Xaricdə təhsil: xərclərimiz və qazandıqlarımız - TƏHLİL
Bizi izləyin

Qırmızı.az

Xaricdə təhsil: xərclərimiz və qazandıqlarımız - TƏHLİL

Azərbaycanın 2007-2015-ci illəri əhatə edən gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı sona çatıb. Təhsil Nazirliyinin açıqlamasında bildirilib ki, işlər yarımçıq qalmayacaq. Gedənlər təhsillərini davam etdirərkən, ölkədə xaricdə təhsillə bağlı yeni proqram hazırlanacaq. Lakin məlumatların təhlil edilməsi üçün bir il fasilə veriləcək. Yeni layihə barədə ilkin fikirlərdən bəlli olur ki, artıq bakalavr yox, magistr və doktorantura səviyyələrinə maraq göstəriləcək. Bununla yanaşı xarici ekspertlərin ölkəmizə dəvət olunması da prioritet məsələlərdəndir. Bəs başa çatan proqram gözləntiləri doğrultdumu? Yeni proqramda nələr nəzərə alınmalıdır?

Məqsəd və nəticə

Bunun üçün də əvvəlcə kiçik bir araşdırma aparaq. Proqram hazırlanarkən 5 min gəncin xaricdə təhsil alması nəzərdə tutulmuşdu. Son məlumatda bildirilib ki, bu vaxta qədər 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə edib, 1500-dən çox tələbə bu gün də təhsillərini davam etdirirlər.

Lakin proqram həyata keçirildiyi ilk 6 ildə planın heç yarısı belə yerinə yetirilməmişdi. 2013-cü ilə qədər 1204 nəfər olmaqla 2007-2008-ci tədris ilində müvafiq proqram çərçivəsində 66, 2008-2009-cu tədris ilində 134, 2009-2010-cu tədris ilində 308, 2010-2011-ci tədris ilində 275, 2011-2012-ci tədris ilində 421 tələbə təhsil almaq hüququ qazanmışdı.

Rəqəmlərin ildən-ilə artdığı görünsə də, 2015-ci ildə bu sayın 5 minə çatdırılması heç inandırıcı deyildi. 6 ildə göndərilən tələbələrin sayını 2 minə çatdırmadığımız halda, 3 ildə 5 mini tamamlamaq xeyli təəccüblü idi.

Lakin son üç ildə bu işlər xeyli sürətləndirildi və proqramda müəyyən edilmiş say tamamlandı.

Nə qədər pul xərcləndi?

Proqramla bağlı narahatlıq doğuran digər məqam maliyyə təminatı idi. Bunu keçmiş təhsil naziri Misir Mərdanov da açıq şəkildə dilə gətirmişdi: “Proqramın icrasına başlayanda onun icrasına pulu necə çatdıracağıq deyə düşünürdük. Amma indi artıq pulun çoxluğundan narahatıq ki, onu səmərəli xərcləyə biləcəyikmi?”

Proqramın maliyyələşməsini isə Dövlət Neft Fondu həyata keçirib. 2014-cü ildə Təhsil Nazirliyinin sifarişlərinə əsasən Dövlət Neft Fondundan Dövlət Proqramının maliyyələşdirilməsi məqsədilə ayrılmış ümumilikdə 33,5 milyon manat vəsaitin 16,5 milyon manatı yaşayış, 15,2 milyon manatı təhsil, təqribən 1 milyon manatı yol, 0,5 milyon manatı tibbi sığorta, 0,3 milyon manatı viza və qeydiyyat və digər xərclərin ödənilməsinə yönəldilib. 2008-2014-cü illər ərzində Dövlət Neft Fondu tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 121,3 milyon manat məbləğində vəsait ayrılıb. 31 dekabr 2014-cü il tarixinə Neft Fondunun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 2867 nəfər təşkil edir.

Proqramın həyata keçirildiyi illərdə İqtisadi Tədqiqatlar Mərkəzinin “Azərbaycanlı gənclərin 2007-2015-ci illərdə xaricdə təhsili ilə bağlı dövlət proqramının tətbiqinə dair ictimai maarifləndirmə” layihəsi çərçivəsində aparılan tədqiqatda xaricdə təhsil məsələsində ABŞ universitetlərinin sayının və kitab xərclərinin düzgün müəyyən edilməsi tənqid olunub. Bildirilib ki, Böyük Britaniya, Rusiya, Almaniya, Türkiyə, Fransa ali məktəbləri ilk beşlikdədir. Mərkəzin hesabatına əsasən, siyahıda ABŞ universitetlərinin sayının az olmasını Nazirlik həmin ölkədə təhsil haqqının çox olması ilə əlaqələndirib. Ancaq ilk beşlikdə yer alan ölkələrlə ABŞ universitetləri arasında təhsil haqlarında ciddi fərq yoxdur.

Bundan başqa hesabatda təhsil xərclərində kitab almaq üçün az vəsait ayrılması da tənqid edilir. Belə ki, ayrılan maliyyə vəsaitindən ABŞ-da oxuyan tələbə üçün 100 dollar, Almaniyada isə 50 euro kitab almaq üçün nəzərdə tutulub.

Son illər çox şey dəyişdi

Son illər isə proqramın həyata keçirilməsində müəyyən qədər canlanma hiss olundu. 2014-2015-ci illər ərzində ötən tədris ilində 573 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış Dövlət Proqramı təqaüdçüləri siyahısına daxil edildi. Həmin il seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər nəticəsində 310 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb.

Həmin tədris ilində ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib. Sevindirici haldır ki, ilk dəfə olaraq, ötən il 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarə olunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb.

2015-2016-cı tədris ilində gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri seçilib.

Ötən ildən başlayaraq Dövlət Proqramına namizədlərin seçimi prosesində təhsillərini xarici ali təhsil müəssisələrinin magistratura və doktorantura səviyyələrində davam etdirmək istəyən gənclərə üstünlük verilib.

2015-ci ildə birinci dərəcəli prioritet ixtisas istiqamətləri: antropologiya; baytarlıq; biologiya; fizika; kənd təsərrüfatı; kimya; qədim dillər; mühəndislik; riyaziyyat; sənaye; tibb; yüksək texnologiyalar, ikinci dərəcəli prioritet ixtisas istiqamətləri: ekologiya; iqtisadiyyat; insan resurslarının idarə olunması; mədəniyyət və incəsənət; təhsilin təşkili və idarə olunması; turizm olub.

Bu vaxta qədər xaricdə təhsil alanların sayı tibb ixtisasında üstünlük təşkil edir. Artıq xaricdə təhsil alan 1289 məzun hesabatlarını Təhsil Nazirliyinə təqdim edib. Onların 60%-i özəl, 40%-i isə dövlət işlərində çalışır.

“Onları itirilmiş gənclər hesab etmək olar”

Təhsil eksperti Şahlar Əsgərov Publika.az-a açıqlamasında bildirib ki, xaricə tələbə göndərilərkən magistr və PHD səviyyələrinə diqqət ayrılması doğru qərardır.

“2007-15-ci illəri əhatə edən proqramla bağlı çatışmazlıqları təhlil etməmişəm. Ona görə konkret iradlara səsləndirə bilmərəm, bu proqramda daha çox bakalavr səviyyəsinə diqqət ayrılıb ki, bu, yaxşı hal deyil. Nazirin son çıxışından anladıq ki, yeni proqramda əsasən PHD və magistr səviyyəsinə diqqət ayrılacaq. Hesab edirəm ki, bu, düzgün qərardır. Çünki magistr səviyyəsində xaricdə təhsil alan gənclərin dünyagörüşü çox genişdir, milli mənsubiyyət barədə məlumatları var, doğrunu-yanlışdan seçə bilirlər. Yəni onlar xaricə getsələr, xaricdə təhsil alıb ölkəyə qayıdacaqlar. Çünki bakalavr səviyyəsində təhsil alanların çoxunun ölkəyə geri qayıtmaq istəmədiyi bildirilir. Hesab edirəm ki, bakalavr səviyyəsində sayın azalması planı həm də bununla bağlıdır. Xaricdə bakalavr təhsili alanların ölkəyə geri dönmək istəməməsinin səbəbini izah etmək üçün əsaslı sosioloji sorğu aparmaq lazımdır. Bunu iş və maaşla da əlaqələndirə bilərlər. Lakin hesab edirəm ki, bunun əsas səbəbi mədəniyyətlər fərqi ilə bağlıdır. Çünki biz inkişaf etməkdə olan ölkəyik, tələbələr isə inkişaf etmiş ölkələrdə təhsil alırlar. 4-5 il həmin ölkədə qalandan sonra geri qayıdıb, inkişaf etməkdə olan ölkədə yaşamaq çətin olur. 100 il əvvəl Hacı Zeynalabdin Tağıyev xaricə göndərdiyi tələbələr qarşısında ölkəyə qayıtmaq şərtini qoymuşdu. Hesab edirəm ki, biz də yeni proqramda tələbələr qarşısında bu kimi şərtlər irəli sürməliyik. Bu fikir qəbul olunmasa da, xaricdə bakalavr təhsili alan gəncləri itirilmiş gənc hesab etmək olar. Düzdür, onlar yaşadığı ölkədə Azərbaycan haqlarını müdafiə edir. Lakin onlardan sonra gələn nəsil, yəni həmin gənclərin övladlarının xeyrindən çox ziyanı ola bilər”.

Bakalavr təhsilini yerli ali məktəbdə alan tələbənin növbəti pillələri xaricdə oxumasının hər hansı problemlərə səbəb olmasına gəldikdə, təhsil eksperti narahatlığa əsas olmadığını bildirib: “Birmənalı şəkildə bakalavrların xaricdə təhsilinin ləğv edilməsinin tərəfdarı deyilik. Ehtiyac olan ixtisaslarda saxlana bilər. Bununla yanaşı yerli ali məktəblərdə də bakalavr təhsili baxımdan vəziyyət normaldır. Bizim ali məktəblərin problemi növbəti təhsil pillələrində yaranır. Bəzi ixtisaslar üzrə magistr, bəzilərində PHD səviyyəsində xaricə getməyə ehtiyac çox böyükdür”.

Ş.Əsgərov hesab edir ki, yeni proqramda informasiya texnologiyaları, tibb və biologiya, riyaziyyat və tətbiqi biologiya üzrə ixtisaslara yer ayrılmasına ehtiyac var.

Şərtlər sərtləşdirilməlidir

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul bildirib ki, xaricdə təhsillə bağlı Dövlət Proqramının monitorinqindən və xarici təcrübəni öyrəndikdən sonra 2011-ci ildə bakalavr yox, magistr və doktorantura səviyyələrinə diqqətin artırılması ilə bağlı təklif verdiklərini deyir: “Təhsilin bu pilləsinə sərf olunan xərc yüksəkdir, eyni zamanda həmin pillədə qazanılan biliklər sonrakı – magistr, PHD səviyyələri ilə müqayisədə daha az yararlıdır. Sonuncu statistika göstərir ki, proqram çərçivəsində maliyyələşdirilənlərin 40 faizə yaxını bakalavrlardır. Bu, indiki böhran dövründə bizi xeyli əlavə xərcdən azad edər, yüksəkixtisaslı bakalavr kadrlarının hazırlanmasına təkan verərdi. İkincisi, humanitar ixtisaslar üzrə xaricdə təhsilin maliyyələşdirilməsinə son qoyulmalı və ya onların payı minimuma endirilməlidir. Texniki və tibb ixtisasları üzrə göndərilənlərin sayı artırılmalı, bütün hallarda üstünlük onlara verilməlidir. Daha sonra xaricə göndərilənlərlə bağlı tələblər sərtləşdirilməli, sənəd qəbulu sadələşdirilməlidir. Tələblərin sərtləşdirilməsi deyərkən, TOEFL, IELTS üzrə xarici biliklərin qiymətləndirilmə səviyyələrinin yüksəldilməsini nəzərdə tuturam”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm