“Texnikabank” işində 81 nəfərin hüququ növbəti dəfə pozulur
Bizi izləyin

Qırmızı.az

“Texnikabank” işində 81 nəfərin hüququ növbəti dəfə pozulur

Ötən həftə Ali Məhkəmədə “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı bir müddət əvvəl Xəzər Rayon Məhkəməsinə müraciət edib. Onun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinə Xəzər Rayon Məhkəməsində baxılıb və ərizə təmin edilməyib.

Qərardan narazı qalan İslam Yusifov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 5 ilini çəkdiyini, qalan hissəni isə məntəqə tipli cəza müəssisəsində çəkməsi barədə qərar qəbul olunmasını istəyib.

İslam Yusifovun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib. Ötən il martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti təmin edilib və Xəzər Rayon Məhkəməsinin qərarı ləğv olunub. İslam Yusifovun azadlığa buraxılması ilə bağlı qərar verilib və o, dərhal azadlığa buraxılıb.

Bu qərardan narazı qalan prokurorluq İslam Yusifovun həbsi üçün Ali Məhkəməyə kasasiya protesti verib. Protesti araşdıran hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun qəbul etdiyi qərarı ləğv edib. İslam Yusifovun apelyasiya şikayətinə yenidən baxılması üçün cinayət işi üzrə materialı apelyasiya instansiyasına qaytarıb.

Bu dəfə İslam Yusifovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakimlər İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini rədd ediblər və o, yenidən həbsxanaya göndərilib.

Bundan sonra İslam Yusifovun müdafiəçisi Ali Məhkəməyə kasasiya şikayəti verib. Şikayətə ötən həftə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsini təmin edib və İslam Yusifov yenidən məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank” Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, onun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyası islam Yusifovu atası ilə əlbir olmaqda ittiham edib.

Bu cinayət işi üzrə 81 nəfər zərərçəkmiş şəxs və milyonlarla manat dəyərində mənimsəmə olsa da, dələduz məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Halbuki belə cinayət işlərində zərərçəkmişlərin razılığı olmadan dələduzun azadlığa buraxılmasına qanun yol vermir.

Çünki dələduz cəza alır, həbsxanaya düşür, bir neçə il məhbəs həyatı yaşayandan sonra azadlığa çıxmaq istəyir. Dəymiş ziyan isə (indiki halda söhbət milyonlarla manat puldan söhbət gedir) nə dələduz, nə də onun ailə üzvləri tərəfindən ödənilmir. Bu halda məhkəmə zərərçəkmişlərin mənafeyini nəzərə almalı, dələduzun qarşısında şərt qoymalıdır ki, ziyan ödəsin, sonra müvafiq qanuni prosedura uyğun olaraq azadlığa buraxıla bilər.

Amma İslam Yusifovun işində bu qaydalar nəzərə alınmayıb. Beləliklə, çoxsaylı zərərçəkmişlərin hüquqları pozulub.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv, 15 saylı hüquq məsləhətxanasının müdiri, Beynəlxalq Kommersiya Arbitrajı Məhkəməsinin hakimi Vüqar Xasayev bildirib ki, məhkəmə dələduzluq cinayəti törədən şəxsin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsinə baxarkən ilk növbədə onun şəxsiyyəti məsələsini araşdırır. Dəymiş ziyanın ödənilib-ödənilmədiyi də həmin araşdırmanın predmetidir: “Məhkum dələduzluq edib, zərərçəkmişin mənafeyinə ağır zərər vurubsa, təbii ki, həmin cinayəti törədən şəxsin azadlığa buraxılması yolverilməzdir”.

81 nəfərə ziyan vurmuş şəxslərdən biri olan İslam Yusifovun həbsdən buraxılmasına gəldikdə, Vüqar Xasayev qeyd edib ki, məhkəmə bu məsələdə aşırı humanistlik edib: “Mən məhkəmənin konkret bu qərarını bütün təfərrüatı ilə şərh edə bilmərəm. Ancaq fakt odur ki, İslam Yusifovun atası həbsxanadadır. İndi azadlığa buraxılan oğlu zəhmət çəksin, zərərçəkmişlərə dəymiş ziyanı ödəsin. Bunun hüquqi baxımdan bir yolu da var. Ata oğluna etibarnamə verməlidir. Azadlıqda olan oğlu da həmin etibarnamə ilə bütün mülkləri satıb, zərərçəkmişlərə dəymiş ziyanı ödəməlidir”.

Zal Yusifovun yaşlı atası Zakir Yusifov zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə illərdir mane olması, indi də nəvəsinin azadlığa çıxması nəticəsində baba-nəvənin köməkləşməsi məsələsinə gəlincə, hüquqşünas hesab edir ki, proses əksinə getməlidir. Onlar zərərçəkmişlərə dəymiş ziyanın ödənməsinə çalışmalıdırlar.

Zakir Yusifovun dəymiş ziyanın ödənməsinə mane olmasını Vüqar Xasayev belə şərh edib: “Mən inanmıram ki, o, var-dövlətə görə oğlunun həbsxanada yatmasına razı olsun. Bunu təsəvvür edə bilmirəm. Damarında insan qanı olan çalışmalıdır ki, kiməsə vurduğu ziyanı ödəsin. Bu onun oğlunun həbsxanadan çıxmasına da kömək olar”.

İslam Yusifovun Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıldığını xatırladan hüquqşünas qeyd edib ki, bu zaman zərərçəkmişlərin hüquqları pozulub.

Vəkilin sözlərinə görə, Ali Məhkəmənin qərarından zərərçəkmiş və yaxud dövlət ittihamçısı şikayət və protest verə bilməz. Beləliklə, 81 nəfərin milyonlarla pulunun dələduzluq yolu ilə ələ keçirilməsində atasına köməklik eləmiş İslam Yusifov cəzasının qalan hissəsini azadlıqda çəkməli olacaq: “Ali Məhkəmənin qərarı ilə həmin şəxs başqa cinayət törətmədiyi halda azadlıqda qalacaq. Belə işlərdə zərərçəkmişlərin Ali Məhkəmənin Plenumuna şikayət etmək hüququ yoxdur. Həmçinin dövlət ittihamçısı da plenuma şikayət verə bilməz. Belə hallarda yalnız plenuma məhkum olunan şəxsin şikayət vermək hüququ var”.

Vəkil hesab edir ki, bütün hallarda zərərçəkmişlərə dəymiş ziyan ödənməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm