• USD 1,7000 0,00% EUR 1,9848 -0,14%
    • GBP 2,2354 -0,04% RUB 0,0253 +1,58%

Sizin də uşağınızda bu xəstəlik ola bilər - Həkim məsləhəti

Sizin də uşağınızda bu xəstəlik ola bilər - Həkim məsləhəti

Uşağınızda başgicəllənmə, yorğunluq, halsızlıq varsa,rəngi gündən-günə solğunlaşırsa və o, ət yeməklərindən imtina edirsə, o zaman narahat olmağın vaxtıdır. Çünki sadaladığım əlamətlər sadə görünsə də, ciddi xəstəliyin-anemiyanın xəbərçisi ola bilər.

Statistik rəqəmlər onu göstərir ki, Azərbaycanda uşaqlar arasında anemiya halları hər il bir az da artır. Belə ki, 2013-cü ildə 20 302 uşağa ilk dəfə anemiya diaqnozu qoyularaq qeydiyyata götürülübsə, 2014-cü ildə belə uşaqların sayı 24 769-a çatıb. 2014-cü ildə qeydə alınan anemiyalı uşaqların 23398-i müalicə müəssisəsində qeydiyyatda olub.

Ölkədəki uşaqların 92%-i arasında aparılan sonuncu icbari müayinələr də bu xəstəliklə bağlı vəziyyətin ürəkaçan olmadığını göstərdi. Aparılan müayinələrə əsasən, Azərbaycanda uşaqlar arasında ən çox yayılan ikinci qan və qanyaradıcı orqanların xəstəlikləridir. Həkimlər 39 rayon üzrə 652 108 uşağı icbari dispanserizasiyadan keçirəndən sonra bu qənaətə gəliblər. Belə ki,müayinə nəticəsində 8 373 uşaqda tənəffüs sistemi xəstəlikləri aşkarlanıbsa, 5039-da qan və qanyaradıcı orqanların xəstəlikləri olduğu müəyyən edilib.

Həkimlərin sözlərinə görə, uşaqlarda qan və qanyaradıcı orqan xəstəliklərinin anemiya növü daha çox yayılıb.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun uşaq şöbəsinin müdiri Gülnarə Hacıyeva Publika.az-a açıqlamasında uşaqlar arasında qanazlığının düzgün qidalanmamaq və xroniki xəstəliklərlə bağlı olduğunu deyib.

“Çox vaxt uşaqlar anemiya ilə doğulur. Bunun da səbəbi hamiləlik vaxtı anada qanazlığı olmasıdır. Lakin analar bu məsələyə biganə yanaşıb müalicə olmadığına görə doğulan uşaqda da qanazlığı müşahidə edilir. Bəzən anemiya gizli olur, onlar təsadüf nəticəsində aşkar edilir”.

G.Hacıyeva bildirib ki, ötən il instituta müraciət edən 2 min xəstədən 500-də dəmir defisitli anemiya aşkarlanıb.

“Ümumiyyətlə, ölkəmizdəki anemiyaların 80%-i dəmir defisitlidir. Azərbaycanda uşaqların 60%-də dəmir defisitli anemiya var. Anemiyaların səbəbləri də müxtəlif olur, əsasən düzgün qidalanmamaqdan, xroniki xəstəliklərdən yarana bilir. Uşaqlar düzgün qidalanmır, ət, tərəvəz tərkibli qidalardan çox az istifadə edirlər. Hamilə vaxtı qadınların çoxunda dəmir defisiti yaranır. Lakin qadınlar buna çox da diqqət etmirlər. Nəticədə, uşaq anemiyalı doğulur.Daha sonra doğulan uşaq ana südü ilə deyil, süni qida ilə bəslənilir. Analar bilməlidir ki, sünu qidalar qanazlığını bir az da artırır.

Bu uşaqları uzun müddət müalicə etmək lazımdır. Təəssüf ki, valideynlər bəzən bu məsələyə diqqətsiz yanaşır. 2-3 il yox, bir neçə ay müalicə ilə kifayətlənmək istəyir. Bu uşaqlar ildə iki dəfə yaz və payız aylarında dəmir tərkibli, vitaminli dərmanlar qəbul etməlidirlər. Bəziləri hemoqlobin bir az yüksələn kimi müalicəni dayandırır. Bu, doğru yanaşma deyil”.

Şöbə müdirinin sözlərinə görə, bəzən qanazlığı gizli keçir, valideynlər bunu hiss etmir. Bəzi hallarda anemiya olan uşaqlarda hemoqlobin normal ola bilər. Həkimin sözlərinə görə, valideynlər bu məsələyə həssas yanaşlamalıdır.

“Uşaq böyüdükcə, qanazlığı əlamətləri özünü büruzə verir. 6 aydan bir hər bir uşağın dəmiri yoxlanmalıdır. Anemiyalı uşaqları yaxşı qidalanmır, tez-tez xəstəliyə yoluxur, kəskin respirator virus xəstəliklər onlarda çox ağır keçir, uzun müddət sağalmır, immunitetləri aşağı olur. Bu əlamətlər müşahidə edilən uşaqlar müayinədən keçməlidir. Hər bir anemiyanın təhlükəsi onun dərəcəsindən asılıdır. Ağır dərəcəli anemiyalarda müalicə ilə yanaşı, uşağa qan da köçürülür. Bəzilərinə stasionar şəraitdə müalicə almaq tövsiyə edilir. Müalicə ilə yanaş, düzgün qidalanma da vacibdir. Bu uşaqlara qaraciyər, meyvə tərəvəz verilməlidir”.

Həkimin sözlərinə görə, anemiya vaxtında aşkarlanmazsa, uşaq inkişafdan qala bilər, boyu balaca olar, zehinləri güclü olmur, pis oxuyur, gecələr rahat yata bilmir. Qanda dəmir aşağı olanda ürək-damar sistemində, qaraciyərdə problemlər yaranır, dəri xəstəlikləri müşahidə edilir, saç tökülür, azyaşlı uşaqlarda artım qeydə alınmır. Azərbaycanda uşaqların 60%-də dəmir defisitli anemiya var.

Bu qidalar qanda dəmiri azaldır

Baş pediatr Nəsib Quliyev Publika.az-a açıqlamasında bildirib ki, uşaqlar arasında aşkarlanan qan və qan yaradıcı orqan xəstəlikləri defisitli anemiyalardır. Baş pediatr hesab edir ki, bunun əsas səbəbi uşaqlarda qidalanma və qulluğun düzgün təşkil edilməməsi ilə bağlıdır.

“Analar uşaq dünyaya gələndə ona süd vermək əvəzinə, süni qidanı seçirlər. Nəticədə, 2 ay yarımdan sonra həmin uşaqda anemiya inkişaf edir. Çünki qida sünidir. Bu cür qidalar qanda dəmirin miqdarını azaldır. Onun tərkibində uşaq orqanizmi üçün vacib olan bioloji aktiv maddələr, təsiredici faktorlar çatışmadığına görə, defisit yaranır. Ana südündə isə uşağın inkişafı üçün lazım olan bütün inqridiyentlər var”.

Baş pediatr onu da əlavə etdi ki, valideynlərin əksəriyyəti uşağının anemiya olduğundan xəbərsizdir.

“Çox vaxt dispanser müayinələr aparılarkən xəstəlik aşkarlanır. Lakin yaxşı olar ki, valideynlər uşaqlarına qarşı diqqətli olsunlar. Çünki xəstəlik nə qədər tez aşkarlansa, xəstəliyin müalicəsi o qədər yaxşı effekt verər”.

N.Quliyev anemiyaların bütün dünyada müşahidə olunan problem olduğunu dedi. Onun sözlərinə görə, qapalı mühitdə uzun müddət qalmaq qanyaranma prosesinə mənfi təsir edir. Valideynlər qidalanma ilə yanaşı, bunu da nəzərə almalıdırlar.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>