Gənclər Fondu 8-ci qrant müsabiqəsinə yekun vurub
Bizi izləyin

Qırmızı.az

Gənclər Fondu 8-ci qrant müsabiqəsinə yekun vurub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Gənclər Fondundan APA-ya verilən məlumata görə, toplantının gündəliyinə “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 fevral tarixli sərəncamının icrası istiqamətində görüləcək işlər, 8-ci qrant müsabiqəsinin yekunları, beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi qaydalarına və maliyyə dəstəyinin göstərilməsi haqqında müqaviləyə dəyişikliklərin edilməsi, Fondun 2012-2015-ci illərdəki fəaliyyətinin auditor yoxlamasının təşkili məsələləri daxil edilib.

İclasa sədrlik edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov deyib ki, Avropa məkanında gənclər təşkilatlarının ən böyük platforması olan Avropa Gənclər Forumunun təşəbbüsü ilə 2009-cu ildən etibarən hər il bir şəhər “Avropa gənclər paytaxtı” seçilir. Gəncə ilk şəhərdir ki, Avropa İttifaqına daxil olmayan ölkəni təmsil edir. 2016-cı il ərzində Avropa gənclərinin diqqəti Gəncəyə yönələcək. Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq müvafiq tədbirlərin keçirilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb, 9 nazirlik və 2 dövlət komitəsinin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun üzərinə konkret vəzifələr qoyulub. Fonda tövsiyə edilib ki, 2016-cı ildə keçirəcəyi maliyyə yardımı müsabiqələrində Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı layihələri prioritet istiqamətlərdən biri kimi nəzərdə tutsun. Müşahidə Şurasının üzvləri 8-ci qrant müsabiqəsinin yekunlarının müzakirəsi zamanı Gəncə şəhərində icrası nəzərdə tutulan layihələrə üstünlük verilməsinin məqsədəuyğun olduğunu vurğulayıblar.

Gündəlikdə duran ikinci məsələ - 8-ci qrant müsabiqəsi barədə məlumat verən T.Süleymanov bildirib ki, 2015-ci il dekabrın 18-dən 2016-cı il yanvarın 15-dək Fonda “A” (gənclər təşkilatlarının yerli layihələri), “B” (gənclər təşkilatlarının beynəlxalq layihələri) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1849 layihə təklifi daxil olub. Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını indiyədək təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 190 layihədən 144-nün, “B” kateqoriyası üzrə 17 layihədən 12-nin, “C” kateqoriyası üzrə 1642 layihədən 737-nin dəstəklənməsi məqsədəuyğun sayılmışdır. Barələrində müsbət qərar qəbul olunmuş 893 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 3 milyon 807 min 300 manat vəsaitin ayrılması nəzərdə tutulub. Verilmiş yekun qərara əsasən, gənclər təşkilatlarının Gəncə şəhərində keçirilməsi planlaşdırılan 28 yerli və 6 beynəlxalq, fiziki şəxslərin isə 59 layihəsi dəstəklənib, həmin layihələrin icrası üçün 595 min 400 manat vəsait ayrılıb.

İclasda “Maliyyə yardımının göstərilməsi haqqında Müqavilə”yə və “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi Qaydaları”na dəyişikliklər də təsdiq edilib. Müşahidə Şurası üzvlərinin müzakirələrindən sonra Fondun Nizamnaməsinə uyğun olaraq, 2016-cı ilin iyun ayında qurumun 2012-2015-ci illərdəki fəaliyyətinin auditor yoxlamasının təşkili barədə qərar qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm