Azərbaycanlı alimin Xocalı soyqırımı haqqında çıxışı konfrans iştirakçılarını sarsıdıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı alimin Xocalı soyqırımı haqqında çıxışı konfrans iştirakçılarını sarsıdıb

Xəbər verildiyi kimi, Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Moldovanın paytaxtında “Ərazi münaqişələrinin həllində ikili standartlar siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfrans Azərbaycanın Moldovadakı səfirliyi, Moldova Respublikası Hökuməti yanında İctimai İdarəçilik Akademiyası, Moldova İctimai Palatası tərəfindən təşkil edilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva konfransda çıxış edərək Xocalı soyqırımının bəşər tarixində ən qanlı səhifələrindən biri olduğunu vurğulayıb. Siyasi elmlər üzrə fəlsəfə doktoru M.Əliyeva deyib: “Xocalıda dəhşətli kütləvi qırğın erməni terrorçularının Azərbaycana qarşı işğal və soyqırımı siyasətinin görünməmiş qəddarlıq, insan haqlarının kobud şəkildə pozulması və antihumanist aktlarla müşayiət edilən, beynəlxalq hüquq normalarına zidd olan tərkib hissəsidir. “Memorial” Hüquq-Müdafiə Təşkilatının rəyinə əsasən, erməni silahlı birləşmələrinin hərəkəti Cenevrə Konvensiyasına, Ümumdünya İnsan Haqları Bəyannaməsinə, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsinə tam ziddir”.

M.Əliyeva qeyd edib ki, Xocalı faciəsi erməni millətçilərinin XX əsr boyu Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinə daha bir nümunədir. O deyib: “Bu siyasətin kökləri uzaq keçmişə gedib çıxır. Ermənilər ilkin yurdları Balkanlardan Şərqə gələrək erkən orta əsrlərdə Fərat vadisindən Kiçik Asiyayadək “vətən” axtarışında səpələnib, Orta Şərqin geniş ərazisində köçəri həyat sürüblər. Sonra isə erməni Qriqorian kilsəsinin xeyir-duası ilə “erməni məsələsi”nin ana xəttini təşkil edən virtual dövlət layihələrini uydurublar. Türkmənçay müqaviləsindən sonra Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində Şimali Azərbaycana hissə-hissə köçürülən ermənilər “erməni məsələsi”ni yüksələn xətt üzrə irəlilədiblər. XX əsrin əvvəllərində dünya erməniləri Azərbaycanın əzəli torpaqlarını zorla qoparmaq üçün fəaliyyət çərçivəsini dəyişiblər. Xərçəng şişinə çevrilən bu sindrom regionda qeyri-sabitliyin, konfrontasiyanın katalizatoruna çevrilib, qarşısına çıxan hər şeyi dağıtmaq, terror və məhv etmək yolu ilə ölkənin müsəlman əhalisinə qarşı soyqırımı törədib. 1918-ci ilin martında ermənilər “nəsibsiz” və “alçaldılmış” xalq maskasını cıraraq ona sığınacaq vermiş Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib, Bakı, Şamaxı, Quba, Zəngəzur və İrəvanda kütləvi qırğınlar törədiblər. Azərbaycanın şəhər və kəndlərinin dinc sakinlərinin kütləvi qətli erməni sindromunun amansız, qana susamış mahiyyətini göstərib”.

M.Əliyeva deyib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş SSRİ-nin Stepanakertdə yerləşdirilmiş 366-cı motoatıcı alayının ayrı-ayrı hərbi qulluqçularının iştirakı ilə həyata keçirdiyi soyqırımı bütöv şəhəri Yer üzündən silinib. Faciə nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 nəfər qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər (onlardan 76-sı uşaq) ömürlük şikəst qalıb, 150 nəfər itkin düşüb. Onlarla cəsəd təhqir olunub. Ağdam şəhər sanitar qatarının həkimləri başlarının dərisi soyulmuş dörd meyit, bir başsız bədən qeydə alıblar. Cəsədlərin çoxunun gözləri çıxarılıb, qulaqları, əl-qolları kəsilib, qarınları yırtılıb, bəzi cəsədlər yandırılıb və ya ağır texnikanın altında əzilib. Odlu silahdan açılan atəşə tuş gələnlərdən başqa, onlarla adam meşələrdə soyuqdan və donvurmadan ölüb. 1275 nəfər Xocalı sakini əsir götürülüb, onların sırasında Orta Asiyadan gəlmiş məshəti türkləri də olub. Xocalı sakinlərinin ifadələrinə görə, əsirlər “mübadilə materialı” qismində saxlanılıb. Ermənilərin dinc əhaliyə qarşı törətdiyi bu vəhşilik insan ağlına sığmır. Bu, insana xas olmayan, təsvirəgəlməz qəddarlıq nümunəsidir”. Azərbaycanlı alimin bu sözləri beynəlxalq konfrans iştirakçılarını sarsıdıb.

Onun fikrincə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası Xocalı faciəsinin dünya birliyi tərəfindən tanınması işinə böyük töhfə verib. Fondun aksiyası 2008-ci ildən başlayaraq dünyanın bir çox ölkələrində, beynəlxalq təşkilatların ofislərində, o cümlədən Cenevrədə BMT-nin qərargahında keçirilib. “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası Xocalı həqiqətlərini yaymaqla erməni təbliğatına zərbə vurub. Bu kampaniya nəticəsində 2010-cu ildə İslam Əməkdaşlığı Təşkilatının Parlament Assambleyasının qəbul etdiyi sənədə əsasən 51 dövlətin parlamenti Xocalı soyqırımını bəşəriyyətə qarşı yönələn cinayət kimi tanıyıb. Xocalı soyqırımını Pakistan, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Meksika, Honduras, Qvatemala, Peru, Kolumbiya, Panama, Sudan parlamentləri tanıyıb. Hazırda ABŞ-ın 21 ştatı Xocalı soyqırımına dair qətnamə qəbul edib.

M.Əliyeva deyib: “Biz ədalət uğrunda mübarizə aparan Moldova parlamentinin vəkili və Moldova Respublikası İctimai Parlamentinin prezidenti Aureliya Qriqoriuya minnətdarıq. O, 2013-cü il iyulun 4-də “Qanunun aliliyi və sərhədlər barədə Avropa standartları: Avropa Şurasının üzvü olan ölkələrdə hakimiyyət orqanlarının baxışları” konfransında Ermənistan parlamentində çıxış edərək Ermənistanın Qarabağda 25 ildən çox davam edən hərəkətlərini təcavüz adlandırıb, bu ölkənin Azərbaycan ərazisinin 20 faizinin işğal etdiyini bildirib və bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan edib. Bu cəsarətli qadın Ermənistanda özünə qarşı amansız təzyiqlərə, təhdidlərə ləyaqətlə dözüb və öz prinsiplərindən geri çəkilməyib”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru M.Əliyeva çıxışının sonunda deyib: “Bizim işimiz haqq işidir, biz dünya birliyinin soyqırımı faktını tanıması və bu cinayətin əli günahsız qocaların, qadınların və uşaqların qanına batmış baiskarlarının cəzalandırılması uğrunda mübarizə aparacağıq. Onlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Dünya ictimaiyyəti bunu bilməlidir. Xocalı soyqırımı səlahiyyətli beynəlxalq strukturlar tərəfindən soyqırımı aktı kimi obyektiv qiymətini almalı, bu cinayəti törədənlərə qarşı isə sanksiyalar tətbiq olunmalıdır. Biz nüfuzlu beynəlxalq təşkilatları obyektiv mövqe tutmağa, bu soyqırımını bir daha müzakirə etməyə və onu törədən cinayətkarların layiq olduqları cəzaya çatması üçün səylərini artırmağa çağırırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm