İlk milli əməliyyat sistemi, qonşu davasına son, zibildən pul çıxaranlar... - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İlk milli əməliyyat sistemi, qonşu davasına son, zibildən pul çıxaranlar... - FOTOLAR

- Kim olmaq istəyirsən?

- Alim.

Polis, biznesmen, hətta müğənniliyin elm dalınca getməkdən daha cəlbedici olduğu bir vaxtda orta məktəb şagirdindən “alim olmaq istəyirəm” sözünü eşidəcəyim ağlıma gəlməzdi. Amma eşitdim.

Alim olmaq istəyənlərlə “Sabahın alimləri” müsabiqəsində söhbət etdik. Yaşadıqları dünyanın problemlərini böyüklərdən daha yaxşı dərk edirlər. Həlli üçün isə indidən işləməyə başlayıblar. Dillərinə görə dilçəkləri də var.

Kimi içməli su problemimizi çözməyin, kimi yol qəzalarının sayını azaltmağın, kimi də neft tullantılarını daha effektli istifadə etməyin yollarını axtarıb...

Sadalamaqla olmayacaq, ən yaxşısı, gördükləri işlər barədə gələcəyin alimlərinin özləri danışsın.

Dağ başında elektrik enerjisi

“Zəngi” liseyinin 11-ci sinif şagirdi Heydər Məmmədli sinif yoldaşı Nilufər Məmmədli ilə birlikdə Günəş enerjisini elektrik enerjisinə çevirən cihaz hazırlayıb. Onların bu cihazı hazırlama səbəbi dünyada alternativ enerji mənbələrinə olan ehtiyacdır. Şagirdlərin hazırladığı qurğu telefon, kompüter, elektron saatlar, mikroskoplar -bir sözlə, 6-8 volta qədər enerji ilə işləyən cihazları enerji ilə təmin edə bilir.

“Cihazda yarımqabarıq linza, fokus məsafəsində mütləq qara cisim, termocildlər, aşağı hissədə də kondisionerdən istifadə edilib. Günəş şüası düşəndə, onlar arasında temperatur fərqi yaranır, bu da daha sonra termoelektrik hərəkət fərqi yaranmasına səbəb olur ki, nəticədə də elektrik enerjisi alınır. Sadaladığımız cihazlar qoşularaq enerji toplayır”, -Heydər deyir.

Artıq hansısa dağlıq əraziyə gedərkən telefonun enerjisi tükəndiyində, bu cihaz insanların köməyinə çatacaq. Yetər ki, Günəş şüası olsun.

Müsahibimiz də etiraf edir ki, dünyanın bir çox ölkələrində Günəş enerjisini elektrik enerjisinə çevirirlər. Lakin onların layihəsinin digərlərindən bir çox üstünlükləri var: “Dünyada istifadə olunan cihazlar tez oksidləşir, rütubətə davamlı deyil, radiasiya verir. Bizim yaratmaq istədiyimiz cihaz isə ucuz başa gəlməklə yanaşı, ekoloji baxımdan da sərfəlidir. Yaponiyada bu sistemdən istifadə edirlər. Dənizin üzərinə plyonka yerləşdirilib şəhəri işıqlandırırlar. Bu layihələrin qiyməti çox bahadır və radiasiya yayır. Düşünürəm ki, alim yeni nəsə kəşf edəndə, insanların daha az zərər çəkməsi barədə fikirləşməlidir. Bu gün alimlər daha ucuz versiya ilə yenilik edirlər, nəticədə də insan sağlamlığına zərər vururlar. Biz də məhz bunu nəzərə almışıq”.

Heydər isə insanlara həm alim, həm də həkim kimi kömək etmək üçün seçimini edib. Bu il Təhsil Nazirliyinin xətti ilə Türkiyənin Hacettepe və Kanadanın Toronto universitetlərinə qəbul olub. İki universitetdən birini seçib həkim olacaq. Dünyanın əsas problemlərinin radiasiya və kütləvi xəstəliklər olduğunu düşünən müsahibim bu sahəni məxsusi seçdiyini deyir. Çünki gələcəkdə insan həyatının xilası üçün daha böyük işlər görmək istəyir.

Tacir alimlər

299 saylı məktəbin 10-cu sinif şagirdləri Elgün Alışovİxtiyar Cəlilov bu gün insanların onlayn alış-verişə olan marağını nəzərə alaraq yerli mağaza yaradıblar. Onların layihəsi bugünki internet-mağazaların vacib bir çatışmazlığını aradan qaldıracaq. Onların “Time market”ində alacağınız məhsulu seçəndən sonra boyun, çiyin və bel ölçüsünü yazmaq və şəkli yükləmək yetərlidir. Bu zaman proqram seçdiyiniz köynəyi sizin əyninizə geyindirir.

“Bütün dünyanın, eləcə də azərbaycanlıların “e-Bay” və “Aliekspress”dən alış-veriş etdiyi vaxtda Azərbaycanda bunu yaratmağa nə ehtiyac var” sualımızın cavabını isə şagirdlər belə izah etdilər: “Bu mağazalarda bizim kimi imkan yaradılmayıb. Çünki həmin mağazalardan məhsul azı bir ay sonra gəlir, bəzən də ölçülər uyğun olmur. Bu, insanlarda gərginlik yaradır, malı geri qaytarmaq isə vaxt aparır. Xaricilərə xeyir verməkdənsə, özümüz qazanacağıq. Gələcəkdə bu proqramı daha da təkmilləşdirmək istəyirik. Bu saytda seçdiyiniz ölçülərdə geyim sizin əyninizə uyğun olmasa, proqram uyğun olan ölçüləri təqdim edəcək”.

Ölümsüz qəzalar

299 saylı məktəbdən Ömər Şükürov deyir ki, sinif yoldaşı ilə birlikdə hazırladığı layihə müharibə şəraitində yaşayan, eləcə də ticarətdə TIR-dan istifadə edənlər üçün sərfəlidir. Kəşflərinin müəyyən qədər fantastik olduğunu düşünsələr də, reallaşacağına da inamları böyükdür: “İllər əvvəl televizor da fantastik görünürdü. Bu gün hamımızın evimizdə var. Bizim hazırladığımız zirehli TIR-a silahlı hücum olanda, aşdığı halda heç bir yardım olmadan əvvəlki vəziyyətinə qayıda bilir və içərisindəkilər də xəsarət almır. Məqsəd həm də sürət həddi aşılan TIR qəzaları zamanı itkiləri də minimuma endirməkdir. Bu zirehli TIR gülləkeçirməz materiallardan hazırlanacaq. Çünki adi TIR aşanda şüşələr və qapısı sınıb dağıla bilər. TIR-ın arxası üstə düşməsi ancaq uçurumdan aşanda mümkündür, qalan hallarda böyrü üstə aşır. Bizim variantda içəriyə yerləşdirilimiş amartizasiya sistemi daxildəkilərin zədə almamasına kömək edir. Yuxarı hissədəki hidravlik press avtomatik işə düşür və maşını əvvəlki vəziyyətinə qaytarır. Onun işə düşməsi üçünsə TIR sükunət vəziyyətində olmalıdır”.

Məlum oldu ki, gənc alimləri “Amerika Trafic Assosiation”nın nəqliyyat vasitələri arasında ən böyük iqtisadi zərbənin TIR qəzaları zamanı olması və 97%-nin aşma ilə nəticələnməsi xəbəri bu layihəni hazırlamağa həvəsləndirib.

Məqsədləri bu cür qəzalarda insan ölümlərini və iqtisadi itkiləri azaltmaqdır. Bu layihəni inkişaf etdirmək, gələcəkdə velosiped qəzalarını minimuma endirmək üçün də yeni bir radar sistemi yaradıblar. Bu yenilik barədə təfərrüatı isə hələlik sirr saxlayırlar.

“Linux ENE” – ilk milli əməliyyat sistemi

291 saylı məktəbin şagirdi Nağızadə Elşən Elnur oğlunun layihəsi indidən həmyaşıdları arasında marağa səbəb olub. Çünki Elşən Azərbaycan üçün yeni innovativ əməliyyat sistemi yaradıb. Onda bu ideya məktəbdə “Windows” sistemində işləyən kompüterin bir neçə dəqiqə donmasından sonra yaranıb. Elşən “Android”, “İOS” və “Windows”u əvəz edə biləcək yeni əməliyyat sistemi yaradıb. Onun hazırladığı əməliyyat sisteminin sadaladıqlarımızdan bir sıra üstünlükləri var: “Bu proqram telefon və kompüterlərin yaddaşında daha az yer tutur. Çünki yüklənmədən bəzən telefonlar partlaya bilir. Bu əməliyyat sistemini format etmək üçün digərlərindan daha az vaxt lazımdır. Bu da böyük ofislərdə format edənlərin vaxtına qənaət etməyə imkan verir. Sistem orta təhsil məktəbləri üçün hazırlandığından, bir sıra fənnlər üzrə materiallar yerləşdirilib. Bu, kimya dərsində reaksiya aparmaq, riyaziyyatda 3D fiqurlar qurmağa imkanı verir”.

Elşən “Linux ENE” adı verdiyi sistemi evində, təhsil aldığı məktəbdə istifadə edir. Gələcəkdə isə bütün məktəblərdə istifadə edilə bilər.

Məktəbli bu layihəsinə görə Almaniyada onlayn formada patent alıb, 10 proqramçıdan 8-i ona “5” qiymət verib.

Deyir ki, bu proqram ən sadə telefonlarda belə istifadə edilə bilər. Dünyada istifadə olunan proqramlar əsasında hazırlandığından, yalnız Azərbaycanda deyil, bütün dünyada tətbiq edilə bilər.

Elşənin hazırladığı əməliyyat sistemində müxtəlif oyunlar da var. Bunu insanların oyuna marağını nəzərə alaraq əlavə edib. Amma maraqlısı budur ki, bu sistemdə yalnız 5 dəqiqə oyun oynamaq olur.

Zibildən pulçıxaranlar...

Bakı Avropa Liseyinin şagirdləri Fidan Kərimova, Fidan CəfərovaGünel Nəbiyeva isə neft tullantılarını ekoloji cəhətdən yeni məhsula çeviriblər. Balaxanıda gölün neft tullantıları ilə çirklənməsini görəndən sonra həmin tullantıları dəyərləndirmək barədə düşünüblər.

Deyirlər ki, Azərbaycanın neft ölkəsi olması və istehsalat zamanı yaranan tullantıların ekologiyaya ziyan verməsi düşüncəsi ilə yola çıxıblar: “Bu gün neft tullantıları ya torpağa basdırılır, ya da suya atılır. Ekologiyanı qorumaq üçün neft tullantılarından ingibitor hazırlamaq qərarına gəldik. Bu ingibitorlar isə korroziya əleyhinədir. Hazırlanan ingibitor neft çıxarılan zaman təzyiq yaradan suyun tərkibinə qatılacaq. Bununla da bakteriyaların qarşısı alınacaq və korroziya baş verməyəcək. Korroziya metalların sıradan çıxmasına səbəb olan başlıca amildir. Xüsusən də neft boruları korroziya nəticəsində dağılır və neft itkisinə səbəb olur.

İngibitor əldə etmək üçün ancaq yerli məhsullardan istifadə edilməsi, maddi baxımdan da xərcləri azaldır. Alınan ingibitorun donma temperaturunun aşağı olması da onu əlverişli edib. Bu səbəbdən, hətta dünya ölkələrinə sata bilərik. Bunun üçün böyük bazar da var”.

Alim qızlar iddia edirlər ki, onların əldə etdikləri ingibitor korroziya ilə yanaşı, duz və parafin çökməsinin qarşısını alır, həm də daha az xərc tələb edir. Dünyada bu ingibitorlar əsasən kimyəvi maddələr hesabına hazırlanır. Bu vaxta qədər neft tullantılarından hazırlamaq heç kimin ağlına gəlməyib. Onların hazırladığı ingibitor isə neft turşuları və qeyri-üzvi turşulardan ibarətdir. Bununla təkcə dəmir deyil, plastik borular və taxtadan olan konstruksiyalarda da aşınmanın qarşısını 98%-ə qədər almaq olur.

Bizi 5 ildən sonra gözləyən problem

Bakı-Türk liseyinin 10-cu sinif şagirdi Telman Hüseynli hər 15 saniyədə bir uşağın su çatışmazlığından öldüyünü, hər 5 nəfərdən birinin çirkli su içdiyini nəzərə alaraq kanalizasiya suyundan texniki su əldə etmək üçün üsul hazırlayıb. Hazırladığı sudan suvarmada istifadə etmək istəyir. Gələcəkdə bu layihəni genişləndirib Amerikaya getmək istəyir.

Telman iddia edir ki, 5 ildən sonra ölkəmizdə layihəsinə böyük ehtiyac yaranacaq. Bu, hazırda su ilə təchizatdan 1,5 dəfə ucuz başa gələn sistem olacaq. Layihəsindən isə daha çox suvarma sahəsində problem olan bölgələrdə istifadə ediləcək.

Layihə üçün çirkli su götürülür, ona karbamid, NaCl və 2H2O əlavə edilir. Çökdürmə nəticəsində su çirkli maddələrdən təmizlənir.

Qonşuların çən davasına son

5-ci mərtəbədə yaşayan qonşularının çəninin daim daşmasının yaratdığı narahatlıq “Təfəkkür” liseyinin şagirdi Nigar Bağırzadəni sinif yoldaşı Mədinə Əhmədzadə ilə birlikdə layihə hazırlamağa təşviq edib.

Qızlar bildirir ki, qonşuların yaşadığı narahatlıqla yanaşı, bu sistem həm də su itkisinin qarşısını almış olacaq: “Çənin içərisinə yerləşdirilən borunun bir ucu da kənarda yerləşdirilmiş qabın içərisinə qoyulub. Çənin daşmasına az qalmış borudan gələn su kənardakı qaba tökülür. Əvvəldən qaba yerləşdirilmiş elektrik naqilləri vasitəsilə mənzildəki aparatda siqnalizasiya işə düşür”.

Nigar çən daşmasının qarşısını alan sistemlərin olduğunu, lakin onların sisteminin daha effektli olduğunu deyir. Belə ki, digər vasitələr su çəninin ağzına qoyulur, suyun daşmasının qarşısını alsa da, qısa zamanda sıradan çıxır.

1 milyard insanın probleminin həlli yolu

Xəzər Universitetinin Dünya Məktəbinin 9-cu sinif şagirdləri Nihat AslanzadəBəhram Cəfərov evlərin, ofislərin işıqlandırılması üçün alternativ enerjidən istifadə üsulunu hazırlayıblar.

Onların təsvirinə görə, binanın damına yerləşdirdikləri panellər Günəşdən enerji alır. Bunun üçün “led driver” deyilən xüsusi qurğulardan istifadə edilir. “Led driver” qısaqapanmaların da qarşısını alır: “Dünyada bu üsul geniş yayılıb. Lakin onların panellərində kadmium-tellurdan istifadə edilir. Bizim panellərin fərqi isə silisium fotoelementindən hazırlanmasındadır. Onların faydalılıq əmsalı 11%-ə yaxındırsa, silisiumda bu əmsal 20%-ə yaxındır. Bu sistemi qurarkən adi lampalardan istifadə etməmişik, çünki onların ömrü azdır. Biz ledlərdən istifadə edirik, onlar 50 min saat durmadan işləyə bilir”.

Gənc alimlər deyir ki, araşdırmalarına görə, bu gün dünyada 1 milyard insanın evində işıq yoxdur. Onların hazırladığı üsulla bu problemdən qurtulmaq mümkündür. Xüsusən də səhralarda bu qurğudan istifadə etmək olar.

Duzlu sudan şirin su...

Şəki şəhərindəki 5 saylı məktəbin 10-cu sinif şagirdləri Səbinə RzayevaYusif İbrahimov dünyada su ehtiyatının çox az bir hissəsinin istifadə edilməsini nəzərə alaraq dəniz suyunu şirin suya çevirməyin yolunu tapıblar.

Bir çox ölkələrdə, həmçinin, Azərbaycanda da dəniz suyundan şirin su alındığını bilirlər. Ancaq üsullarının bir sıra üstünlüklərinin olduğunu iddia edirlər: “Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da dəniz suyunu təmizləyərkən süzmə üsulundan istifadə edirlər. Bu üsul isə daha çox maliyyə tələb edir. Biz isə optik üsuldan istifadə edirik, elektrik yox, Günəş enerjisindən bəhrələnirik. Pompa vasitəsilə dəniz suyu çəkilir, distillə qurğusunda Günəş enerjisi ilə buxara çevrilir. Daha sonra kondensasiya qurğusuna yönləndirilir. Bu qurğuda duzlu su şirin suya çevrilir. Suyu bakteriyalardan tam təmizləmək üçünsə xlor tabletlərindən istifadə edilir. Suya minerallar qatılaraq içməli suya çevrilir”.

Bu gün bir-birindən fərqli layihələr irəli sürənlərin alim olub-olmayacağını zaman göstərəcək. Amma niyə də olmasınlar. Bizim gənclərin başlarına alma düşdüyü üçün cazibə qanununu kəşf edənlərdən nəyi əksikdir?!.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm