Almaniya universitetində Qarabağla bağlı seminar – FOTO
Bizi izləyin

Qırmızı.az

Almaniya universitetində Qarabağla bağlı seminar – FOTO

Qafqaz Universitetinin Sosial və Humanitar Elmlər İnstitutunun (QUSHEİ) Qarabağ Tədqiqatları Mərkəzinin elmi işçisi, Almaniyanın Leipzig Universitetinin doktorantura tələbəsi və QUSHEİ-in Almaniya şöbəsinin təmsilçisi Şamxal Əbilov Almaniyanın Humboldt Universitetinin Tarix fakültəsində “İran və Türkiyənin Qarabağ münaqişəsinin həllində rolu” adlı seminar verib.

Bu barədə Publika.az-a Qafqaz Universitetinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, seminarda Humboldt Universiteti Tarix fakültəsinin Azərbaycan Tarixi kafedrasının akademik heyəti, doktorantura və magistratura tələbələri iştirak ediblər.

Seminar Humboldt Universiteti Tarix fakültəsinin Azərbaycan Tarixi kafedrasının müdiri Eva-Maria Auchun giriş nitqi ilə başlayıb. O, Azərbaycan üçün faciəvi nəticələri olan Qarabağ münaqişəsinin hələ də həlli istiqamətində heç bir irəliləyişin olmadığına görə təəssüf hissi keçirdiyini bildirib.

Daha sonra regional və qlobal güclərin və regional təşkilatların Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlardan söz açılıb.

Tədqiqatçı Şamxal Əbilov münaqişənin 1990-cı illərin başlarında tarix boyunca Cənubi Qafqazda geosiyasi maraqları olan İran və Türkiyənin regiondakı siyası və iqtisadi maraqları üçün törətdiyi əngəllərdən danışıb.

İran və Türkiyənin münaqişənin həlli istiqamətlərində 1992 və 1993-cü illərdəki fəaliyyətlərinə toxunan tədqiqatçı hər iki ölkənin sülh yaratma prosesində niyə müvəffəq ola bilməmələrinin səbəblərini açıqlayıb. Onun sözlərinə görə, İran və Türkiyənin sülh yaratma prosesində müvəffəq ola bilməmələrinin əsas səbəbləri onların münaqişə tərəfləri üzərində siyası təzyiq gücünün olmaması və ən əsası Cənubi Qafqazı öz siyası təsir dairəsi hesab edən və İran və Türkiyənin regionda möhkəmlənməsinin istəməyən Rusiyanın Ermənistan üzərində böyük siyası təzyiqə malik olmasıdır.

Çıxışının sonunda Şamxal Əbilov daha sonrakı mərhələlərdə Azərbaycanla etnik və dini bağları olan Türkiyənin Azərbaycanı dəstəklədiyi halda Azərbaycanla dini bağları olan İranın niyə Ermənistanı dəstəklədiyinə toxunaraq, bu, addımların hər iki ölkənin regiondakı siyası və milli maraqları istiqamətində atılmış addımlar olduğunu vurğulayıb.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan çıxış iştirakçıların rəy və suallarından ibarət müzakirələrlə sona çatıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm