Deputatlardan dələduz bankirin oğlunun azad edilməsinə REAKSİYA
Bizi izləyin

Qırmızı.az

Deputatlardan dələduz bankirin oğlunun azad edilməsinə REAKSİYA

81 müştərinin banka qoyduğu 38 milyon manat pulu mənimsəmiş “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun azadlığa buraxılması qanun pozuntusudur.

Bu barədə Teleqraf.com-a danışan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, İslam Yusifovun həbsdən çıxarılmasının motivləri hüquqi müstəvidə araşdırılmalı, həqiqət ortaya çıxarılmalı və məsələ obyektiv qiymətini tapmalıdır: “Əgər məhkəmə qərarında İslam Yusifovun azadlığa buraxılandan sonra zərərçəkənlərin borclarını geri qaytaracağı barədə məqam əks olunmayıbsa, o zaman bu, ciddi hüquq pozuntusudur və ən yüksək məhkəmə instansiyalarında, o cümlədən Ali Məhkəmə və Respublika Baş Prokurorluğu səviyyəsində xüsusi hüquqi araşdırma tələb edir”.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Elman Məmmədov isə dələduz bankirin oğlunun azadlığa buraxılması ilə bağlı məhkəmə qərarını belə şərh edib: “İstər “Texnikabank”, istər digər banklar və ya ev tikən şirkətlər olsun, vətəndaşı aldadıb, pulunu və əmlakını mənimsəyən hər kim olur olsun, o, birmənalı olaraq cinayətkardır. Onun əməli isə cinayətdir. Bunun başqa adı yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də buna uyğun olaraq müvafiq maddələr var. Hətta burada şikayətçi sonradan cinayət törətmiş şəxsi bağışlayarsa belə, bu, onun məsuliyyətdən yayınmasına əsas vermir. Son vaxtlar biz mətbuatda tez-tez rastlaşırıq ki, hər hansı tikinti şirkəti vətəndaşları aldadaraq, bir mənzili bir neçə adama satıb və pulunu mənimsəyərək, ortadan qaçıb. Bu cür dələduzluq əməlləri var və buna qarşı sərt tədbirlər görülməlidir. Qanunda bütün bunlar cinayətdir. Bunun başqa adı yoxdur. Ona görə də bu cür əməllər törədənlərə güzəşt olunmamalıdır və onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunub cəzalarını çəkməlidirlər. Bəzən, bu cür dələduzlar hansısa formada cəzadan yayınmağa müvəffəq ola bilirlər. Ancaq biz onları azadlığa buraxan məhkəmə orqanlarına haqq qazandırmamalıyıq ki, məhkəmə bunu düz edib. Əgər “Texnikabank” ASC-nin Bakı filialının mənimsədiyi 81 vətəndaşın pulu hələ də geri qaytarılmayıbsa, onlara dəyən zərər ödənilməyibsə, o zaman zərər çəkən bu insanlar dələduzları azadlığa buraxanlardan da şikayət etməli və qanunla öz haqlarını tələb etməlidirlər. Çünki dələduzun insanlara vurduğu zərər ödənilmədən, onun cəzadan yayınmasına qanun da imkan vermir. Bəs o zaman bu dələduz hansı səbəbə azadlığa buraxılıb? Qanun hamı üçün eynidir. Kimin hansı vəzifədə işləməsindən asılı olmayaraq, qanunu pozan hər kəs cəzalandırılmalıdır. Qanunda vəzifə və tutduğu mövqeyə görə kiməsə güzəşt yoxdur. “Texnikabank” ASC-nin Bakı filialında 81 vətəndaş dələduzluq yolu ilə aldadılıb. Bunlar hüquqları pozulan insanlardır. Bu insanlar, onlara dəyən zərərin ödənilməsi üçün öz tələblərindən əl çəkməməlidirlər, qanunun tələbləri ilə sonadək getməlidirlər. Bunu birmənalı olaraq açıq söyləyirəm ki, hətta həmin vətəndaşların pulları qaytarılıb onlara verilsə belə, burada cinayət əməli olduğu üçün dələduzluq etmiş şəxslər yenə də cəzalarını çəkməlidir. Çünki onlar artıq bu cinayət əməlini törədiblər. Dələduzlar cəzalandırılmazsa, o zaman belə çıxar ki, mən kimisə aldadıb, dələduzluq yolu ilə onun əmlakını ələ keçirə bilərəm və bu əməlimin üstü açılandan sonra həmin pulları və əmlakı geri qaytarıb cəzasız qalaram. Azərbaycan qanunları bunu demir. Qanun deyir ki, sən bu cinayəti artıq törətmisənsə, o zaman bu əməlinə görə mütləq cəzalandırılmalısan. Yəni, mənimsədiyin pul və ya əmlakı sonradan geri qaytarıb-qaytarmandan asılı olmayaraq”.

Qeyd edək ki, bir müddət əvvəl İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət edib. Onun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinə Xəzər Rayon Məhkəməsində baxılıb və ərizə təmin edilməyib.


Qərardan narazı qalan İslam Yusifov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 5 ilini çəkdiyini, qalan hissəni isə məntəqə tipli cəza müəssisəsində çəkməsi barədə qərar qəbul olunmasını istəyib.

İslam Yusifovun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib. Ötən il martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti təmin edilib və Xəzər Rayon Məhkəməsinin qərarı ləğv olunub. İslam Yusifovun azadlığa buraxılması ilə bağlı qərar verilib və o, dərhal azadlığa buraxılıb.

Bu qərardan narazı qalan prokurorluq İslam Yusifovun həbsi üçün Ali Məhkəməyə kasasiya protesti verib. Protesti araşdıran hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun qəbul etdiyi qərarı ləğv edib. İslam Yusifovun apelyasiya şikayətinə yenidən baxılması üçün cinayət işi üzrə materialı apelyasiya instansiyasına qaytarıb.

Bu dəfə İslam Yusifovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakimlər İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini rədd ediblər və o, yenidən həbsxanaya göndərilib.

Bundan sonra İslam Yusifovun müdafiəçisi Ali Məhkəməyə kasasiya şikayəti verib. Şikayətə ötən həftə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsini təmin edib və İslam Yusifov yenidən məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank” Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, onun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyası islam Yusifovu atası ilə əlbir olmaqda ittiham edib.

Bu cinayət işi üzrə 81 nəfər zərərçəkmiş şəxs və milyonlarla manat dəyərində mənimsəmə olsa da, dələduz məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Halbuki belə cinayət işlərində zərərçəkmişlərin razılığı olmadan dələduzun azadlığa buraxılmasına qanun yol vermir.

Çünki dələduz cəza alır, həbsxanaya düşür, bir neçə il məhbəs həyatı yaşayandan sonra azadlığa çıxmaq istəyir. Dəymiş ziyan isə (indiki halda söhbət milyonlarla manat puldan söhbət gedir) nə dələduz, nə də onun ailə üzvləri tərəfindən ödənilmir. Bu halda məhkəmə zərərçəkmişlərin mənafeyini nəzərə almalı, dələduzun qarşısında şərt qoymalıdır ki, ziyan ödəsin, sonra müvafiq qanuni prosedura uyğun olaraq azadlığa buraxıla bilər.

Amma İslam Yusifovun işində bu qaydalar nəzərə alınmayıb. Beləliklə, çoxsaylı zərərçəkmişlərin hüquqları pozulub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm