Qızıl bazarı: əl yandıran “qızıl qızdırma” - REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Qızıl bazarı: əl yandıran “qızıl qızdırma” - REPORTAJ

Kimyəvi elementlərin dövri cədvəlində 79-cu element olan qızıl bu gün həm də investisiya alətidir. Hazırda bu qiymətli metalın 1 unsiyası 1230 dollar civarındadır. Qiymətlərin belə artımını bir çoxları dünya iqtisadi böhranı ilə əsaslandırırlar. Bildirilir ki, maliyyə və fond bazarlarında müşahidə olunan qeyri-müəyyənlik qızıl bazarında təşvişə səbəb olub. İnvestorlar pullarını bütün dünyada dəyərdən düşmüş qiymətli kağızlardan daha təhlükəsiz saydıqları istiqamətə - qızıl bazarına yönəldiblər. Digər tərəfdən, pulların dəyərsizləşməsi sıravi insanların da yığımda qiymətli metallara üstünlük verməsinə gətirib çıxarıb.

Bu, dünyada gedən prosesdir. Bəs Azərbaycanda vəziyyət necədir? Qiymətli metal bazarında durumu ararşdırmaq məqsədilə Publika.az-ın əməkdaşı qızılın kütləvi satıldığı “Moskva” univermağına və Mərkəzi Univermağa baş çəkib.

Satan çox, alan yox...

Qiymətlərin nisbətən orta səviyyədə olduğu bu ticarət mərkəzi bir il əvvəllə müqayisədə, demək olar ki, boş idi. Konkret olaraq 5-6 piştaxtanın qarşısında alıcı gördük.

Satıcılardan biri ilə söhbət əsnasında öyrəndik ki, manatın ucuzlaşmasından sonra alıcı azalıb, əvəzində qiymətlər qalxıb. Hazırda 750 əyyar italyan qızılının qramı 65 manat, 585 əyyar türk qızılının qramı işləməsindən asılı olaraq 47-52 manat arasında dəyişir.

999 əyyar (ona 22 karat da deyilir) ərəb qızılının qramı isə 70-75 manat təşkil edir.

Qızılın alısına gəlincə, satışdan iki dəfə aşağı qiymətə alış aparılır: qızılın alışı 34 manatdır.

Başqa bir satıcı deyir ki, alıcılar əsasən toy, nişan üçün zinət əşyaları seçirlər. Yığım vasitəsi kimi qızıl alan yoxdur: “Qızılın qiyməti çox qalxıb, alıcı isə azalıb. Hazırda ən ucuz qızıl dəsti 2200 manatdır. Söhbət 750 əyar ağ qızıldan gedir. Bu qiymətə olan dəst 20 qramdır”.

Satıcı onu da bildirdi ki, hazırda Türkiyədə qızılın qiyməti bizdəkindən bahadır.

Yerli mal alan yoxdur...

Mərkəzi Univermaqda qiymətlər bir qədər bahadır. Belə ki, burada 750 əyyar qızılın qramı 70-80, 999 əyyar qızılın qramı 80-90, 585 əyyarlı qızılın qramı isə 55-60 manat arasında dəyişir.

Satıcı ilə söhbət zamanı öyrəndik ki, dəstlərin dəyəri 2100 manatdan başlayaraq 110-120 min manata qədər gedib çıxır: “Bu da asılıdır zinət əşyasının işləməsindən, qaşların bütöv və təmiz olmasından.

Bir də, başqa qızıl satışı mərkəzlərindən fərqli olaraq MUM-da daha çox Dubay, Türkiyə və Honq-Konqdan gətirilən qızıllar satılır. Satışda yerli mal azdır, səbəb isə yerli mala tələbatın olmamasıdır. Əhali daha çox italyan brendlərinin qızılına üstünlük verir”.

Qiymətli daş-qaşların daha bol olduğu bu ticarət mərkəzində daşlarla da maraqlandıq. Məlum oldu ki, ticarət mərkəzində elə bahalı daş-qaş yoxdur ki, satılmasın: “Sapfir, əqiq, yaqut, zümrüd, malaxit... Amma ən çox brilyant qaşlı zinət əşyalarına üstünlük verilir. Brilyantları Rusiya, Cənubi Afrika, Hindistan, Fransa, Kanada, İsraildən gətiririk”.

Maraqlıdır ki, burada satıcılar qiymətlərin bahalığının onlara alıcı qıtlığı yaşatmadığını deyirlər: “MUM-un alıcılarının əksəriyyəti yuxarı təbəqədir - biznesmenlər, millət vəkilləri, nazirlər...”

O ki qaldı burada qızılın alış qiymətinə, deyəsən, qızıl satışı ilə məşğul olanlar bu sahədə vahid qiymət razılaşmasına gəliblər. Çünki qızılın alışı MUM-da da 34 manatdandır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm