• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Atası ilə əlbir olub 81 nəfərin pulunu mənimsəyən şəxs azadlıqda gəzir

Atası ilə əlbir olub 81 nəfərin pulunu mənimsəyən şəxs azadlıqda gəzir

Xəbər verdiyimiz kimi, ötən həftə Ali Məhkəmədə “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun kasasiya şikayətinə baxılıb.

Qeyd edək ki, İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı bir müddət əvvəl Xəzər Rayon Məhkəməsinə müraciət edib. Onun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinə Xəzər Rayon Məhkəməsində baxılıb və ərizə təmin edilməyib.


Teleqraf.com xəbər verir ki, qərardan narazı qalan İslam Yusifov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 5 ilini çəkdiyini, qalan hissəni isə məntəqə tipli cəza müəssisəsində çəkməsi barədə qərar qəbul olunmasını istəyib.


İslam Yusifovun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib. Ötən il martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti təmin edilib və Xəzər Rayon Məhkəməsinin qərarı ləğv olunub. İslam Yusifovun azadlığa buraxılması ilə bağlı qərar verilib, o, dərhal azadlığa buraxılıb.

Bu qərardan narazı qalan prokurorluq İslam Yusifovun həbsi üçün Ali Məhkəməyə kassasiya protesti verib. Protesti araşdıran hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun qəbul etdiyi qərarı ləğv ediblər. İslam Yusifovun apelyasiya şikayətinə yenidən baxılması üçün cinayət işi üzrə materialı apelyasiya instansiyasına qaytarıb.

Bu dəfə İslam Yusifovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakimlər İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini rədd ediblər və o, yenidən həbsxanaya göndərilib. Bundan sonra İslam Yusifovun müdafiəçisi Ali Məhkəməyə kassasiya şikayəti verib. Şikayətə ötən həftə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsini təmin edib və İslam Yusifov yenidən məhkəmə zalından azadlığa çıxıb.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, onun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyası İslam Yusifovu atası ilə əlbir olmaqda ittiham edib. Bu cinayət işi üzrə 81 nəfər zərərçəkmiş şəxs və milyonlarla manat dəyərində mənimsəmə olsa da, məhkəmənin qərarı ilə dələduz azadlığa buraxılıb. Halbuki belə cinayət işlərində zərərçəkmişlərin razılığı olmadan dələduzun azadlığa buraxılmasına qanun yol vermir.

Çünki dələduz cəza alır, həbsxanaya düşür, bir neçə il məhbəs həyatı yaşayandan sonra azadlığa çıxmaq istəyir. Dəymiş ziyan isə (indiki halda milyonlarla manat puldan söhbət gedir) nə dələduz, nə də onun ailə üzvləri tərəfindən ödənilmir. Bu halda məhkəmə zərərçəkmişlərin mənafeyini nəzərə almalı, dələduzun qarşısında şərt qoymalıdır ki, ziyanı ödəsin, sonra müvafiq qanuni prosedura uyğun olaraq azadlığa buraxıla bilər. Amma İslam Yusifovun işində bu qaydalar nəzərə alınmayıb. Beləliklə, çoxsaylı zərərçəkmişlərin hüquqları pozulub.

Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunub ki, Zal Yusifovun vətəndaşlardan dələduzluq yolu ilə pul almasında oğlu da iştirakçı olub. Ancaq bu iş üzrə zərərçəkmişlərə dəyən ziyan hələ də ödənilməyib.

Baş prokuror Zakir Qaralovun göstərişi var ki, dələduzluq işlərində zərərçəkmişlərə dəyən ziyan ödənilmədiyi halda təqsirləndirilən şəxs və ya məhkum vaxtından əvvəl azadlığa buraxıla bilməz.

Həmçinin Baş prokurorun qərarında qeyd edilib ki, dələduzluq cinayətlərində təqsirli bilinənlərin amnistiyaya və əfv fərmanına düşməsi də mümkünsüzdür. Ali Məhkəmənin sədri Ramiz Rzayev isə müsahibələrində, həmçinin məhkəmədə keçirilən kollegiya iclaslarında bildirib ki, dələduzluq işlərində məhkum olunan şəxslərin şərti cəza ilə və ya vaxtından əvvəl azadlığa buraxılmasına qanun yol vermir.

Bu baxımdan 81 zərərçəkmişin 38 milyon manatlıq ziyanı ödənilmədiyi halda İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması tam qanunsuz və ədalətsiz sayıla bilər. Təəssüf ki, artıq məhkəmə qərarını qəbul edib.

Tanımış hüquqşünas Müzəffər Baxış hesab edir ki, 81 nəfərin ümumilikdə 38 milyon manata yaxın pulunu mənimsənilməsində iştirak edən İslam Yusifovun məhkəmə qərarı ilə azadlığa buraxılması düzgün deyil: “Məhkəmə onun şəxsiyyətini nəzərə almalı və azadlığa buraxmamalı idi. Ancaq bunun əksi baş verib, məhkəmə İslam Yusifovun şərti olaraq vaxtından əvvəl azadlığa buraxıb. Əslində isə iş araşdırılan zaman onun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsi nəzərə alınmalı deyildi. Bu zaman məhkəmə cinayət işi üzrə zərərçəkmişlərə dəymiş ziyanının ödənilməsi məsələsinə diqqət yetirməliydi. Bu baxımdan məhkəmənin qanunsuz qərar qəbul etdiyi fikrini irəli sürmək olar. Şəxs zərərçəkmişlərə dəyən ziyanı ödəmirsə, deməli, islah olunmayıb. Buna görə də onun barəsində vaxtından əvvəl azadlığa buraxılması qaydasının tətbiq edilməsinin özü qanunsuzdur”.

Hüquqşünas qeyd edib ki, Ali Məhkəmə İslam Yusifovu cəzasının qalan hissəsini azadlıqda keçirməsinə şərait yaradan qərarla iş üzrə zərərçəkmişlərin mənafeyinə toxunub: “Ali Məhkəmənin qərarından daha yuxarı instansiyaya müraciət etmək üçün məcburi prosedur yoxdur. Ali Məhkəmədən sonra digər proseduralar var. Zərərçəkmişlər Ali Məhkəmənin Plenumuna, Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Bunlar da məcburi prosedurlar deyil. Həmin qurumlara edilən şikayətlər icraata qəbul edilsə, baxılacaq, edilmədiyi halda baxılmamış qalacaq”.

“Qanunsuzluqla Mübarizə” İctimai Birliyinin həmsədri, hüquqşünas Zahidə Əzizovanın sözlərinə görə, bütün hallarda zərərçəkmişlərə dəyən ziyan ödənilmədiyi halda İslam Yusifovun azadlığa buraxılması qanunsuzdur: “İslam Yusifovun azadlığa buraxılması ilə bağlı qərarın qəbulu ədalətsizlikdir. Ədalət mühakiməsini həyata keçirən hakimin 81 nəfər zərərçəkmişin qanunla qorunan hüquqlarını pozmaqla belə bir qərar verdiyi qənaətindəyəm. Hakim Gülzar Rzayeva əvvəlcə törədilmiş cinayət nəticəsində heç olmasa qismən də olsa ödəniş aparılmadığı halda belə bir qərara imza atmamalı, kasasiya şikayətini təmin etməməli idi”.
Hüquqşünasın sözlərinə görə, İslam Yusifov atası ilə birlikdə cinayət əlaqəsində olub: “Onlar dələduzluq edib, aldatma yolu ilə başqasının əmlakını ələ keçiriblər. Hakim cinayət nəticəsində zərərçəkənlər olduğu üçün şikayəti təmin etməməli idi. Zərər heç olmasa qismən də olsa ödənilməli idi. Üstəlik, zərərçəkənlər hələ də şikayətçidirlər...”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR