• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

Qafqaz Universiteti Formula-1 yarışlarına könüllü göndərir – FOTOLAR

Qafqaz Universiteti Formula-1 yarışlarına könüllü göndərir – FOTOLAR

Qafqaz Universitetinin 1000 nəfər tələbəsi bu il iyunun 17-19-da Bakıda keçiriləcək Formula-1 Avropa Qran Prisində könüllü kimi iştirak edəcək.

Bu barədə Publika.az-a Qafqaz Universitetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata bildirilir ki, “Baku 2015” ilk Avropa oyunlarının yüksək səviyyədə təşkil olunmasında könüllülərin böyük əməyi danılmazdır: “İlk Avropa oyunlarında Qafqaz Universitetini yüksək səviyyədə təmsil edən 1000 nəfər könüllü tələbələrimiz bu dəfə eyni missiyanı Formula-1 Avropa Qran Prisində daşıyacaq. Universitetimizin tələbələrinə güvənən “F1” Avropa Qran Prisi Könüllülər üzrə koordinatoruluğu Qafqaz Universitetində tədbir təşkil edib. Bu tədbirin əsas məqsədi Bakıda keçiriləcək Formula-1 Avropa Qran Prisinə və könüllülüyə olan marağı artırmaqdır. Tədbir zamanı tələbələr Formula-1 haqqında bir neçə video-sujet izləyiblər”.

Tədbirdə giriş sözü ilə çıxış edən Qafqaz Universitetinin Karyera Planlama Şöbəsinin müdiri İlkin Məcidov deyib ki, “Baku 2015” ilk Avropa oyunlarında tələbələr könüllü olaraq çalışırdı: “Mən düşünürəm ki, tələbələrimiz Universitetimizi layiqincə təmsil etdilər. Sizə onu bildirim ki, hazırda bu tədbirdə iştirak edən Qafqaz Universitetinin Tərcümə fakültəsinin tələbəsi Azər Alməmmədov digər könüllüllər arasından seçilərək “Avropa oyunlarının tanıtım və media” siması olub. Formula-1 Avropa Qran Prisində Qafqaz Universiteti tələbələrindən 1000 nəfərə yaxın könüllünün iştirakını planlamışıq”.

Daha sonra Formula-1 Avropa Qran Prisi koordinatoru Tural Hümbətov könüllü olmağın əhmiyyətindən və bu işin tələbələrin gələcək iş karyeralarına qazandıqlarından bəhs edib.

Bakı şəhər halqası əməliyyat şirkəti insan resursları departamentinin koordinatoru Elgün Rzazadə isə Qafqaz Universiteti tələbələrinə Formula-1 yarışlarının tarixi və ilk dəfə olaraq keçiriləcək Bakı Qran Prisi haqqında ümumi məlumat verib.

Qeyd olunub ki, Formula-1 Avropa Qran Prisində ümumilikdə 5000 nəfər könüllü işləyəcək. Ümumilikdə, könüllü tələbələr 8-12 saat iş rejimində çalışacaq. Könüllülərin xarici dil bilməsi vacibdir.

Tədbirin sonunda tələbələrə Formula-1 yarışları əsasında hazırlanan suallar verilib. Düzgün cavab verən tələbələr hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, Formula-1 Avropa Qran Prisində könüllü olmaq istəyən tələbələr ilk növbədə qeydiyyatdan keçməlidir. Daha sonra müsahibələrə cəlb olunan tələbələr mart, aprel aylarında xüsusi təlimlərdə iştirak edəcəklər. Yalnız bundan sonra tələbələr bu mötəbər yarışda könüllü adını ala biləcəklər.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR