvadratsantimetrinə 90-100 ilmə vurulan ipək xalçalar yun xalçalardan baha satılır. İpək xalçaları daha çox divardan asmaq üçün alırlar. Lakin imkanlı şəxslər bu xalçaları alıb yerə də sərirlər.

Digər bir üstünlük isə boyaların təbiiliyi ilə bağlıdır.

M.Ağayevanın sözlərinə görə, boyalar təbii olmalıdır ki, yuyulanda rənglər qarışmasın. Təbii boyalar isə bitkilərdən alınır. Bura soğan qabığı, palıd ağacı, nar qabığı və digər bitkilər daxildir. Sonda xalçaya vurulan kimyəvi element isə onun rənglərini bərkidir, şəffaflığı itmir.

Söhbət zamanı onu da öyrəndik ki, evində əntiq xalçası olanlar gətirib mağazaya sata bilirlər. Əlbəttə ki, xalçanın vəziyyəti yaxşıdırsa və rəngləri solmayıbsa.

Hər xalının öz naxışı...

Məhnurə xanım deyir ki, mağazadakı xalıları naxışlarına görə asanlıqla ayırd etmək olur. Yəni, hər bölgənin özünün məxsusi naxışları var. Məsələn, Quba bölgəsinin naxışı heç vaxt Qazax xalçasında əks oluna bilməz. Ən zəngin naxışlı xalçalar isə Quba xalçaçılıq məktəbinə daxil olan “Pirəbədil” və “Şahnəzərli” xalçalarıdır: “Quba xalçaçılıq məktəbi bir neçə inkişaf dövrü keçib. Axırıncı qayçı ilə kəsilib ilmənin əmələ gəlməsi mərhələsidir. Ərəbcə buna “menroy”, yəni, “qayçı” deyirlər. “Pirəbədil” xalçasında əsas elementlərdən biri qayçıdır. Bu xalçada güc, cəsarət simvolu olan buynuz elementindən də istifadə olunur. Bundan əlavə, dəvə, quş, it, at və nəbati ornamentlərə rast gəlmək olar. Haşiyəsinin sayı arta və azala, ara sahəsi boş və ya dolu ola bilər. Amma “Pirəbədil” xalçaları naxışlarına görə ən zəngin xalçalardır”.

Xalçaların qiymətlərinə gəlincə, ipəklər yun xalçalara nisbətən daha bahalıdır. Çünki ipək özü də yuna nisbətən xammal kimi çox bahadır. Pambıq xalçalar isə yundan bir az ucuzdur. Bu mağazada qiymətlər 500 manatdan başlayır. Ən bahalı xalçanın 20 min manat qiyməti var. Həm ipək olduğuna görə, həm də kompozisiyasına görə - ləçək-turunc kompozisiyasındadır. Çox sıx toxunan və hər kvadratsantimetrində 90 ilmə olan bu xalça bir neçə xalıtoxuyan tərəfindən illər ərzində ərsəyə gəlib. Bakıda toxunan bu xalı Təbriz qrupuna aiddir. Təbriz Azərbaycan xalçaçılığının dördüncü məktəbidir.

Amerikalı cərrahı heyran edən Azərbaycan xalçası

Mağazada qədimi xalçalara o qədər də çox rast gəlinmir. Burada ən qədim “Pirəbədil” xalçasının 100-130 yaşı var. Buna baxmayaraq, ideal vəziyyətdədir. Rəngləri solmayan bu xalının qiyməti 3000 manatdır.

Son vaxtlar xalçaların az satıldığını deyən M.Ağayevanın sözlərinə görə, sonuncu müştəri bir neçə gün öncə Amerikada yaşayan ürək cərrahı olub. Xalça mağazasını gəzən ziyarətçi çox məmnun qalıb və gedəndə özü ilə bizim xalılardan birini aparıb.

Diqqətimizi salonun bir küncündə əyləşib xalça toxuyan qadın cəlb edir. Əl işinə heyran-heyran baxdığımı görüb toxuduğunun mənasını anladır.

Mağazada nümunə kimi xalça toxuyan Sənubər xanım ömrünün 30 ilini bu sənətə həsr edib. Dünyanın yaranışı ilə bağlı olan xalçanın hər kvadratsantimetrinə 66 ilmə yerləşdirib. Dediyinə görə burada toxunan xalçalardan ikincisi olmur, hamısı orijinaldır: “Gözümü açandan nənələrimin, anamın xalça toxuduğunu görmüşəm. Bu işi çox sevirəm. Naxışları vurduqca özümün tək olmadığımı hiss edirəm. İlmələrlə danışıram, əsəbi olanda oturub toxuyuram və ilmənin səsi əsəblərimi sakitləşdirir. Gələn turistlər də toxuma ilə çox maraqlanırlar, hətta bəziləri özləri də xalça toxumaq istəyirlər. Belə olanda, biz onlara öyrədirik, amma bir ilmə vurandan sonra başa düşürlər ki, bu, çox çətin sənətdir”.

Ən çox Quba zonasının xalçalarını toxuduğunu deyən Sənubər xanımın sözlərinə görə, həvəsi olan adam istənilən naxışı vura, ən çətin xalıları da toxuya bilər. Amma xalı toxuyan adam ondan ayrılmağa, onu kiməsə verməyə, hədiyyəyə etməyə çətinlik çəkir: “Toxuduğun xalçanı kiməsə verəndə çətinlik çəkirsən. Xalça sanki sənin öz balandır. Doğmadır, başqasına hədiyyə edəndə ürəyin onunla gedir”.

8-9 ayda bir xalça satılır...

İçərişəhərin daha bir xalça satıcısı Xaləddin dayıdır. İşinin peşəkarı olduğundan, bir baxışla xalçanın keyfiyyətini, hansı qrupa aid olduğunu müəyyən edə bilir.

Xaləddin dayı müştərinin olmamasından şikayət etsə də, yaxşı xalçanın heç vaxt bükülü qalmadığını deyir: “Bir az alıcı sarıdan problemimiz var, 8-9 ayda bir xalça satılır. Ən çox öz vətəndaşlarımız xalçaları alırlar. Əcnəbilər isə daha çox suvenirlərlə maraqlanırlar. Qiymətinə görə deyil, ağır olduğuna görə xaricə aparmaq sərf eləmir. Onlar daha çox yüngül əşyalar aparmaq istəyirlər”.

Kilim, Sumax, Zili, Vərni və Şəbdə kimi xovsuz xalça növlərindən söhbət açan Xaləddin dayı bunların ərişin arğac üzərində mürəkkəb dolama nəticəsində toxunduğunu deyir.

Öyrənirik ki, xovsuz xalıların ən sadəsi palazdır.

Burada da əntiq xalılara demək olar ki, rast gəlmədik. Satıcının sözlərinə görə, antik xalçaları əcnəbilərə satmırlar. Xaricə aparılan bütün xalçalara tarixi əhəmiyyət daşımadığını göstərən sertifikat verilir.

Ən çox Quba-Şirvan xalçalarına maraq var...

Yolüstü 3-4 xalça mağazasına yaxınlaşsaq da, nədənsə, məlumat verməkdən imtina etdilər. Satıcıların hamısı müsahibə üçün Elxan Cəbrayılovu nişan verdilər.

Biz də axtarıb Elxan müəllimi tapdıq. Məlum oldu ki, 16 ildir, Qız Qalasının qarşısındakı mağazada xalça satır. İndiyə qədər ən müxtəlif çeşnili xalılar satdığını deyən satıcının sözlərinə görə, ən çox maraq daha sıx toxunan xalılaradır: “Əsas Quba-Şirvan xalçalarına maraq var. Bu, ilmələrin sıxlığı, xalçaların incəliyi ilə əlaqədardır. Qazax xalçaları qalın olur. Bəzən insanlar yumşaqlığına görə Qazax xalçasını alırlar, amma ümumən maraq sıx toxunan xalılaradır”.

Mağazanın rus, norveç, iranlı, fransız və digər millətlərdən müştəriləri var. Onlar əsasən aparmaq üçün kiçik xalçalar alırlar. Bəzən sifariş verənlər də olur. Burada xalçalar isə o qədər də bahalı deyil. Qiymət 50 manatdan başlayaraq 2 min manata qədər artır.

İçərişəhərin xalça dükanlarından reportajımızı burada sona yetirib mağazadan uzaqlaşırıq. Yadıma məşhur “Şeyx Səfi” xalçası düşür. Britaniya muzeyində nümayiş olunması nə qədər qürurverici olsa da, İran mədəniyyət nümunəsi kimi təqdim olunması bir o qədər təəssüf doğurur...

Ümid edirik tarix səhvini düzəldəcək, bu və bunun kimi neçə-neçə möhtəşəm sənət əsərimiz məxsus olduğu xalqın adı ilə nişan veriləcək...

Gülnar Əliyeva

Fotolar Elçin Muradındır

Xəbər lenti

DAHA ÇOX XƏBƏR