Çörək zavodundan Peyğəmbərə böyük hörmətsizlik – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Çörək zavodundan Peyğəmbərə böyük hörmətsizlik – FOTOLAR

Bakıxanov Çörək Zavodunun istehsalı olan çörək məhsullarının kağızları üzərində Məhəmməd peyğəmbərin adı qəribə formada ixtisar edilib.

Publika.az xəbər verir ki, ticarət mərkəzlərinə, marketlərə paylanılan 40 qəpiklik çörəklərin üzərinə Həzrət Peyğəmbər qısaldılaraq, çətin anlaşılan formada yazılıb: “H.P. … buyurub: Çörəyə hörmət edin, onun hasilə gəlməyində ərş ilə yer arasında olan çox xəlqlərin əməyi var”.

Bu çörək məhsullarını alan bəzi alıcılar ilk baxışda H.P.-nın kim olduğunu bilmirlər. Üstəlik, peyğəmbərimizin adının belə qeyd edilməsi də birmənalı qarşılanmır.

Yeri gəlmişkən əlavə edək ki, peyğəmbərin ixtisar edilmiş adından fərqli olaraq çörək kağızlarının digər üzündə orta əsr fars ədəbiyyatının, qəzəl janrının nümayəndələrindən olan Sədi Şirazinin adı bütöv yazılıb və onun şeiri qeyd edilib.

Bakıxanov çörək zavodunun icraçı müdiri Publika.az-a bildirdi ki, peyğəmbərin adı dindarlarla məsləhətləşdikdən sonra bu cür qeyd edilib: “Həmin kağızlar mətbəədə hazırlanıb. Çörək kağızlarının üzərinə peyğəmbərimizdən sitatı yazanda bu barədə götür-qoy etdik. Biz çörəyin kağızlarının üzərinə peyğəmbərin adını bu formada yazılmasını ilahiyyatçılarla məsələhətləşdikdən sonra belə qeyd etmişik. Çünki çörəklər istifadə edildikdən sonra bəzi şəxslər onun kağızlarını zibilliyə atırlar. Biz istifadə olunmuş çörəklərin kağızlarının natəmiz yerə düşəcəyi, atılacağı təqdirdə peyğəmbərimizin onun üzərindəki adının çirkə bulaşa biləcəyi ehtimalını ilahiyyatçılarla məsləhətləşdik. İlahiyyatçılar bildirdilər ki, bu ehtimalları nəzərə alaraq onun adının bu formada yazılması daha məqsədəuyğundur, peyğəmbərin adını bütöv yazmaq olmaz. Həmin səbəbdən də adı H.P. kimi yazdıq və ardınca sitatını qeyd etdik. Yəni biz bunu özümüzdən yazmamışıq”.

İlahiyyatçı Hacı Şəhriyar Salami bildirdi ki, İslamın banisinin adının bu cür yazılışı peyğəmbərə hörmətsizlikdir: “Adın bu cür yazılışı düzgün deyil. Peyğəmbərimizin adı Məhəmməd olaraq tam yazılmalıdır. Ümumiyyətlə ad ya tam yazılmalı, ya da yazılmamalıdır. Adın belə qeyd edilməsi böyük günah deyil, amma qəbahətdir. Yaxşı olardı ki, peyğəmbərimizin adı tam yazılsın. Elə adamlar var, onların dindən anlayışı yoxdur. Onlar nə bilirlər ki, H.P. kimdir?”

Anar Tağıyev,

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm