Kəmaləddin Heydərov sahibkarlarla görüşdü
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov sahibkarlarla görüşdü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərdən növbətisi fevralın 16-da Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində ölkəmizin inşaat sektorunda çalışan sahibkarlarla baş tutdu.

Publika.az-a verilən məlumata görə, iki hissədən ibarət olan görüşdə, əvvəlcə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbərliyi və mütəxəssislərinin iştirakı ilə tikinti qanunvericiliyinin, o cümlədən Şəhərsalma və Tikinti Məcəlləsinin ayrı-ayrı müddəalarının, tikinti sahəsində yeniliklərlə bağlı məlumatların, habelə tikintiyə icazə prosedurunun slaydlarla geniş izahatı verilmişdir. Bundan başqa, tikintiyə icazə ilə bağlı “bir pəncərə” prinsipinə uyğun olaraq təqdim edilmiş layihə sənədlərinin ekspertizası prosesində sahibkarların onlayn iştirakına həsr olunmuş videoçarx nümayiş olundu. Qarşılıqlı diskusiya şəraitində sahibkarları maraqlandıran suallar öz cavabını tapdı, tikintiyə dair qanunvericilik toplusu onlara təqdim olundu.

Tədbirin davamı olaraq çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov sahibkarlarla görüşdə məqsədin tikinti sahəsində fəallığın artırılması istiqamətində mövcud olan problemlərin və onların həlli yollarının müzakirəsi olduğunu bildirmişdir. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, bilavasitə təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan çoxşaxəli islahatlar sayəsində iqtisadiyyatımızın sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. O, iqtisadi və sosial məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası ilə əlaqədar mühüm işlərə start verildiyini diqqətə çatdırmışdır. Xüsusilə, yanvar 18-də ölkə başçısının sədrliyi ilə keçirilmiş respublikamızda iqtisadi və sosial məsələlərin həllinə həsr olunmuş geniş müşavirədən danışan nazir ölkə başçısının tikinti sektorunda fəallığın artırılması ilə bağlı verdiyi tapşırıqların icrasının bütövlükdə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Respublikamızda son illərdə iqtisadiyyatın bütün digər sahələrində olduğu kimi tikinti sektorunda da çox sürətli, geniş və çoxşaxəli inkişafın göz qabağında olduğunu deyən nazir Kəmaləddin Heydərov təkcə paytaxtımızda deyil, respublikamızın digər şəhər və rayonlarında yaşayış və sosial obyektlərin tikintisinin geniş vüsət aldığını xatırlatmışdır. Çoxlu sayda yaşayış evləri, uşaq bağçaları, körpələr evi, məktəb binaları tikilmiş və inşa olunmaqdadır. Rayon və qəsəbələri birləşdirən, beynəlxalq əhəmiyyətli yollar salınır, körpülər, tunellər, parklar inşa edilir, abadlıq işləri görülür. Bütün bu işlər isə bilavasitə inşaatçıların və əsasən, yerli şirkətlərin fəal iştirakı ilə həyata keçirilir.

Bu kontekstdə, nazir qeyd etmişdir ki, Bakının doqquz mikrorayonundakı köhnə, istismar müddəti bitmiş binaların sökülərək yerində yenilərinin tikilməsi ilə bağlı konsepsiya hazırlanmışdır. Konsepsiyaya əsasən, bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur. Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə və gəlir götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcəkdir.

Həmçinin, son illər ölkəmizdə yerli inşaat materiallarının istehsalının genişləndiyini, bu sahədə çoxsaylı yerli müəssisələrin fəaliyyətə başladığı qeyd edilmişdir. Lakin mövcud potensialdan tam istifadə edilmədiyini bildirən nazir sahibkarları bu sahəyə diqqət yönəltməyə çağırmışdır.

Tikinti işlərini yüksək səviyyədə təşkil etmək üçün müvafiq normativ-hüquqi bazanın mövcudluğunu xatırladan nazir Kəmaləddin Heydərov 1 aprel 2015-ci ildə qüvvəyə minmiş “Tikintinin təşkili” normativ sənədində tikintinin təşkilinin bütün istiqamətlərinin öz əksini dolğun şəkildə tapdığını və inşaatçılardan yalnız buradakı müddəalara riayət edilməsinin tələb olunduğunu diqqətə çatdırmışdır.

Nazir gələcəkdə iş adamlarının problemlərinin müzakirə olunaraq aradan qaldırılması üçün tikinti şirkətlərinin də nümayəndələrinin iştirakı ilə ictimai şuranın yaradılmasını təklif etmişdir.

Sonda sahibkarları tikinti sahəsindəki fəaliyyətlərini daha geniş, daha məzmunlu qurmağa, müasir, sürətlə inkişaf edən tələblərə uyğunlaşdırmaq üçün tədbirlər görməyə, təkliflərlə çıxış etməyə çağırmış və bu sahədə Fövqəladə Hallar Nazirliyinin öz səlahiyyətləri çərçivəsində yardımçı olacağını bildirmişdir.

Görüşdə sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, suallar ətraflı cavablandırılmış, təkliflər dinlənilmişdir. Sahibkarlar tərəfindən səsləndirilmiş təkliflərin qiymətləndirilməsi və nəzərə alınması barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbərliyinə müvafiq tapşırıqlar verilmiş, tədbirdə iştirak edən digər dövlət qurumlarının nümayəndələrinə isə onların həllinin tapması üçün tövsiyələr vermişdir. Sahibkarlar sərbəst fəaliyyət göstərmələri üçün ölkədə yaradılmış münbit şəraitə görə ölkə başçısına təşəkkür etmişlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm