“Qafqaz” hotellərində bir gecə - REPORTAJ/FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Qafqaz” hotellərində bir gecə - REPORTAJ/FOTOLAR

Boz ayın ilk günlərində, fevralın 20-21-də “Turizmin inkişafında KİV-in rolu və funksiyası” mövzusunda bir tədbir keçirildi. Özü də Qəbələdə. Azərbaycanın ən müasir və peşəkar hotel brendlərindən olan “Qafqaz” hotellərinin təşkil etdiyi tədbirdə ölkəmizin sayılıb-seçilən media qurumları iştirak etdi. Təbii ki, onların arasında Publika.az da vardı.

Azərbaycanda daxili turizmin inkişafına dəstək məqsədilə təşkil edilən tədbirdə hotelçilərlə jurnalistlər fikir mübadiləsi etdi, təklif və iradları birgə müzakirəyə çıxartdılar.

Qafqaz hotellər şəbəkəsi

Qeyd edək ki, Azərbaycanda 13, Qəbələ rayonunda 8 hoteli olan Qafqaz Hotellər Qrupu milli brend kimi həm ölkə daxilində, həm də xaricdə böyük nüfuza malikdir. Özlərinin təbirincə desək, insanları istismar etmək üçün yox, onlara xidmət etmək üçün fəaliyyət göstərən hotellər rahatlığı və müasirliyinə görə biri-birindən geri qalmır. 2008-ci ildə ilk hotelin – Qafqaz Resort Hotelin xidmətə başlamasından keçən dövr ərzində tikilən yeni istirahət və müalicə məkanlarının sayı 22-yə, işçilərinin sayı isə 1350-yə çatıb. İşçi seçimində yerli əhaliyə üstünlük vermələri isə onları fərqləndirən keyfiyyətdir. Qeyd edək ki, bir çox iş yerləri kimi, təcrübəli kadr tələbi qoymayan hotellər öz kadrını bir neçə ay içərisində yetişdirir. Təcrübəli kadrlar isə onlara sadəcə, kadr yetişdirmək üçün lazımdır.

Müştərilərinə gəlincə, burada da ölkə əhalisinin üstünlük təşkil etdiyi danılmazdır. Əcnəbilər isə onların xidmətindən, əsasən, yayda istifadə edir. Hərçənd, qışın bu oğlan çağında da hotellərdə tək-tük də olsa, zənciyə rast gəldik. Uzun sözün qısası, Uzaq Şərq və Avropadan gələn qonaqlar Qafqaz hotellərdə Azərbaycanda hotelçilik mədəniyyəti ilə tarixdən gələn qonaqpərvərlik keyfiyyətinin vəhdətini görür, bir gələn bir də gəlir. Bunun sübutu kimi, Qafqaz Hotelləri Qrupunun satış meneceri Elşən Mirzəyev jurnalistlərlə maraqlı bir təcrübələrini bölüşdü. Onun sözlərinə görə, eyni soyadlı şəxslərin ziyarət etdiyini müşahidə edən hotel əməkdaşları əvvəlcə qonaqlarının daha əvvəl burada istirahət edən əcnəbilər olduğunu düşünüb. Sonradan yanıldıqlarının fərqinə varıblar. Bu da onu göstərir ki, gedənlər Azərbaycanı və Qafqaz hotellərini öz yaxınlarına da məsləhət görür.

Yengicədə “Thermal və SPA”?

Xidməti ilə bir görəni valeh edib ikinci dəfə gəlməyə məcbur edəcək məkanlardan biri Qəbələdəki “Yengicə Thermal and SPA” hoteldir.

Bakıda “Thermal” və “SPA” sözlərinə rast gəlmək adi hal alsa da, rayonlarımızda bu, təəccüb doğurur. Daha doğrusu, bu, indiyədək belə idi.

Bu sözlər xidmətinin mahiyyətinə çevrilən “Qəbələ Yengicə Thermal and SPA” hotel yeni olsa da, çoxdan nüfuz qazanıb. 2014-cü ildən həm istirahət, həm də müalicə məkanı kimi fəaliyyətdə olan “Yengicə Thermal and SPA” bu nüfuzu üstünlükləri ilə qazanıb. Təbiətin sakit güşəsində, Yengicə isti su vannalarının mənbəyində yerləşən hotel şəhər stresindən uzaqda dincəlmək və peşəkar həkimlərin müşayiəti ilə müalicə almaq istəyənlərin lap ürəyindən olacaq. Onun ən cazibədar tərəflərindən biri də İsti su vannaları ilə yanaşı, Naftalan vannalarının da mövcudluğudur. Mütəxəssislərin fikrincə, daim təmizlənən və yenilənən Naftalan vannaları keyfiyyəti ilə bu xidməti göstərən alternativ müəssisələrdən seçilir.

Burada istirahət edərək həm də müalicə alan hər müştərinin vaxtını əyləncəli keçirməsi üçün də şərait yaradılıb. Məsələn, balıq həvəskarları yaxınlıqdakı göldən balıq tutaraq onu öz zövqünə uyğun şəkildə manqalda bişirib istirahət və əyləncənin dadını çıxara bilər.

5 ulduzlu Qafqaz Sport Hoteldə bir gecə

Jurnalistlərin səfəri ikigünlük olduğundan onlar 5 ulduzlu Qafqaz Sport Hoteldə yerləşdirildi. Bu da onlara buradakı şərait, xidmətin səviyyəsi, müştəri məmnuniyyətinə cavab verib-verməməsi ilə yaxından tanışlıq imkanı yaratdı. Qəbələ şəhərinin mərkəzinə yaxın yerdə yerləşən beşulduzlu rezort tipli otelin 117 otağı, həmçinin ərazisində koteclər var. Otelin restoranında qonaqlar dünya və Azərbaycan mətbəxinin ləziz neymətlərini dada bilərlər. Burada həm şam, həm də səhər yeməyinə qonaq edilən jurnalistlər maraqlı, əyləncəli, unudulmaz gecə keçirdilər.

İndi onları nə gözləyir?

Növbəti gün jurnalistləri həyəcan, adrenalin dolu saatlar gözləyirdi. Bir azdan dəniz səviyyəsindən 1000 -1920 metr yüksəklikdə kanatlarla uçmaq, qar üstündə sürüşüb yerə dəyməyin ləzzətini duyacaqdılar. Hamı ilk dəfə ayağına xizək geyinib, çubuqlarla təkan verərək özünü heç də sağlam olmayan bir yola, sürüşkən bir enişə atacaq…Harada? Harada ola bilər ki? Təbii ki…

Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində uçan kim, sürüşən kim..?

Qafqaz Sport hoteldən sonra Qafqazın ən müasir dağ xizəkçilik məkanlarından biri olan Tufandağ hoteli müasir infrastrukturu ilə xizəksevərlərin əvəzedilməz məkanlarından biridir. İstismara ötən il verilən hotel mövqeyi, rahatlığı və yüksək xidmət səviyyəsi ilə rəqiblərindən bir addım öndədir. Tufandağ hoteli həm həftəiçi, həm də xüsusi həftəsonu paketləri ilə müştərilərinə cazibədar təkliflər edir. 2 nəfər üçün 179 AZN ödəyərək müştərilər burda 2 nəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitness, ödənişsiz xizək dəsti, ödənişsiz xizək geyimləri, xizək xəttinə buraxılış kartı, eyni zamanda hoteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec çıxış (16:00-a qədər) imkanları da əldə edə bilirlər.

Novruzda çal-çağır da olacaq

Onu vurğulayaq ki, Qafqaz hotelləri Novruz bayramı münasibətilə 19-28 mart tarixlərində xüsusi kampanyaya start veriblər. Arzu edənlər 72 AZN-dən başlayan iki nəfərlik otaq qiymətləri ilə, 22-23-24 Mart tarixlərində isə 116 AZN-dən başlayan 2 nəfərlik otaq qiymətləri ilə istirahətini maraqlı keçirə bilərlər. 72 AZN-ə iki nəfərin gecələmə, səhər yeməyi, internet, spa və fitness qiyməti daxildir. 116 manatdan başlayan Novruz paketinə isə gecələmə, səhər yeməyi, SPA ilə yanaşı, bayram şousu da daxil edilib. Şou proqramda musiqiçilər, aparıcılar, DJ-lər, keçəl və kosa, klounlar, rəqqas və rəqqasələr, sehrbazlar çıxış edəcək, köpük şousu olacaq.

Odur ki, bu cazibədar təkliflərdən yararlanıb xizəklə sürüşməyi, yüksəkliklərdən təbiəti seyr etməyi, hətta dəniz səviyyəsindən 1920 metr yüksəklikdə yemək yeməyi mütləq sanaqdan çıxarın.

Necə edək ki, bir görən bir də gəlsin?

Qeyd edək ki, bölgədə turizmin inkişafına təkan verəcək, turistlərin zamanını əyləncəli keçirməsinə şərait yaradacaq layihələrin həyata keçirilməsi davam edir. Necə edək ki, bir görən bir də gəlsin? - sualına cavab olacaq hər maraqlı təklif Qafqaz Hotellər Qrupu mütəxəssislərində maraq yaradır.

Sırada atçılıq mərkəzinin açılışı var. Həmin açılışdan sonra milli hotelçilərimiz balıq həvəskarı olan turistlər kimi, at həvəskarlarının da istəyinin təmin edəcək. Qafqaz Sport Hotelin yaxınlığında yerləşən həmin Mərkəzin tikintisi isə davam edir.

Bütün bu gördüklərimizdən sonra əminliklə deyə bilərik ki, istirahətin tam zamanıdır. “Qafqaz” Hotellərinin yaratdığı fürsəti fövtə vermək olmaz.

Ruhiyyə DAŞSALAHLI

Bakı-Qəbələ-Bakı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm