Zəmanət müddəti bitməmiş malı kim təmir etdirməlidir? HÜQUQ MƏSLƏHƏTXANASI
Bizi izləyin

Qırmızı.az

Zəmanət müddəti bitməmiş malı kim təmir etdirməlidir? HÜQUQ MƏSLƏHƏTXANASI

Publika.az-ın “Hüquq məsləhətxanası” rubrikasında oxucularımızın qarşılaşdıqları problemlərlə bağlı bizə ünvanlandığı daha iki suala cavab axtarmağa çalışdıq. Bu iki sual zəmanət müddəti bitməmiş malın kim tərəfindən, necə təmir etdirilməsi və kooperativdə vərəsəlik hüququ ilə bağlıdır.

Bu problemlərlə bir çoxlarınız qarşılaşa bilərsiniz. Bu baxımdan Bakı Hüquq Mərkəzinin hüquqşünası, vəkil Dünyamin Novruzovun cavabı sizin də problemlərinizə aydınlıq gətirə bilər.

Sual 1.

Gəncə şəhərindən Leyla Nağıyeva: Mağazalardan birindən soyuducu almışam. Zəmanət müddəti bitməmiş soyuducuda problem yarandığından təmir olunması üçün mağazaya zəng etdim. Lakin satıcı soyuducunu təmir mərkəzinə mənim gətirməli olduğumu dedi. Halbuki soyuducunu mənə öz maşınları ilə gətirib təhvil vermişdilər. Satıcının bu davranışı nə qədər haqlıdır?

Cavab:

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 7-ci maddəsinin 1-ci hissəsində bu kimi hallarda istehlakçıların satıcıya və ya istehsalçıya qarşı irəli sürmək hüququna malik olduqları tələblər nəzərdə tutulub. Bu tələblərdən biri də malın qüsurlarının məhsulu satan firmanın hesabına aradan qaldırılması, yaxud qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsi tələbidir.

Göründüyü kimi, soyuducunun təmiri ilə bağlı xərclər (bura həm də soyuducunun daşınması ilə bağlı xərclər daxildir) bu məsulu satışa çıxaran firma tərəfindən çəkilməlidir.

Bundan əlavə, nəzərinizə çatdırmaq istəyirik ki, istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir ("İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 7-ci maddəsinin 6-cı hissəsi).

Bakı şəhər sakini Vaqif Nağıyev: Atam kooperativin üzvü olub, bir müddət əvvəl isə vəfat edib. Bilmək istərdim ki, onun vəfatından sonra mən həmin kooperativin üzvü hesab edilə bilərəm?

Cavab:

Məlum olduğu kimi kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Kooperativ üzvünün vəfatı halında, onun vərəsələrinin kooperativ üzvlüyünə qəbulu məsələsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112.4-cü maddəsində aydınlıq gətirilib. Həmin maddəyə görə, kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda, kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir.

Beləliklə, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, siz kooperativin üzvlüyünə qəbul edilə bilərsiniz.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm