Novruz adətlərimizdə erməni izi: papağımızı qapılara necə atdıq? - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Novruz adətlərimizdə erməni izi: papağımızı qapılara necə atdıq? - MÜSAHİBƏ

Bu gün ilk çərşənbədir. Su çərşənbəsi. Ancaq çərşənbələrin ardıcıllığının şərti olduğunu, bölgələrə görə dəyişdiyini iddia edənlər də var. Ümumiyyətlə, yüzilliklər, minilliklər ərzində qeyd olunsa da, Novruz adət-ənənələri hələ də mübahisə mövzusudur. Hətta bu adət-ənənələri araşdıran elm adamları arasında da fikir ayrılığı mövcuddur.

Fərqli yanaşması olanlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru Şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədlidir.

Orijinal və cəsarətli fikirləri, araşdırmaları olan alim onları Publika.az-ın əməkdaşı ilə bölüşüb.

“Onlar üçün papağın əhəmiyyəti yox idi...”

- Atəş müəllim, bir müddət əvvəl Novruzda papaqatma adəti ilə bağlı verdiyiniz açıqlamalar mübahisələrə səbəb oldu. Adətlərə qarşı çıxmaqda da ittiham olundunuz?

- Mən mübahisə yaransın deyə deməmişəm bu fikirləri. Mən araşdırıb danışıram, bu insanlar nə üçün qarşı çıxır, bilmirəm və pis bir təklif etdiyimizi də sanmıram. Papaq dəyərimizdir. Biz də ona dəyər verməyi bacarmalıyıq. Mən bu adətə qarşı çıxmamışam. Mən vasitənin dəyişməsinin tərəfdarıyam.

- Axı deyirlər ki, uşaq atasının, babasının deyil, öz papağını atır...
- Məsələ papağın kimin olması və neçəyə olmasında deyil. Papağın dəyəri elə uşaqlıqdan öyrədilməlidir. Həm də ki bu, mənəvi dəyərlə yanaşı, gigiyenik baxımdan da qəbulolunmazdır.

- Deyirlər, əvvəllər qurşaq sallayarmışlar, torba atarmışlar. Heç araşdırmısınız ki, necə olub, bu adətlər dəyişib?

- Əlbəttə, illər, əsrlər keçdikcə geyim növləri də dəyişib, indi qurşaq yoxdur. Biz yüzillərlə ruslarla, ermənilərlə qonşu olmuşuq, dost kimi yaşamışıq. Onlar bizə qoşulardılar, bayramlarımızda iştirak edərdilər. Bəzi Bakı sakinləri deyirlər ki, onda bizdə papaq atılmırdı, torbalar atırdıq. Bizimlə gedən rus, erməni uşaqlarının isə əlində torba olmazdı. Başlarından papağı götürüb atardılar qapıya. Çünki onlar üçün papağın əhəmiyyəti yox idi.

- Belə köklü adəti erməni, rus və ya yəhudi uşağının dəyişməyi mümkündür?

- Doğru yanaşmadır. Hər halda, Novruz tədqiqatları davam edir, bunların mədəniyyətimizə könüllü, zorla, yoxsa laqeydlikdənmi daxil olması hələ araşdırılmalıdır.

- Sizcə, bu, təsadüfdür, yoxsa məqsədli müdaxilə?

- Məqsədli şəkildə deməzdim, amma bu da bir faktdır ki, 70 ildə xalqımızın milli-mənəvi dəyərləri elə zərbələr alıb ki, bunun bərpası hələ çox zaman alacaq...

- İndi papağımızı necə başımıza qaytaraq?

- Papaqları elə əvvəllər olduğu kimi, torbalarla əvəzləyək.

- Səhv etmirəmsə, iş adamlarına da belə bir təklif etmişdiniz...

- Bəli, təklif etmişdim ki, xüsusi torbalar hazırlansın, onların üzərində Keçəlin və Kosanın rəmzləşdirilmiş şəkilləri, səməni rəsmi olsun və ucuz qiymətə də satılsın. Dünya xalqları öz arxaik mədəni qatlarını yenidən açır və mədəniyyətlərinin obrazlarını, onun ayrı-ayrı atributlarını canlandırırlar. Təklif etmişəm, hələ icra edən yoxdur.

““Bahar Qız” “Qar qız”ın prototipi olaraq yaradılıb”

- Bəs papaq atmanın, daha doğrusu, şal, torba sallamağın kökü haradan gəlir?

- Bayram ərəfəsində ölülər yada salınar. Qədim zamanlardan mövcuddur bu adət. Əcdadlar, ölülər yada salınmadan insanlar bayram süfrəsinə oturmazlar. Bunu təxminən bayramdan bir həftə öncə edirlər, buna “Ölü çərşənbəsi”, “Gül çərşənbəsi”, “Torpaq çərşənbəsi” də deyirlər. Əski çağlarda isə ölülər təkcə yada salınmırdı, həm də onlar üçün yığılan pay önəm daşıyırdı. Belə ki, bu payı yığmaq üçün xüsusi qara geyimli insanlar ruhların imitasiyası qismində gəlirdilər, qapılardan bir il ərzində dünyasını dəyişmiş insanların payını alırdılar. “Kasa çaldı” adlanan bu adət ruhların payını yığmaq məqsədilə icra olunurdu. Bu gün də papağı atıb qaçmaq, üzü gizlətmək o anlayışdan gəlir.

- Onlara pay olaraq nə verilirdi?

- Əllərində tutduqları kasaya buğda, arpa kimi dənli bitkilər tökürdülər, sonra da alınan bu payı torpağa, əkin sahələrinə səpirdilər.


- Deməli, papaq atmağın həqiqi mahiyyəti tamam fərqliymiş...

- Belə deyim ki, utilitar və estetik mahiyyəti var. O qeyd etdiyim utilitar mahiyyəti idi. O zamanlar icra edənlər zövq almaq üçün etmirdilər, amma bu gün edilən artıq estetik mahiyyətdir.

- “Bahar qızı” obrazının da əleyhinəsiniz. Bunun səbəbi nədir?

- Mən bu obrazın əleyhinə deyiləm. Sadəcə, bu, “Qar qız”ın prototipi olaraq yaradılıb. Baharın zərif qadına bənzədilməsi çox yaxşı haldır. Amma onu arxaik mədəniyyətdə olduğu şəkildə - Yaz xanım, yəni Günəşin qızı kimi görmək, öz kökümüzə bağlı olması daha xoş olar. Çünki arxaik mədəniyyətdə Yaz xanımla, eləcə də dünyanın yenidən doğulmasının qadın obrazında verilməsi ilə bağlı mifoloji düşüncələr mövcuddur.

- Novruz uzun bayramdır...

- Doğrudur. Novruz mərasimləri hələ qış ayından başlayır. Bayramlar birdən-birə yaranmır, müxtəlif mərhələlərdən keçir: ritual, mif, mərasim və nəhayət, bayram.

Qədim türklər qış fəslini 3 yerə bölürdülər: 40 gün Böyük çillə, 20 gün Kiçik çillə və bundan sonra 30 günlük Boz ay. Daha mülayim olan Böyük çillədən fərqli olaraq, Kiçik çillədə havalar sərt, şaxtalı olur. Dekabr ayının 21-dən 22-nə keçən gecə Böyük çillə girir. Bu gecə ən uzun gecədir. Bununla da Novruz mərasimləri başlayır. Böyük çillə yanvarın 31-dək davam edir. Yanvarın 31-dən fevralın 19-na qədər Kiçik çillə, fevralın 20-dən martın 20-sinə qədər də Boz aydır.

- Çillə gecələri də bayram kimi qeyd olunur?

- Naxçıvandan başqa heç yerdə keçirmirlər. Naxçıvan adət-ənanəni qoruyan bölgələrimizdəndir. Naxçıvanda çillə qarpızı olur. Bu qarpızı kəsmə adəti də qədim adətlərdəndir. Çillə qarpızı payızın sonunda dərilən qarpız olmalıdır.

- Nə fərqi var ki?

- İstənilən məhsul payızın sonunda şirəyə oturur, xurma, nar kimi. Təbiət həmin dövr üçün lazım olan komponentlərini - şirəsini, rənglərini həmin məhsula hopdurur. Ona görə də qədimdə payızın sonunda tağdan dərilmiş qarpızı “çillə qarpızı” adlandırarmışlar. Həmin qarpızı kəsib, içinin rəngindən qışın necə keçəcəyini müəyyənləşdirərmişlər.

- Güney Azərbaycanda da çillə gecəsi keçirilir...

- Bəli, Güneydə də çillə gecəsi maraqlı keçirilir. Hətta bir dəfə mən Təbrizdə buna “Şəbi-yelda” demişdim, onların xətrinə dəymişdi. Çillə gecəsini farsca adlandırmağıma etiraz etdilər. Mən onda başa düşdüm ki, Güneydə bu adətlər çox maraqlı tərzdə, öz dilimizdə, öz ənənəmizə uyğun yaşayır.

Çillədən sonra artıq ikinci bir bayram - Xıdır Nəbi bayramı keçirilir. Buna Xıdır İlyas, Xıdır Əlləz, Xıdır Tapdıq və s deyirlər. “Xıdır”, ümümiyyətlə, xilaskarlıq rəmzidir, insanlara ruzi gətirər, xeyir verər.

“Altaydan Makedoniyaya qədər Novruzun türkcə 25-ə qədər adı var”

- Atəş müəllim, niyə ilk çərşənbə su çərşənbəsidir?

- Göydə ulduz ikidir,
Biri qurdun tüküdür.
Allah, məni su eylə,
Su gözəllər yüküdür...

Suyun gözələ bənzədilməsi, ilahiləşdirilməsi onun ilkinlyindən gəlir. Su dünyanın yaranışında əsas rol oynayan ünsürdür. Bilirsiniz ki, ilk canlılar- amöblər suda yaranıb. Buna görə də su ilkinlik rəmzi, su başlanğıc məsələ olduğu üçün məhz dünyanın yaranmasında da vacib element kimi götürülür. Su çərşənbəsi də buradan qaynaqlanır.

Ümumiyyətlə, çərşənbələr adi məsələ deyil, ilin yenilənməsi, dəyişməsi həm də başlanğıcıdır.

Bu məsələ bölgələrə görə fərq edir. Bu da Azərbaycanın yerləşdiyi coğrafi şəraitlə əlaqədardır. Çünki Azərbaycan 13 iqlim qurşağının 9 tipini yaşayır. Bəzi bölgələr ilk çərşənbənin yel çərşənbəsi olduğunu deyir, bəzi bölgələrə görə isə su ilk çərşənbədir. İndi qış dövrüdür, bəzi yerlərdə sal buzlar hələ əriməyib, dağlarda qar və s. var. Amma bölgələrimiz var ki, tədricən mülayimləşmə hiss olunur, məsələn, aran bölgələrində qış sərt keçməz, oralarda suyun oyanışını müşahidə etmək mümkün olur.

Bəzi bölgələr də havanın isinməyini əsas gətirərək ilk çərşənbəni od çərşənbəsi adlandırırlar amma bütün bunlara baxmayaraq, su əsas götürülür.

- Novruzda süfrələrə qoyulan nemətlər də bölgələrə görə dəyişir...

- Əlbəttə, Novruz süfrələri də bölgələrdəki nemətlərə uyğun olur. Bilirsiniz ki, Lənkəran balıqla məşhurdur, ona görə də bayram süfrələrində balıq çeşidləri çox olur.

Elə bölgə var ki, çərəzi, göy-göyərtisi bol olur, onda süfrəsi də o nemətlərlə zənginləşir. Novruzda süfrəyə 7 nemət düzülməsi həmin bölgədəki dominant olan bitkinin adı ilə bağlıdır. Məsələn, Naxçıvanda qarpız dominant olduğu üçün süfrəyə adı “Q” hərfi ilə başlayan 7 nemət düzülür. Qarpız, qovun, qabaq, qovurğa, qovut və s...

Bakıda isə bəzi yerlərdə adları “S” hərfi ilə başlayan nemətlər bayram süfrəsinə qoyulur. Su, səməni, sünbül və s.

- Bəzi yerlərdə sirkə, soğan-sarımsaq da qoyurlar...

- Əslində, sayı düzəltmək üçün süfrəyə acılıq qoymaq olmaz. Bayram şirinlik sevir.

Bayram şirniyyatları arasında da dəyişik məqamlar var. Şorqoğalı misal gətirək. Bu bişintinin içindəki duz göz yaşı, acılıq mənasını verir. Ona görə daha çox yas süfrələrinə qoyulur . Bayramlarda isə Günəşin rəmzi kimi həmişə şirin qoğal olub. İndi də bəzi bölgələr bayram süfrələrində şirini şorla əvəz ediblər, bəziləri həm şirin, həm şor, bəziləri isə ancaq şirin qoğal qoyur süfrəyə. Doğrusu da budur.

- Novruzu türklərlə yanaşı, bir sıra başqa xalqlar da qeyd edirlər. Bəs bu bayram əslində, hansı xalqın mədəniyyətinə aiddir?

- Bu mübahisəli məsələ olsa da, türk mədəniyyətinə məxsusluğu faktlarla sübut olunub. Mübahisələr də “Novruz”un fars sözü olmasından irəli gəlir. Amma bilməliyik ki, bu söz fars sözü olsa belə, onun altında zəngin Türk mədəniyyəti yatır. Altaydan Makedoniyaya qədər Novruzun türkcə 25-ə qədər adı var. Cılqı ayrımı, Ulustun yengi günü, Yılbaşı, Ergenekon və s. Ancaq 11-ci əsrdə Türk hökmdarı Məlikşahın əmri ilə Novruz adlandırılıb.

- Bəlkə, Novruz sözünü Ergenekonla əvəz edək...

- Çox haqlı təklifdir. Əvəz olunsa, biz bu adı dəstəkləyərik...


Rübabə Mirismayılqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm