Gürcüstandakı soydaşlarımızdan bəyanat: Qarabağ uğrunda savaşa hazırıq
Bizi izləyin

Qırmızı.az

Gürcüstandakı soydaşlarımızdan bəyanat: Qarabağ uğrunda savaşa hazırıq

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycanın möqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Azərbaycan ordusunun son cavab əməliyyatı dünyanın dörd bir tərəfində diqqətlə izlənilir. Gürcüstanda yaşayan azərbaycanlıların "Qeyrət" Xalq Hərəkatı da Azərbaycan ordusunun son zəfərini böyük coşqu ilə qarşılayıb. Hərəkatın sədri Əlibala Əsgərov "Şərq"ə verdiyi açıqlamada deyib ki, Gürcüstan türkləri bu haqlı savaşda Azərbaycanın doğru yolda olduğunu bəyan edir və lazım gələn anda biz də hamılıqla Qarabağ uğrunda savaşa qatılmağa hazırıq: "Azərbaycanın qəhrəman oğullarını, ölkə rəhbərliyini və bütün xalqımızı son qələbə münasibəti ilə təbrik edirik. Gürcüstan azərbaycanları da istənilən an qardaşlarımızla eyni səngərdə düşmənə qarşı döyüşmək əzmindədir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm