Hollandiyanın azərbaycanlı qəhrəmanı: “Medo” ləqəbli Məmməd – TARİX/FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Hollandiyanın azərbaycanlı qəhrəmanı: “Medo” ləqəbli Məmməd – TARİX/FOTOLAR

Hollandiyanın Osterveyk şəhərindəki park məşhur azərbaycanlı partizan, İkinci Dünya müharibəsi iştirakçısı, Niderland Kral ailəsinin şərəf qonağı olmuş, "Oranje Nastau" ordeninə, medallara layiq görülmüş Məmməd Məmmədovun adını daşıyır.

Publika.az xəbər verir ki, azərbaycanlı döyüşçünün adının əbədiləşdirildiyi bu məkan bir çox hollandın əyləncə-istirahət mərkəzinə çevrilib.

Bütün bunlar isə onun bu ölkənin azadlığı uğrundakı misilsiz xidmətləri ilə əlaqədardır. 1923-cü ildə Zaqatalada anadan olmuş Məmməd Məmmədov faşist Almaniyasının 1941-ci ilin iyununda SSRİ-yə hücumundan sonra cəbhəyə yollanıb. İki il ərzində bir sıra ağır döyüşlərdə iştirak etmiş soydaşımız Don ətrafındakı hərbi əməliyyatlarda ağır yaralanaraq 1943-cü ildə əsir düşüb. Faşistlər onu Hollandiyaya, Osterveyk şəhərindəki əsir düşərgəsinə göndəriblər.

İşğalçılara qarşı mübarizəni davam etdirmək qərarına gələn Məmməd əsir düşərgəsindən qaçmağın yollarını arayıb. Tezliklə buradan qaçan döyüşçü holland partizanlarına qoşularaq faşist bölmələrinə ağır zərbələr endirib.

Holland partizanlarının, sonradan isə bu xalqın sevimlisinə çevrilmiş azərbaycanlı qəhrəmana həmin vaxtdan bu ölkənin fəxri vətəndaşı adı verilib. O, döyüşlərdə göstərdiyi şəxsi şücaətlərə görə "Medo" ləqəbini alıb. Niderland Kral ailəsinin şərəf qonağı olmuş Məmməd Məmmədov "Oranje Nastau" ordeninə, müxtəlif medallara layiq görülüb.

1945-ci ilin mayında Avropada İkinci Dünya Müharibəsi başa çatsa da, bütün sovet döyüşçüləri kimi azərbaycanlı veteranların da ağır sınaqları başlayıb. SSRİ diktatoru İosif Stalinin göstərişinə əsasən, müharibə vaxtı almanlara əsir düşmüş sovet döyüşçülərini Vətəndə həbs, sürgün və digər ağır cəzalar, hətta güllələnmə gözləyirdi.

Vətəndə onu təzyiq və təqiblərin gözlədiyini çox yaxşı başa düşən Məmməd Məmmədov faşizmdən azad edilməsində şücaət göstərdiyi ölkədə qalmağa məcbur olub. O, Hollandiyanın Osterveyk şəhərində məskunlaşmağı qərara alıb. Yeri gəlmişkən, Məmməd bu şəhərin ilk fəxri vətəndaşı olub. Keçmiş döyüşçü əsirlikdə olduğu zaman sevdiyi holland qızı Mariya Sebreqtlə ailə qurub. Bu nikahdan onların bir övladı dünyaya gəlib.

Məmməd Məmmədov müharibədən sonra uğrunda döyüşdüyü Hollandiyada aparılan bərpa-quruculuq işlərində də yaxından iştirak edib. Daha sonra ayaqqabı fabrikində, kənd təsərrüfatında, polis bölməsində, hətta bir müddət Nevelo şəhərinin uşaq futbol klubunun məşqçisi kimi çalışıb.

2003-cü ildə 80 yaşında dünyasını dəyişmiş Məmməd Məmmədovun - “Medo”nun məzarı Hollandiyanın Osterveyk şəhərindəki qəbiristanlıqdadır. Əfsanəvi döyüşçünün şərəfinə adlandırılan park isə həmin şəhərdə onun şərəfinə salınıb, habelə onun xatirəsinə abidə ucaldılıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm