Bazarda yerli sort alma tapılmır
Bizi izləyin

Qırmızı.az

Bazarda yerli sort alma tapılmır

"Azərbaycanda uzun illərin sınağından çıxan, xalq seleksiyası yolu ilə əldə edilən alma sortlarının yetişdirilməsinin vaxtı çatıb".

Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda uzun tarixi dövr ərzində xalq seleksiyası adı ilə çox keyfiyyətli alma sortları yetişdirilib ki, hazırda həmin sortlardan olan almalar çox az qalıb:"Azərbaycanda vaxtilə xalq seleksiyası yolu ilə keyfiyyətli, təbii-coğrafi mühitə tam alışmış, xəstəliklərə və ziyanvericilərə qarşı həddən artıq müqavimətli sortlar əldə olunub. Klassik meyvə sortlarından ancaq almanı deyil, üzüm və s. meyvələri qeyd etmək olar. "Qızıləhmədi" "Cırhacı", "Eyyubi", "Qəndi-sinab" və onlarla bu cür sortlar əldə olunmuşdu. Yerli sortlardan Quba-Xaçmaz zonasında daha çox olub. Hazırda klassik sortlar az qalıb. Yerli sortlar həm torpaqdan istifadədə - torpaqdakı müəyyən miqroelementlərin mənimsənilməsində, həm ziyanvericilərə qarşı davamlılığında, uzun müddət keyfiyyətini saxlamaqda, qidalılıq dəyərinin yüksəkliyində əcnəbi sortlardan çox üstündür. Adını çəkdiyim alma sortları hazırda insanlar tərəfindən bazarda ən çox axtarılan, amma çox az tapılan meyvələrdəndir".

Vaxtilə Quba-Xaçmaz zonasında tədqiqat işləri apardığını deyən alim bildirib ki, kənardan hər hansı bir sort gətirilərkən diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, yeni gələn sortların xəstəliyə dözümlülüyü, daşınma, saxlanma qabiliyyətinin necə olacağı əvvəlcədən bilnmir: "Təəssüf ki, hazırda hamı bazar üçün işləyir. Bazarın da özünün qaydaları var. Qısa müddətdə çox məhsul götürmək, çox qazanmaq və s. Azərbaycanın regionlarında ayrı-ayrı meyvə sortlarını, o cümlədən də klassik alma sortlarını yetişdirməyin vaxtı çatıb. Bu proseslə bağlı məsələ hər bir region üzrə ciddi şəkildə ortaya qoyulmalıdır".

Şöbə müdiri yerli alma və digər sortlarından olan meyvələrin bazarda çox yaxşı satılacağına inandığını da vurğulayıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm