Mehriban Əliyeva Vatikana səfər edib - FOTO
Bizi izləyin

Qırmızı.az

Mehriban Əliyeva Vatikana səfər edib - FOTO

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfərinə Pio-Klementino muzeyini ziyarətlə başladı. Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, bu muzeyin əsası məşhur yunan-Roma incəsənət əsərlərinin qorunması məqsədilə 18-ci əsrdə Papa 14-cü Klimentin və Papa 6-cı Piyanın tapşırığı ilə qoyulub.

Muzeydə qədim incəsənətin minlərlə nümunəsi qorunur, lakin onların arasında yunan mifologiyasında baş tanrı hesab olunan Zevsin heykəli daha çox maraq doğurur. Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan bu mərmərdən hazırlanmış və Roma imperiyası dövrünə aid olan heykəl antik dövrlərə aid mifik hekayələri və tarixi stilistikanı da özündə əks etdirir. Vatikan Muzeylərinin direktoru Antonio Paolucci bildirdi ki, Zevsin bərpa olunan heykəlinin əsas elementləri qartal, hakimiyyət, ildırım və taxt-tacdır. Onun heykəlində də məhz bu elementlər nəzərə çarpır. Zevs digər heykəllərində saçlı, zəhmli siması olan güclü obrazı əks etdirir. Hakimiyyətin və gücün rəmzi olan Zevs əlində üzərində qartal dayanmış çubuq və qalibiyyətin rəmzi olan qızıl və fil sümüyü tutub. Heykəlin yaratdığı təəssürat gücü, qüdrəti və hakimiyyəti tərənnüm edir. Onu da deyək ki, yunan mifologiyasında Zevs, Roma mədəniyyətində Yupiter, şərqdə isə Ahura Məzda kimi tanınan bu mifik varlıq qədim mənbələrdə Yerə xeyir və şərin paylayıcısı kimi təqdim olunur. Antonio Paolucci Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və rəhbərlik etdiyi Heydər Əliyev Fonduna minnətdarlığını bildirdi, onun dünya mədəniyyətinin şah əsərlərinin qorunması işindəki fəaliyyətini yüksək qiymətləndirdi. Mehriban Əliyeva bundan sonra da bu sahədəki fəaliyyətin davam etdiriləcəyini diqqətə çatdırdı.

Vatikanın dövlət qubernatoru, kardinal Cuzeppe Bertello Azərbaycan dövlətinə və xüsusən də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz minnətdarlığını ifadə etdi. Azərbaycan-Vatikan əlaqələrinin inkişafında bu cür dialoqların davam etdirilməsinin əhəmiyyətini qeyd etdi. Mehriban Əliyeva da ölkəmizin bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğuladı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası davam etdirilən dolablara baxdı. Qeyd edək ki, dolabların olduğu zal 1587-1589-cu illərdə tikilmiş Apostol Kitabxanasına daxildir. O zaman Papa V Pope Sikstus tərəfindən irəli sürülən bu təşəbbüs dəyərli kitabların saxlanılması üçün xüsusi bir məkanın yaradılmasını əks etdirirdi. Sistina zalında Andrea Lilli kimi istedadlı rəssamlar tərəfindən çəkilmiş gözoxşayan freskalar məkanın ecazkar görüntüsünə xüsusi cazibə qatır. Kitablar Papa XIII Leo Kilsəyə rəhbərlik etməyə başladığı dövrə qədər bu yeni zalda saxlanılıb. Kitabxana müxtəlif dövrlərdə xeyli sayda biblioqrafik kolleksiyaların gətirilməsi ilə zənginləşdirilib. Kitabların saxlandığı dolablar isə bu mənada xüsusi əhəmiyyət daşıyır və onların qorunması Vatikan üçün mühüm önəm kəsb edir.

Sonra muzeyin Sistina zalında olan Mehriban Əliyevaya zalın tarixi və buradakı sənət əsərləri barədə məlumat verildi. Qeyd edildi ki, son illərdə aparılan təmir-bərpa işləri nəticəsində zalın özəlliyi artıb, onun tarixi mahiyyəti daha da güclənib. Hər gün minlərlə turist bu zaldakı nadir divar rəsmlərini görmək üçün bura gəlir. Onlar dünya incəsənətinin şah əsərlərindən olan bu zalda tavana və divarlara çəkilən rəsmləri böyük maraqla izləyirlər.

Daha sonra Mədəniyyət üzrə Papa Şurasında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vatikanın Mədəniyyət üzrə Pantifik Şurasının sədri kardinal Canfranko Ravazi ilə görüşdü. Görüş başa çatdıqdan sonra kardinal Ravazi Heydər Əliyev Fondu ilə gələcək əməkdaşlıqla bağlı nəzərdə tutulan planlardan danışdı, bərpası planlaşdırılan digər katakombalar barədə məlumat verildi. O, bu əməkdaşlığın dinlər və mədəniyyətlərarası platformaya tövhə verdiyini, müsəlman ölkəsinin bu sahədəki fəaliyətinin böyük önəm daşıdığını, Roma Papası Fransiskin də Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdiyini dedi. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən müqəddəs taxt-taxca gəlməyindən məmnun olduğunu dedi, müqəddəs Piyetro və Marçellini katakombalarının bərpası ilə bağlı 2012-ci ildən icra olunan layihənin əhəmiyyətindən danışdı. Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, svilizasiyalarası münasibətlərdə belə əməkdaşlıq böyük rol oynayır.

Sonra müqəddəs Sebastyan sərdabələrinin bərpası üzrə müqavilə imzalandı. Müqaviləni Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikanın Mədəniyyət üzrə Pantifik Şurasının sədri kardinal Canfranko Ravazi imzaladılar. Qeyd edək ki, eramızın 3-cü əsrində həlak olmuş romalı sərkərdə Sebastianın adı ilə adlandırılan müqəddəs Sebastian sərdabələri dörd mərtəbəli məzarlıqda yerləşir. 9-cu əsrədək katakombalar bu məzarlıqda saxlanılıb, daha sonra Müqəddəs Sebastian kilsəsinə daşınıb və hazırda orada saxlanılır. Sonra jurnalistlərin sualları cavablandırldı. Müsəlman ölkəsi olan Azərbaycanın nə üçün müqəddəs Pietro və Marcellino katakomblarının bərpasına maraq göstərməsinin səbəbi ilə bağlı sualına cavabında Mehriban Əliyeva bildirdi ki, ölkəmiz hər zaman dinlərin və mədəniyyətlərin qovuşmasında yerləşib. Heç vaxt ölkəmizdə dini və milli zəmində münaqişə olmayıb. Heydər Əliyev Fondu bu cür işləri həm ölkədə, həm də dünyanın müxtəlif yerlərində həyata keçirib. müqəddəs Pietro və Marcellino katakomblarının bərpası isə Azərbaycanla Vatikan arasındakı yüksək səviyyəli əməkdaşlığın nümunəsidir. Vatikanın Mədəniyyət üzrə Pantifik Şurasının sədri kardinal Canfranko Ravazi isə vurğuladı ki, Hyedər Əliyev Fondunun Vatikanla əməkdaşlığının böyük miqyası var. Bura Vatikan muzeyləri ilə əlaqələr, qədim əlyazmaların bərpası və digər məsələlər daxildir. Ölkəmizə səfərlərini və burada müxtəlif dinlərin nümayəndələri ilə görüşlərini xatırlayan Ravazi müqəddəs taxt-tacın Azərbaycanla əməkdaşlığının geniş şəbəkəyə malik olduğunu diqqətə çatdırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm