Gürcü icması: "Bu status-kvo sülhə təhdiddir"
Bizi izləyin

Qırmızı.az

Gürcü icması: "Bu status-kvo sülhə təhdiddir"

Uzun illərdir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesi Ermənistanın qeyri-konstruktiv mövqeyi və təxribatçı bəhanələri ilə pozulmaqda davam edir.

AzərTac xəbər verir ki, bu fikirlər Azərbaycan Gürcü icmasının bəyanatına yer alıb.

Bəyanatda bildirilir ki, artıq 25 ildən çoxdur Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edərək, Azərbaycan ərazisinin 20 faizini işğal edib və bir milyondan artıq Azərbaycan vətəndaşını etnik təmizləməyə məruz qoyub. Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiq edən və işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə Ermənistan hələ də məhəl qoymur.

“Uzun illərdir ki, münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesi Ermənistanın qeyri-konstruktiv mövqeyi və təxribatçı bəhanələri ilə pozulmaqda davam edir. Problemə münasibətdə beynəlxalq təşkilatlar tərəfindən sərgilənən ikili standartlar siyasəti mövcud status-kvonun saxlanılmasına xidmət edir ki, bu da regionda sülhə və təhlükəsizliyə böyük təhdid olmaqla, Azərbaycan xalqının və bütövlükdə bölgə xalqlarının ciddi narazılığına və narahatlığına səbəb olur”, - deyə bəyanatda qeyd edilir.

Son günlər işğalçı Ermənistanın cəbhə xəttində növbəti hərbi təxribatlarına Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavabı və düşmənin sarsıdıcı zərbə alması mütərəqqi beynəlxalq ictimaiyyət və xalqımız tərəfindən böyük razılıqla qarşılanıb.

Bəyanatda deyilir : “Azərbaycanın gürcü icması ümid edir ki, beynəlxalq təşkilatlar - BMT, ATƏT və onun Minsk qrupu, nəhayət, Vətənimiz Azərbaycanın haqq səsini eşidəcək, Azərbaycan Respublikası ərazisindən işğalçı erməni hərbi birləşmələrinin çıxarılması haqqında çoxdan gözlənilən ədalətli qərar qəbul edəcək.

Biz ermənilərin son təxribatçılıq hərəkətlərini qətiyyətlə pisləyir və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2016-cı il aprel ayının 2-də Təhlükəsizlik Şurasında verdiyi bəyanatı birmənalı olaraq dəstəkləyirik”.

Azərbaycanın gürcü icması bütün Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir və işğalçı erməni ordusunun əzəli Azərbaycan torpağı olan Qarabağdan dərhal çıxarılmasını tələb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm