ATU Bakı Limanı və TİKA ilə əməkdaşlıq imkanlarını araşdırır
Bizi izləyin

Qırmızı.az

ATU Bakı Limanı və TİKA ilə əməkdaşlıq imkanlarını araşdırır

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mərkəzi aparatında bu qurumla Azərbaycan Texnologiya Universiteti (ATU) arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə dair görüş keçirilib. Görüşdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin strategiya və biznesin inkişafı üzrə müşaviri Şahin Yusifov və aparat rəhbəri Aynur Arazova, həmçinin Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov və ATU-nun elm və beynəlxalq əlaqələr üzrə prorektoru Səbuhi Yusifov iştirak edib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC sədrinin strategiya və biznesin inkişafı üzrə müşaviri Şahin Yusifov bildirib ki, son illərin ən nəhəng və perspektivli layihələrindən hesab olunan limanda 400 hektar ərazini əhatə edəcək azad ticarət zonasının yaradılması nəzərdə tutulur. Qeyri-neft sektorunun inkişafına böyük töhfə verə biləcək bu layihə ölkəmizə bir sıra xarici şirkətləri və irihəcmli investisiyaları cəlb etməyə imkan verəcək. Çünki, Azərbaycanın beynəlxalq ticarət yollarının mərkəzində ideal coğrafi məkanda yerləşməsi Bakı Limanının Avrasiya üçün mərkəzi qovşağa çevrilməsinə zəmin yaradır. Bu isə gələcəkdə yeni strukturların və iş yerlərinin yaradılmasını zəruri edəcək.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının aparat rəhbəri Aynur Arazova isə bildirib ki, bu layihə artıq kadr təminatı məsələsi üzərində ciddi düşünməyi zəruri edir. Belə ki, liman rəhbərliyi yaxın vaxtlarda fəaliyyətə başlayacaq nəhəng logistika şəbəkəsinin təlim-tədris mərkəzinin yaradılması planları üzərində işləyir.

Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov qeyd edib ki, Bakı Limanı üçün mütəxəssislərin hazırlanması layihələrinə nazirlik bütün resursları ilə dəstək verməyə hazırdır. Belə ki, təhsilin müxtəlif pillələri üzrə fəaliyyət göstərən müəssisələrdə müxtəlif kvalifikasiyalı kadrların hazırlanmasını təşkil etmək mümkündür.

ATU-nun elm və beynəlxalq əlaqələr üzrə prorektoru Səbuhi Yusifov təmsil etdiyi universitetin fəlaiyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında danışıb. O, bildirib ki, ATU-da Təhsil Nazirliyinin pilot layihəsi olaraq həyata keçirilən Müştəriyə Yönəlmə Proqramı məhz müəssisələrlə müxtəlif istiqamətlərdə, xüsusən də kadr hazırlığının təkmilləşdirilməsi məsələlərində əməkdaşlığı nəzərdə tutur. Bu isə ATU ilə Bakı Limanının əməkdaşılğı üçün real zəmin hazırlayır.

Əməkdaşlıqla bağlı daha bir görüş isə Türkiyə Respublikası Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisində keçirilib. TİKA-nın Azərbaycan üzrə koordinatoru Mustafa Haşim Polad qurumun Azərbyacanda həyata keçirdiyi layihələrdən danışıb. O, bildirib ki, TİKA-nın Azərbaycanda həyata keçirdiyi layihələr daha çox qeyri-neft sektorunu əhatə edir. Belə ki, qurumun Bakı Proqram Koordinasiya Ofisi rətəfindən indiyədək təhsil və mədəniyyətlə bağlı müxtəlif layihələr icra olunub, bölgələrdə kənd təsərrüfatının inkişafına dəstək verən proqramlar həyata keçirilib. M.Polad bildirib ki, təhsil ocaqları ilə əməkdaşlıqda maraqlı olan TİKA-nın Bakı Proqram Koordinasiya Ofisin ATU ilə müxtəlif birgə layihələrdə iştirak etməyi faydalı hesab edir.

ATU-nun elm və beynəlxalq əlaqələr üzrə prorektoru Səbuhi Yusifov isə universitetin yerli və beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrindən danışıb, mütəxəssis hazırlığının uyğun istiqamətləri üzrə TİKA ilə işbirliyinin səmərəli olacağını qeyd edib. Müzakirələr nəticəsində TİKA-nın dəstəyi ilə ATU-da arıçılıq laboratoriyası və dünyanın nüfuzlu halal qida standartı olan GİMDES-in nümayəndəliyinin yaradılması, eləcə də birgə təlim kurslarının keçirilməsinin mümkünlüyü barədə ortaq qərara gəlinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm