• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Aygün və İlhaməni niyə qınayırsız?

Aygün və İlhaməni niyə qınayırsız?

Bir neçə gündür ki, iki “Xalq artisti”nin - İlhamə Quliyeva və Aygün Kazımovanın məlum davası barədə müxtəlif səpkili məqalələr yazılıb-cızılır. Kimisi bu şəxslərin ifadələrindən heyrətlənir, hiddətlənir, onları qınayan kim, fəxri adlarının alınmasını təklif edənlər də az deyil.

Axı niyə? Məgər indiyədək bu iki “Xalq artisti”ndən fərqli nəsə görmüsüz? Yəni onların olanı bu deyilmi? Adıçəkilənlər və bu qəbildən olan bir neçə “Xalq artisti” çox zaman gündəmimizi məhz elə söyüş yaradıcılıqları ilə məşğul etməyiblərmi?

İnanın, mən onların qeyri-etik ifadələrindən qəti diksinmədim, əksinə az belə olduğunu düşündüm. Çünki tam səmimi deyirəm, İlhamə Quliyeva və Aygün Kazımovanın adı gəldikdə ağlıma ilk gələn, sadəcə, qeyri-etik ifadələr, “çatana çatıb, çatmayana bir daş atmaq” olur. Normalda isə Xalq artistinin adı çəkildikdə yaradıcılıqla bağlı nəsə yada düşməlidir. Əgər sənət yox, söyüş ilk olaraq ağla gəlirsə, deməli, yaradıcılıq “söyüşizm”dən başqa bir şeyin üzərində qurulmayıb.

***

Həm də unutmaq lazım deyil ki, bu şəxslər sözügedən sahənin ən yuxarı pilləsində dayananlar, başqa sözlə, ən yüksək rütbəlilərdir. Sənət baxımından olmasa da, fəxri ad baxımından...

İndiyədək fikirləşirdim ki, axı bu Aygün və İlhamə hansı sənətlərinə görə illərlə gündəmdə qalırlar. Görünür, yaradıcılıqlarından “xəbərsiz” olmuşam. Sən demə, onların qabları heç də boş deyilmiş, əməlli-başlı “sənətləri” varmış. Elə bilməyin ki, onların musiqi yaradıcılığından danışıram. Yox, bu iki “Xalq artisti”nin söyüş sənətini nəzərdə tuturam. Son toqquşmada bu, aydın şəkildə göründü və kimin qabında hansı menyunun olması aşkar şəkildə bir daha ortaya töküldü.

Məgər iki “Xalq artisti”nin dueli sıradan bir davamı olmalı idi? “Xalq artistləri”nin davası elə “xalq artisti” səviyyəsində olar da. Axı bunlar adlarına layiq döyüşməli idilər və döyüşürlər. O “Xalq artisti”nin ki toqquşmasına nazir, deputat qarışmadı, daha o nə dava oldu. Necə ki, xalqın olmayan bu iki artistin söz şousuna yüksək səviyyədə reaksiyalar verildi.

***

Onlar bu “sənətlə” gənc nəslə, xüsusilə, musiqi sahəsinə yeni qədəm basanlara “Xalq artisti”nin reseptini göstərir, “nümunə” olurlar. Deyirlər ki, baxın, “Xalq artisti” belə olmalı, bu keyfiyyətlərə sahiblənməli, böyüyə-kiçiyə hörmət qoymamalı, ən sərt söyüşləri utanmadan dilə gətirməyi bacarmalıdır. Yoxsa...

***

Biri özünə primaddona, digəri isə diva adı verib. Amma unudurlar ki, hər hansı bir ləqəb, ad verilmir, qazanılır. Necə ki, onlara Xalq artisti adı verilsə də, hələ də xalqın artisti ola bilməyiblər. Təklif edirəm ki, primaddona və diva sözlərinin qarşısına söyüş kəlməsi əlavə olunsun: söyüş primaddonası, söyüş divası. Sanki belə daha məntiqə uyğun səslənir.

***

Xalq artistisən deyə, istədiyini danışmalı, ağzına gələni çölə buraxmalısan deyə bir şey yox. Ümumiyyətlə, insanlar kim olmasından asılı olmayaraq bir-birlərinə münasibətdə etik normaları gözləməlidirlər. Hələ-hələ hansı ruzigarın səni buraya atmasından asılı olmayaraq üzdə olan şəxssənsə, heç olmasa xalq artisti sözünün sonundakı artist kəlməsinin tələblərinə sahiblənməlisən ki, ən azından cəmiyyət önündə yaxşı görünməyi bacarasan. Axı siz acı da olsa cəmiyyətin yaşam tərzini müəyyənləşdirən, diktə edən insanlarsız. Nə yazıq ki, sizlərdən nümunə götürənlər olmamış deyil. Özünüzə, insanlara hörmət etmirsinizsə, heç olmasa Xalq artisti adını sizə etibar edənlərə hörmət qoyun...

***

Bu, bir faktdır ki, Xalq şairi, Xalq yazıçısı, Xalq artisti fəxri adı alanların hamısı heç də, xalq şairi, xalq yazıçısı, xalq artisti olmur. Bunu “Daş yuxular” örnəyində açıq şəkildə gördük. Xalqın Xalq yazıçısı, xalq şairi kimi xalq artisti olmayan çoxlu “xalq şairi”, çoxlu “xalq artisti”, xalq yazıçısı olub və var. Sovet dönəmindən qalan və xalqı təbəqələrə bölmək məqsədi daşıyan bu tip təltiflər artıq pis nümunələrlə öz qüvvəsini itirməkdədir. Əgər Xalq artisti, Xalq şairi, Xalq yazıçısı və ya digər fəxri adlara sahib olan hansısa şəxslər bu adların altında əzilirsə, onu çiyinlərində daşıya bilmirsə, bu üstünlükdən niyə məhrum edilməsin? Necə ki, bunun bir örnəyini görmüşük...

Aqil Lətifov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR