Xocalı faciəsi
Bizi izləyin

Qırmızı.az

Xocalı faciəsi

Xocalı faciəsi XX əsrdə insanlığa qarşı baş vermiş ən dəhşətli cinayətlərdən biridir. Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılıb. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılıb. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılıb. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olub. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşıblar. Sonralar erməni tərəfi etiraf edib ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.Qarabağdakı yeganə aeroport da Xocalıdadır.

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalıb.

Xocalıya sonuncu vertolyot 1992-ci ilin yanvarın 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınıb və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

"Xocalı platsdarmının məhv edilməsi" sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.

Faciənin xronikası

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınıb və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılıb. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olub. Tezliklə aydın olub ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulublar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilib. Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf edib. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilib. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar. Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş verib. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılıb, təkcə Malıbəylidə 50 nəfər öldürülüb, yaralanıb və əsir götürülüb. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunub. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Nəticədə şəhərdə yanğınlar baş verib və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olub. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 613 nəfər həlak olub, onlardan: uşaqlar 63nəfər; qadınlar 106 nəfər; qocalar 70 nəfər idi. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini itirmişdir. 130 uşaq valideynlərindən birini itirmişdir, 487 nəfər yaralanıb, onlardan uşaqlar 76 nəfər uşaq idi. 1275 nəfər əsir götürülüb. 150 nəfər itkin düşüb. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub. Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.

Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:

Krual'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.

Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv ediblər.

Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələyiblər. Azərbaycanlılar 1200-ə qədər cəsəd sayıblar.
Livanlı kinooperator təsdiq edib ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınıb, körpə qızın ancaq başı qalıb.

İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilib. Kişilərin skalpları götürülüb.

Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirib ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalıb.

Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülüb, dırnaqları çıxardılmış 3 nəfəri görüblər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.

İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

Valeraktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv ediblər.

R. Patrik, İngiltərənin "Fant mennyus" teleşirkətinin jurnalisti (hadisə yerində olub):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır.
Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak edib. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.

Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatıb ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur! Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.

Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də giriblər.

Hücumun gedişatı

Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanıb. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılıb. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girib.

Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilib. Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılıb.

Əhalinin çıxması üçün azad dəhliz

Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual ediblər. Soruşulanlardan ancaq biri söyləyib ki, dəhliz barədə məlumatı olub. Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdur və nəticədə çoxlu sayda insan həlak olub.

Şəhərdə qalmış əhalinin müqəddəratı

Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalıb. Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilib. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.

Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti

Müvəqqəti saxlanılma təcridxanasının rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu.

Xocalı sakinlərinin əmlakı

Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməyiblər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər. Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olublar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılıb.

Alınmış məlumatların qiymətləndirilməsi

Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib. Azad dəhliz barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmayıb.

Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbiçiləri iştirak edib.

Memorial Hüquq-müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul edib) aşağıdakı maddələrinə kobud qaydada ziddir:

Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.

Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.

Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.

Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.

Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.

Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.19748-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir.

Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin açıqlaması:

"Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə "silos" quyusuna töküb, üzərini torpaqladılar." "...ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular."

"Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndində gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq".

İlqar Əliyev Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı sakininin acından öldüyünü vurğulayıb:

"Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi".

Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu işgəncə və qətliamlar haqda danışıb:

"Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər". O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər gün döyüldüyünü və işgəncəyə məruz qaldığını deyib:

"Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər".

"Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi".

Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı – şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdiklərisoyqırım haqqında yazır:

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlayıblar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim.Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır:

"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq.Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım.Mənim ayaqlarım və şalvarım qan içində idi.Və mən beləcə 1200 meyidin üstündən keçdim".

"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyindəyandırdı.Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm.Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır.Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi.Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam.SonraTiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı.Daha sonra onları yandırdılar.Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2010-cu il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 91 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Həmin şəxslərdən 21 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 30 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 34 nəfərin isə siyahılardan təkrar keçdiyi, 6 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilib.

Beləliklə, 1 yanvar 2011-ci il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil edib. Onlardan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 5 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.

Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 247 nəfər qadın, 347 nəfər yaşlı şəxsdir (149 nəfər qadın).

Əsir, itkin düşmüş 4049 nəfərdən 878 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınıb.

Əsir və girovluqdan 1399 nəfər azad edilib. Onlardan 343 nəfər qadın, 1056 nəfər kişidir. Eyni zamanda 170 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın).

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

Xocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi

Beynəlxalq cinayət — ayrı-ayrı dövlətlərin hüquq və qanuni mənafelərini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kobud və ya kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir. Beynəlxalq hüquq elmində "beynəlxalq cinayət" və "beynəlxalq xarakterli cinayət" kateqoriyaları fərqləndirilir. Soyqırımı cinayəti beynəlxalq cinayət kateqoriyasına aiddir. Həmin cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq və Tokio) Nizamnaməsində ifadə olunub. Sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində və Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda təkmilləşdirilməklə bir daha təsdiqini tapıb. Nürnberq Tribunal Nizamnaməsində beynəlxalq cinayətlər üç qrupa ayrılıb: - sülh əleyhinə cinayətlər; - müharibə cinayətləri; - insanlıq əleyhinə cinayətlər. İkinci dünya müharibəsindən sonra beynəlxalq birlik genosidi müstəqil beynəlxalq cinayət kimi fərqləndirdi. Nürnberq Tribunalı Nizamnaməsi və hökmlərində soyqırımı termini işlədilməmişdir. Nürnberq Tribunalı Nizamnaməsinin təsnifatına görə soyqırımı insanlıq əleyhinə cinayətlərə daha yaxındır. Lakin soyqırımı insanlıq əleyhinə cinayətlərdən müəyyən əhali qrupuna qarşı repressiyanın miqyasına və dəqiq ifadə olunan məqsədinə görə fərqlənir. Soyqırımı müəyyən mənada müharibə cinayətlərinə də oxşardır. Belə ki, həmin cinayətin törədilməsi hərbi əməliyyatların aparılması vaxtı ilə üst-üstə düşə bilər. Lakin soyqırımı müharibə cinayətlərindən də məqsədinə görə fərqlənir, həm də soyqırımı dinc dövrdə də törədilə bilər (məsələn, Kombocada Pol Poto öz xalqına qarşı soyqırımı həyata keçirib). Məhz həmin əlamətlərinə görə Yuqoslaviya və Ruanda Tribunalları nizamnamələrində, Beynəlxalq Cinayət Məhkəməsi Statutunda soyqırımı cinayəti müharibə cinayəti və insanlıq əleyhinə cinayətlərdən ayrılıb. Soyqırımın hüquqi məzmunu hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər təşkil edir: - bu cür qrup üzvlərinin öldürülməsi; - belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; - hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; - bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; - uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi. Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini obyektiv cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırımı kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyətini ortaya çıxarmaq tələb olunur. Qabaqcadan xüsusi düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin avtomat, pulemyot və başqa silahlardan gülləboran edilməsi məhz soyqırımı niyyətini sübut edir. Həmin cinayətin azərbaycanlı milli qrupuna qarşı yönəlməsi də göz qabağındadır. Soyqırımı cinayətini təhlil edərkən onun əsas üç ünsürünün mövcud olması aydınlaşır: - tanınan milli, etnik, irqi və ya dini qrupun olması; - bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea); - tanınan qrupla bağlı genosid hərəkətlərdən hər hansı birinin törədilməsi (astus reus). Deməli, soyqırımı aktı hökmən milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlməlidir. Başqa qrupa, məsələn, siyasi və ya sosial qrupa qarşı yönələn bu cür hərəkətlər genosid kimi qiymətləndirilə bilməz. Soyqırımı anlayışı qadağan olunmuş əməlin ümumi nəticələrinə dair konkret niyyətin olmasını tələb edir. Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləşdirir: - niyyət, təsadüfi, bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə şəxsin deyil, qrupun məhv edilməsindən ibarət olmalıdır. Fərdin şəxsiyyəti yox, məhz müəyyən qrupa mənsubluğu soyqırımı qurbanlarını təyin etmək üçün həlledici meyardır; - niyyət, qrupun bir qrup kimi, özü-özlüyündə, başqasından fərqlənən bir ayrıca qurum kimi məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı bütöv insan qrupunun mövcudluğu hüququnu tanımaqdan imtinadır. Adamöldürmə (hemosid) isə ayrı-ayrı insan varlıqlarının yaşamaq hüququnu tanımaqdan imtina kimi səciyyələnir. Deməli, astus reus (qadağan olunmuş əməl) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğu əleyhinə yönəlməlidir; - niyyət, qrupun "tamamilə və ya qismən" məhv edilməsindən ibarət olmalıdır; - niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun məhv edilməsindən ibarət son nəticənin əldə olunması tələb olunmur. Bunun üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən əməllərdən hər hansı birinin müəyyən qrupun bir qrup kimi tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi kifayətdir. Genosidin obyektiv cəhətinə aid olan məhvetmə anlayışı qrupun fiziki və ya bioloji vasitələrlə fiziki məhv olunmasını bildirir. Burada söhbət qrupun milli, din, dil, mədəni və ya digər özünəməxsusluğunun məhv olunmasından getmir. Soyqırımı cinayətinin obyektiv cəhətinə "mədəni genosid" aid deyildir. "Barcelona Traction Case" işi üzrə qərarında BMT-nin Beynəlxalq Məhkəməsi soyqırımı aktlarının qadağan olunması və bağlı öhdəlikləri “erga omnes” öhdəliklər adlandırıb. Beynəlxalq Məhkəmə Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın əsasında duran prinsipləri beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi xarakter daşıyan normalar kimi tanıyıb. Soyqırımı cinayətinin olduğu kimi qiymətinin verilməsi və beynəlxalq hüquq normalarının tələb etdiyi kimi onu törədənlərin layiqli cəzalarını alması zəruridir.

Xocalı soyqırımının beynəlxalq cinayət kimi hüquqi əsasları

Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsifi üçün hüquqi əsaslar aşağıdakılar hesab olunmalıdır:

1) BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmişdir); 2) Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulubdur); 3) Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. 4); 4) Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad.l); 5} Beynəlxalq Cinayət məhkəməsinin Statusu (mad. 6); 6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103); 7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı.

Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri

Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aşağıdakıları müəyyənləşdirib:

1. Soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə əsasən həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər. 2. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırıma cəhd və soyqırımında iştirak etmək də cinayət məsuliyyəti doğurur. 3. Soyqırımı cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır.

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan edib. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olub. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. Tarix heç nəyi unutmur.

Murtəza Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrası baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru

Oxumağa davam et
Reklam
Reklam

Gündəm