5 diplomu olan ən yaşlı tələbənin təhsil arzusu: "Oxumaq istəyirəm..." – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

5 diplomu olan ən yaşlı tələbənin təhsil arzusu: "Oxumaq istəyirəm..." – FOTOLAR

Həyatda hər bir insanın arzusu, sevdiyi məşğuliyyəti, hobbisi, gələcək planları olur. Kimi biznes qurmaq üçün pul-para dalınca qaçır, kimi də alimlik zirvəsinə ucalmaq üçün elmin dalınca gedir. Paytaxtın Xətai rayon sakini, Azərbaycanın ən yaşlı tələbəsi, dörd ali təhsil almış İradə Şıxəliyeva isə həm elmə, həm də yaradıcılığa bağlı olan, öz işini, ixtisasını sevən nadir insanlardandır. Hətta bu sevgi o qədər güclü olub ki, o, bir neçə ali təhsil almaqdan yorulmayıb. İradə Şıxəliyeva səhhətində problemlərin olmasına baxmayaraq indi hətta beşinci ali təhsilini almaq arzusuyla yaşayır.

Ölkəmizin ən yaşlı və ən çox ali məktəb oxuyan sakini Publika.az-a müsahibəsində həyatındakı maraqlı məqamlardan danışdı:

“Heydər Əliyevin bacısı bizə dərs deyib”

1959-cu il mayın 7-də Bakıda dünyaya göz açan İradə Şıxəliyeva sadə ailədə böyüyüb: “Atam xarrat idi, bir neçə zavodda, inşaat sahəsində işlədi. Anam keçmiş Volodarski (Bakı Tikiş Fabriki) adına fabrikdə tikişçi, sonra aqreqat ustası işlədi. Ailədə iki uşaq idik: - qardaşım və mən. O, uzun müddətdir Rusiyada yaşayır. Mənsə orta təhsilimi 190 saylı orta məktəbdə aldım. Heydər Əliyevin bacısı Şəfiqə xanım Əliyeva müəlliməm olub. O, kimya fənnindən dərs deyirdi. Çox gözəl insan və qayğıkeş müəllimə idi.

“Bənövşə” uşaq xorunun ifaçısı olmuşam. O vaxt Yuri Qaqarinin adını daşımış “Cücələrim” ansamblının rəqs qrupunun üzvü idim. SSRİ Mərkəzi Komitəsinin birinci katibi Leonid İliç Brejnevin Bakı səfəri ilə bağlı planlaşdırılmış mədəni tədbirlərə bizim rəqs qrupu da qatılmışdı”.

“Üç yaşımdan...”

1976-cı ildə orta təhsilini başa vuran İradə Şıxəliyeva görmə qabiliyyətində problemlərinin olmasına baxmayaraq, fənləri yaxşı qavrayıb: “Hələ 3 yaşımdan musiqiyə maraq göstərməyə başladım. Bu, mənə Allahdan verilən sevgidir. Valideynlərim musiqiyə olan marağımı qiymətləndirdilər. Yuxarı siniflərdə oxuyanda 6 saylı Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil almağa başladım”.

Orta təhsilini bitirdikdən sonra bir müddət Volodarski fabrikində anasıyla birlikdə çalışıb, sonra işini o zamankı Statistika İdarəsində davam etdirib: “1983-cü ildə Mədəni Maarif Texnikumuna daxil oldum. Texnikumdakı təhsil illəri olduqca maraqlı və rəngarəng idi. Oranı bitirib, xor kollektivinin rəhbəri və dirijor kimi təyinat aldım”.

O, 3 il sonra – 1989-cu ildə təyinatı bitirib, Bakıya qayıdır: “Qum Adası Neft Qaz Çıxarma İdarəsinin Mədəniyyət Sarayında işə düzəldim. Orada işləyəndə uşaqlarla – məktəblilərlə, yeniyetmə və gənclərlə bağlı fəal iş aparır, müxtəlif ədəbi, mədəni, bədii layihələri reallaşdırırdım. Bir-birindən maraqlı tədbirlər keçirirdik”.

Lakin bu uğur uzun sürmür: “1992-ci ildə idarədə ixtisarlar aparıldı. İxtisara düşənlər arasında mən də var idim. Buna baxmayaraq məni işədüzəltmə bürosunda qeydiyyata aldılar ki, stajım azalmasın. Neft Qaz Çıxarma İdarəsinin rəisi Rəhman Qurbanov məni qəbul etdi və idarənin nəzdindəki bağçaya işə qəbulum haqda göstəriş verdi. Bağçada musiqi müəllimi kimi çalışmağa başladım. 1995-ci ildən orada işləməyə başladım. 2001-ci ildə subyektiv səbəblər üzündən bağçadan çıxdım. Təhsil Nazirliyindən yeni iş təklifi almışdım. Çox keçmədən nazirliyin Təlim Tərbiyə üzrə Estetik Metodiki Mərkəzində çalışmağa başladım. Mərkəz Ulu Öndər Heydər Əliyevin göstərişi ilə açılmışdı. Bununla yanaşı, başqa bağçada çalışırdım. Çünki bağça işini, bağça həyatını ömrümün ayrılmaz hissəsi hesab edirəm. Lakin iş qeydiyyatına alınmamışdım”.

“Xəstə anama üçün...”

Bütün bunlara baxmayaraq o, həmin illərdə növbəti ali təhsil sevdasına düşür: “Sənədlərimi İncəsənət İnstitutuna verdim və Mədəni maarif işinin təşkilatçı metodisti fakültəsinə daxil oldum. Bu, mənim həyatımda yeni təhsil dövrü idi. Ailə qursam da, bu nikahım uğursuz oldu. Ona görə də ayrıldıq. Qardaşımın qızı övladlığa götürüb böyütdüm. O, indi Rusiyada yaşayır”.

Valideyninin səhhətində problemin yaranması İradə Şıxəliyevanı seçim qarşısında qoyur: “2003-cü ildə anam infarkt keçirdi. Buna görə iki işimdən birini itirmək məcburiyyəti ilə üzləşdim. Anama qulluq etmək üçün bağçadan uzaqlaşmaq qərarını verdim, amma Təhsil Nazirliyindəki işimdə qaldım”.

Onun yeni təhsil illəri nazirlikdə çalışdığı vaxta təsadüf edir: “Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına da daxil oldum. Lakin bir müddət sonra anamın səhhətinin ağırlaşması səbəbindən nazirlikdən də uzaqlaşmalı oldum. Çünki ona qulluq etməyə başqa övladı yox idi. Anam 2005-ci ildə dünyasını dəyişdi və bir il işsiz qaldım. NQÇİ-dəki iş yoldaşlarım işə qayıtmaq təklifini irəli sürsələr də, anamın vəfatı ilə əlaqədar depressiyada olduğumdan bir müddət işləmədim. Nəhayət həmin vəzifəyə başqasını işə götürdülər”.

Rəfiqələri ona 2007-ci ilin dekabrında Əmircan qəsəbəsindəki bağçalardan birinə işə düzəlməyimə köməklik göstəriblər: “Amma orada cəmi bir il işlədim. Çünki yol çox uzaq idi. Təsəvvür edin, işə getmək üçün 3 marşrutdan istifadə etməli olurdum. Yol məni çox yorduğundan yeni işimə tam uyğunlaşa bilmirdim. Az sonra səhhətində problemlər yaranmış atamın qulluğunda dayandım. İşləyə-işləyə ona da baxdım. Lakin 2013-cü ildə atam da dünyasını dəyişdi”.

Bir gözlə mübarizə

Hər şey onun çalışdığı Xətai rayonu 243 saylı uşaq bağçasının 2013-cü ildə təmirə dayanmasından sonra başlayıb: “Bağçanın binasında məcburi köçkünlər məskunlaşıblar. Əvvəl orda üç qrupla çalışırdıq. Amma indi həmin qruplar da qalmayıb.

Hazırda evdəyəm, bağçanın təmirə dayanması ilə əlaqədar maaşımın 70 faizi qədər – 84 manat maaş alıram. İçim yaradıcılıq arzuları ilə doludur”.

O, həm də respublikamızın ən yaşlı tələbəsidir: “2011-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və Psixologiya fakültəsinin məktəbəqədər təlim-tərbiyə ixtisası üzrə təhsil alıram. Hazırda 5-ci kurs tələbəsiyəm. Əslində universiteti ötən il bitirməli idim. Lakin maddi problemlərim ortaya çıxdı. Buna görə də akademik məzuniyyət götürdüm. İnşallah iyunda universiteti bitirəcəm”.

O, yenə də təkbaşına oxuyur, mübarizə aparır: “Həyatı boyu yaradıcılıq arzusuyla yaşamışam. İndi də yaradıcılığımı, işimi davam etdirmək istəyirəm”.

ADA-ya uzanan arzu

1995-ci ildən bu günə kimi 21 illik pedaqoji stajı olan, orta məktəblərdə müəllimə işləmiş İradə Şıxəliyeva ömrünü pedaqoji fəaliyyətə həsr etdiyini deyərək bəzi çətinliklərlə üz-üzə qalmasından gileyləndi: “Əgər səhhətimdəki problemlər həll olunsa, ADA universitetinin magistraturasına daxil olmaq istəyirəm. Azərbaycanın ən yaşlı tələbəsiyəm, mayda 57 yaşım tamam olacaq. Lakin yaradıcılıq arzularım, layihələrim tükənməyib”.

Anar Tağıyev,

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm