• USD 1,7000 0,00% EUR 1,8828 +0,13%
    • GBP 2,2019 +0,23% RUB 0,0266 -0,38%

Baş redaktor təkzib etdi: “Həftə içi” yoluna davam edir - BƏYANAT

Baş redaktor təkzib etdi: “Həftə içi” yoluna davam edir - BƏYANAT

“Bu gün bəzi saytlarda “Həftə içi” qəzeti və qəzetin veb-səhifəsi olan www.hafta.az saytı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Qəzetin və saytın fəaliyyətini dayandıracağı, əməkdaşlarının kütləvi şəkildə ixtisar olunduğu ilə bağlı iddialar irəli sürülüb”.

Publika.az-ın məlumatına görə, bu barədə “Həftə içi” qəzetinin təsisçisi və baş redaktoru Sevinc Seyidovanın bəyanatında bildirilir.

Bəyanatda daha sonra qeyd edilir:

“Rəhbərlik olaraq bildiririk ki, hazırda “Həftə içi” qəzeti və www.hafta.az saytı gündəlik fəaliyyətini normal rejimdə davam etdirir. www.hafta.az müstəqil informasiya saytı yox, məhz “Həftə içi” qəzetinin veb-səhifəsi olduğu üçün bu iddiaların tamamilə yalan olduğunu bildiririk. Sadəcə çap xərclərinin artması ilə bağlı mətbuat orqanının səhifələri müvəqqəti olaraq azaldılıb. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu vasitəyə tək “Həftə içi” qəzeti yox, ölkənin bir sıra tanınmış gündəlik mətbuat orqanları da əl atıblar.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da manatın devalvasiyasından sonra Milli Məclisdə mətbuatın üzləşdiyi problemlərdən söz açıb. O da bildirib ki, ölkəyə gətirilən qəzet kağızına, hazır çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğv edilməsi labüddür. Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Hətta bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə də müraciət ünvanlanıb. Bir daha vurğulamaq istərdik ki, bu problem tək “Həftə içi” qəzetinin yox, ölkədə fəaliyyət göstərən bütün çap mediasının ümumi problemidir.

Əməkdaşlarımızın ixtisar olunması ilə bağlı iddialara gəldikdə isə, bu məsələ də dəqiqləşdirilməmiş informasiyalara əsaslanır. Adları çəkilən əməkdaşlarımızından Vüsal Tağıbəyli, Sevinc Osmanova, Qələndər Xaçınçaylı bu gün də redaksiyadadırlar və öz fəaliyyətlərini davam etdirirlər. Digər əməkdaşımız Tural Turan isə səhhətində yaranmış problemlərlə bağlı bir aylıq müalicə üçün icazə alıb. Yalnız bir-iki əməkdaşımızın fəaliyyətinə son qoyulub ki, bu da qəzetin və saytın normal rejimdə fəaliyyət göstərməsinə heç bir təsir göstərməyib.

Adımızın bu cür hallanması 18 ilə yaxın bir dövrdə Azərbaycan mətbuatının inkişafında, dövlət maraqlarının müdafiəsində KİV orqanı olaraq üzərinə düşən rolu layiqincə yerinə yetirən “Həftə içi” qəzetinin imicinə ciddi zərbə vurur. Bir daha bu iddiaları qətiyyətlə rədd edirik”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR