“İslam Yusifovun azadlığa buraxılmasının məntiqini anlamıram" - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“İslam Yusifovun azadlığa buraxılmasının məntiqini anlamıram" - AÇIQLAMA

Bu günlərdə Ali Məhkəmənin qərarı ilə “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun kassasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb. Onun azadlığa buraxılması 81 nəfər zərərçəkmişin hüquqlarının pozulması ilə müşayiət olunub. Belə ki, 81 nəfərin 38 milyon manatdan çox pulunu mənimsəyən Zal Yusifov cinayət əməlinə öz oğlunu da cəlb edib. Buna görə də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ata 15, oğul isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmənin qərarına görə, Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi pullar hesabına tikilmiş mülkləri satılmalı, əldə olunan gəlir hesabına zərərçəkmişlərə dəyən ziyan ödənilməlidir. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb. Lakin 81 nəfərə dəyən ziyan ödənmədən bankrin oğlunun azadlığa buraxılması birmənalı qarşılanmayıb.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili, parlamentin Əmək və sosial siyaət komitəsinin üzvü Araz Əlizadə bildirib ki, əslində istənilən bankın, onun filialının rəhbərinin dəyişilməsindən, həbsindən asılı olmayaraq, insanlara dəyən ziyan ödənilməlidir. Onun sözlərinə görə, banka qoyulan məbləğin sığortası da olmalıdır: “Əgər bu edilməyibsə, günahkar yenə də, həmin bankın rəhbəridir. Odur ki, bankın müflis olmasından, ora vətəndaşların qoyduğu maliyyənin yağmalanmasından asılı olmayaraq, vətəndaşa dəyən zərər ödənilməlidir. Bizim məsələyə yanaşmamız bundan ibarətdir. Bank rəsmi fəaliyyət göstərib. Yanvarın 19-da biz parlamentdə banka qoyulan əmanətlərin 100 faiz sığortalanması haqqında qanun qəbul etdik. Ancaq bundan əvvəl də ora qoyulan məbləğin müəyyən hissəsi sığorta olunub. Bütün hallarda insanlara dəyən zərər ödənməlidir”.

Millət vəkili qeyd edib ki, əslində bu işlə bağlı geniş məlumatlı deyil, lakin mətbuatda bu mövzudaı məlumatlara rast gəlir: “Mən bir daha bəyan edirəm ki, bu insanların ziyanı ödənilməlidir. Təsəvvür edirəm ki, 81 nəfər vətəndaşın banka etibar edərək qoyduğu 38 milyon manat sadəcə olaraq ortada tar-mal edilib. Nəzərə almaq lazımdır ki, insanlar bu pulu bankın Bakı filialına qoyarkən, 1 ABŞ dolları 0.78 qəpik idi. Yəni onda manat devalvasiyada etməmişdi və Azərbaycan manatı daha güclü idi. Başqa sözlə, həmin dövrdə yeyilən məbləğin miqdarı 50 milyon dollardan az olmayıb. Bu maliyyə vətəndaşların özünə qaytarılmalıdır”.

Parlamentin Əmək və sosial siyaət komitəsinin üzvü deyib ki, bu pulu mənimsəyənlərdən biri olan İslam Yusifovun azadlığa buraxılmasının məntiqini anlamır: “Qanuna görə, 81 nəfərə dəyən zərər ödənilməlidir. Əgər bu vəsait ödənmirsə, həmin şəxs azadlığa buraxıla bilməz. Qanun belə deyir. İstənilən şəxs əgər insanlara vurduğu ziyanı ödəmirsə, onu vaxtından əvvəl azad etmək olmaz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm