Köç başlayıb: Əhali Bakını tərk edir
Bizi izləyin

Qırmızı.az

Köç başlayıb: Əhali Bakını tərk edir

Devalvasiyadan sonra Azərbaycanın daxili miqrasiyasında ilk dəfə olaraq əks proses müşahidə edilməyə başlayıb. ANS PRESS-in məlumatına görə, əgər 1990 - 2000-ci illərdə Azərbaycanın regionlarından Bakıya köç başlamışdısa, indi paytaxtdan kəndlərə qayıdış müşahidə edilir.

Bakıda bu prosesin təzahürünü ilk olaraq əmlak bazarında hiss etmək olar. Paytaxtda kirayədə qalan əyalət sakinlərinin bir qismi mənzilləri tərk edərək kəndlərdəki evlərinə dönürlər. Şəhərdə fəaliyyət göstərən əmlak qiymətləndirmə şirkətlərindən birində aparıcı mütəxəssis işləyən Rəşad Əliyev ANS PRESS-ə bildirib ki, son bir neçə ayda 10 minə yaxın adam kəndlərə qayıdıb: “Dəqiq statistika aparılmasa da şəhərdə 30 minə yaxın obyekti mənzil kimi kirayəyə verirlər. İlin əvvəlindən bu mənzillərin 10 faizə qədəri boşalıb. Əsasən şəhərin ətraf məhəllələrində olan ucuz evlər boşalıb. Mərkəzdə də boşalan mənzillər var, onları təhvil verənlər əsasən şəhər ətrafındakı ucuz mənzillərə köçürlər”.

Paytaxtda evi olan ailələrdən də kəndə dönənlər var. ANS PRESS-in regionlarda apardığı araşdırmasına görə geri qayıdanlar əsasən Bakıda iş yerini itirənlərdir və onların arasında gənclər üstünlük təşkil edir. Həmin gənclər kəndə dönməzdən öncə Bakıda inşaat işçisi, satıcı, restoran işçisi və s. kimi fəaliyyət göstəriblər. İndi regiona qayıdaraq kirayə vermədən oxşar işlər görməyə çalışırlar.

Geri qayıdanların sayı xüsusilə cənub və qərb regionlarında daha çoxdur. ANS PRESS-in cənub bürosunun verdiyi məlumata görə, Lənkəran bölgəsinə geri qayıdanlar birinci növbədə İranla sərhəd ticarətinə maraq göstərirlər. Bölgədə bərpa edilməyə başlayan çay plantasiyalarında və tərəvəz sahələrində də işləyənlər az deyil. Bəziləri isə rayonlardakı ticarət obyektlərində iş tapmağa çalışırlar. Sosial müavinət almaq istəyənlərin də sayı çoxdur. Rayon rəhbərlikləri isə paytaxdan dönənlərin kənd təsərrüfatında işləməsi üçün şərait yaratmağa çalışır. Çünki bölgəyə sərhəd ticarəti nəticəsində İrandan kartof-soğan kimi aqrar məhsullar da gətirənlər az deyil.

Eyni proses qərb rayonlarında da müşahidə edilir. Bölgə hələ sovet illərindən çoxtərəfli təsərrüfatçılıqla məşğul olduğundan Bakıdan dönənlərin problemi elə də ciddi hiss edilmir. Geri dönənlər Gəncə-Qazax bölgəsindən Bakıya, yaxud kəndlərdən Gəncəyə fərdi qaydada kənd məhsulları aparıb satmaqla məşğuldurlar. Bəziləri isə Gürcüstanla sərhəd ticarətinə başlayıblar, əsasən sosiska, kolbasa, kartof və s. ərzaq məhsulları gətirirlər.

Bəzi bölgələrdə Bakıdan dönənlərin çoxluğu elə də ciddi hiss olunmasa da, rayonların özləri intuitiv şəkildə bu prosesə hazırlaşmağa başlayıblar. Məsələn, ANS PRESS-in şimal bürosunun məlumatına görə, Quba, Qusar və Xaçmaz rayonları üzrə iki müşavirə keçirilib və bölədə məşğulluğun artırılması barədə müzakirələr aparılıb. Real çıxış yollarından biri kimi bölgədə ailə otelçiliyinə, yəni fərdi evlərin mehmanxana xidməti göstərməsinə dəstək verməyin vacibliyi vurğulanıb.

Göründüyü kimi, Azərbaycanda da bir sıra ölkələr kimi deurbanizasiya, yəni meqapolisdən əyalətlərə köç prosesi başlayıb. Bunun təzahürü ilk dəfə 1970-ci illərdə Londonda müşahidə edilib. 10 il ərzində şəhərin mərkəzində əhali sayı 10 faizə qədər (700 min nəfər - red.) azalıb və 1980-ci ildə 6,6 milyon nəfər təşkil edib. İngilislər təbii və sosial mühiti pisləşən şəhərdən dəfələrlə çox köç ediblər, onların yerini isə III dünya ölkələrindən gedən miqrantlar tutublar. İndi Londonun mərkəzində 4 milyona qədər mühacir yaşayır. Eyni proses 2000-ci illərdə Braziliyanın ən iri şəhəri San-Pauluda da baş verib. Meqapolisdən əhali qərb əyalətlərinə köçməyə başlayıb.

Lakin Turizm və Menecment Universitetinin əməkdaşı, şəhər planlaşdırması üzrə mütəxəssis Fuad Cəfərli ANS PRESS-ə müsahibəsində Azərbaycanda bu prosesin müvəqqəti xarakter daşıdığını bildirir: “Bu, devalvasiyadan sonra paytaxda yaranmış işsizliklə bağlıdır. Amma ümumiyyətlə Azərbaycanda urbanizasiyanın qarşısını heç nə ala bilməz. Sadəcə, bu prosesin bütün respublika ərazisində getməsinə çalışmaq lazımdır”.

Fuad Cəfərli ilkin olaraq iri kəndlərin şəhərə çevrilməsinin vacibliyini vurğulayır: “Aqrar sektor regionlarda olan əhalini işlə təmin etməkdə acizdir. İri kəndlər şəhərə çevrildikdən sonra orada yeni sifarişlər, uyğun olaraq yeni iş yerləri yaranacaq”.

Statistikaya görə, Azərbaycanda 4200 kənd var və həmin kəndlərin 581-də əhali sayı 2 mini keçir, yəni həmin kəndlərin hər birində 500-dən artıq ev var. 85-ə yaxın kənd hətta əhali sayına görə Azərbaycanın 197 şəhər tipli yaşayış məntəqəsindən iridir. Ümumiyyətlə, ölkə üzrə 339 şəhər tipli yaşayış məntəqəsi var.

Göründüyü kimi, cüzi islahatlar apararaq şəhərtipli yaşayış məntəqələrinin sayını 920-yə qaldırmaq olar. Bu kəndlərin kosmetik xərclərlə abadlaşdırılaraq şəhərlərə çevrilməsi ilkin mərhələdə ticarət və xidmət sektorunda minlərlə yeni iş yerinin yaradılması ilə nəticələnər. Həmçinin kiçik və orta biznesdə, neftdənkənar iri biznes sektorlarında sərmayələr üçün əsas yaranar. Ən əsası isə gənclər abadlaşmış kəndləri tərk edərək Bakıya qaçmaq istəməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm