35 nəfərdə siflis, 3 nəfərdə isə İİV aşkarlandı - Nikahdan öncə
Bizi izləyin

Qırmızı.az

35 nəfərdə siflis, 3 nəfərdə isə İİV aşkarlandı - Nikahdan öncə

Bu ilin mart ayı ərzində 10 min nəfər nikahdan əvvəl tibbi müayinədən keçib. Onlardan 293-də talassemiya daşıyıcılığı, 35-də siflis,3 nəfərdə isə İİV infeksiyası aşkarlanıb.

Bunu Publika.az-a açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, ötən ilin iyun ayından bu aya qədər nikaha girmək istəyən 117 min 500 nəfər müayinə olunub. Onların 6521-də talassemiya, 363-də siflis,74-də İİV aşkarlanıb.

Z.Əlimirzəyeva onu da vurğulayıb ki, bu rəqəmləri çox dəhşətli hesab etmək olmaz.

“50 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb ki, onlardan 5-i hamilədir. Həmin qadınlarda perinatal diaqnostika aparılıb, uşaqların xəstə olub-olmadığı yaxın zamanda bəlli olacaq. 1 qadının müalicə nəticəsi bəllidir. Dölyanı mayenin molekulyar müayinəsi nəticəsində uşağın xəstə olduğu aşkarlanıb. Valideynlər uşağın doğulmasını istəmədilər. Həmin ailəyə növbəti hamiləlikdə müraciət etmələrini məsləhət gördük. Çünki artıq cütlüklərdəki genetik dəyişikliyi bilirik, növbəti hamiləliklərdə daha asanlıqla müayinə ediləcək. Ola da bilər ki, həmin cütlüyün növbəti uşağı xəstə yox,sağlam olsun”.

Z.Əlimirzəyeva artıq cütlüklərin nişana qədər müayinədən keçmələrinə üstünlük verdiklərini bildirib.

“Bu yaxınlarda bir qız elçi gəlmək istəyən bir nəfərin olduğunu,lakin razılıq verməmişdən əvvəl müayinə olunmaq üçün müraciət etmişdi. Yəni aparılan maarifləndirmə tədbirlərindən sonra cütlüklər, evlənməyə razılıq verməmişdən əvvəl xəstəlik olub-olmadığını bilmək istəyirlər. Bu çox təqdirəlayiq haldır. Qız Qəbələ, oğlan İsmayıllı rayonundan idi, onların daşıyıcı olma ehtimalı var idi, lakin heç birində daşıyıcılıq aşkarlanmadı. Bu cür müraciətlər son vaxtlar artır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm