Sahibkarlığın inkişafında Azərbaycan modeli
Bizi izləyin

Qırmızı.az

Sahibkarlığın inkişafında Azərbaycan modeli

Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) məqsəd və əsas vəzifələri ölkəmizdə sahibkarlığın inkişafına maliyyə təminatı yaratmaq üçün tədbirlər görməkdən, sahibkarlığın inkişafına kömək məqsədi ilə maliyyə ehtiyatlarının cəlb olunması və səmərəli istifadəsi əsasında dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə dəstək olmaqdan, sahibkarlığın inkişafına yönəldilmiş proqramları maliyyələşdirməkdən ibarətdir. Eyni zamanda SKMF iqtisadiyyatın öncül inkişaf istiqamətləri ilə bağlı investisiya layihələrinin və proqramlarının həyata keçirilməsinə maliyyə yardımı göstərir, sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların, investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir, həmçinin qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirir. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, SKMF Azərbaycanda sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi vermək məqsədi güdür.

2 milyard manatlıq güzəştli kredit və ya on minlərlə yeni iş yeri

SKMF-nin icraçı direktoru Şirzad Abdullayevin sözlərinə görə, bu günə qədər Fond 30 mindən çox sahibkara 2 milyard manata yaxın güzəştli kredit verib ki, bu da minlərlə yeni istehsal müəssisələrinin, təsərrüfatların yaradılmasına, on minlərlə yeni iş yerinin açılmasına səbəb olub. O, qeyd edib ki, sahibkarların maarifləndirilməsi və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə 2015-ci ildə SKMF tərəfindən 39-u regionlarda, 7-i Bakı şəhərinin qəsəbələrində olmaqla 46 işgüzar forum keçirilib və burada 4000-dən çox sahibkar iştirak edib: “Bu tədbirlər çərçivəsində sahibkarlara güzəştli kreditlər verilib, kreditlərin verilməsi mexanizminə dair maarifləndirici treninqlər keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri təqdim olunub. Təkcə ötən il SKMF tərəfindən 5243 sahibkara 248.5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır. Cari ilin birinci rübündə də SKMF tərəfindən 380-ə yaxın sahibkara 40,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 700-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq”.

Fondun iqtisadi rayonlar üzrə fəaliyyəti

Ş.Abdullayev görülən işlərin bəzi iqtisadi rayonlar üzrə də təhlilini apararaq, statistikanı diqqətə çatdırıb: “Misal üçün, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 96,6 milyon manat güzəştli kredit verilib. Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12 minə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 476,6 milyon manat güzəştli kredit verilib. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2130 investisiya layihəsinin maliyyələşdirilməsinə isə 154 milyon manat güzəştli kredit verilib, 10 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Kreditlər verilən zaman digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz, ət və süd emalı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə isə 307 milyon manat güzəştli kredit verilib, 9 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.

Dövlətdən böyük dəstək

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunan Pərviz Heydərov açıqlamasında bildirib ki, SKMF sahibkarlığın, xüsusən də kiçik sahibkarlığın inkişafına və əhalinin iqtisadi aktivliyini artırılmasına maliyyə dəstəyi göstərmək məqsədilə yaradılıb. O, dövlət başçısı İlham Əliyevin bu ilin yanvarında keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda səsləndirdiyi fikirləri xatırladaraq qeyd edib ki, son 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manatdan çox kredit verilib: “Bu, dövlət tərəfdən sahibkara, sahibkarlığa böyük dəstəkdir. Ötən müddət ərzində SKMF xəttiylə verilən kreditlərin mexanizmində də az müvafiq təkmilləşdirmələr aparılmayıb. Yəni, kreditlərin verilməsi şərtləri və güzəştləri daha da yüngülləşdirilib. Artıq, neçə illərdir ki, SKMF həm dövlət büdcəsindən ona ayrılan, həm əvvəl verdiyi kredit vəsaitlərinin geri ödənişi nəticəsində əldə olunan vəsaitləri də təkrar kreditləşdirməyə sərf etməklə məşğuldur. Bu, özlüyündə çox müsbət haldır. Düzdür, ölkədə dövlətin qeyd olunanlara uyğun olaraq həyata keçirdiyi maliyyə dəstəyi nəticəsində sahibkarlıq xeyli inkişaf edib və bu sahədə əhəmiyyətli nəticələr əldə edilib, hansı ki, bu proses yenə davam etdirilməkdədir. Lakin təəssüf ki, tam müsbət effek əldə edildiyi haqda danışmaq çətindir. Əvvəla, ona görə ki, bütün görülən işlərə və dəstəyə baxmayaraq, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişaf səviyyəsi hələ də qənaətbəxş səviyyədə deyil. Bunun üçün sadəcə olaraq, sözügedən sahibkarlıq növünün real ÜDM həcmində mövcud paysəviyyəsinə diqqət yetirmək kifayətdir. Belə ki, kiçik və orta sahibkarlığın ÜDM-in strukturunda pay səviyyəsi bizdə təqribən 10 - 20 faiz arasında təşkil edir. Avropa ölkələrində bu rəqəm 3-4 dəfə bundan çoxdur”.

Bütün bunlar da onu göstərir ki...

İqtisadçı alimin qənaətinə görə, SKMF vasitələrinin daha çox regionlarda paylandığını nəzərə alsaq, üstəlik regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək və bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək hökumətin neçə illərdir əsas vəzifəsi sayıldığından, bölgələrimizin çoxu indi gərək, dövlət büdcəsindən, yəni, mərkəzdən bu qədər asılı olmamalı idi. P.Heydərov hesab edir ki, iqtisadiyyatda şaxələnmə də hələlik tələb olunan səviyyədə deyil: “Bütün bunlar da onu göstərir ki, sahibkarlığa dəstək və onun inkişafı təkcə malliyyədən asılı hesab edilməməlidir. Eyni zamanda, əlavə tədbirlər də görülməlidir. Bu mənada, neft gəlirlərinin azalması ilə əlaqədar olaraq, cari ilin ilk ayından dövlət başçısı İlham Əliyev tərəfindən bir sıra mühüm və vacib sənədlərin imzalanması ilə bağlı zəruri addımlar atılıb. Hesab edirəm ki, SKMF xəttiylə verilən kreditlərin paylanması mexanizmi də təkmilləşdirilməli və yenidən nəzərdən keçirilməlidir. Ümumiyyətlə, ölkədə sahibkarlığa maliyyə dəstəyi göstərilməsində getdikcə, kəmiyyətə deyil, keyfiyyətə daha çox diqqət yetirilməlidir”.

Kredit şərtləri sektorlar üzrə müəyyən olunarsa...

Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyinin təsisçisi Seymur Yunusov SKMF-nin neçə sahibkarın inkişafında rol oynadığımı öz gözləri ilə gördüyünü bildirib. Onun sözlərinə görə, Fonddan aldığı güzəştli kredit hesabına göbələk yetişdirən sahibkar, sonradan fəaliyyət sahəsini bir qədər genişləndirərək zeytunçuluq ilə məşğul olmağa da başlayıb: “Bu Fondun digər bir əhəmiyyəti odur ki, konkret idxaldan asılılığımız azalır. Məsələn, əgər sahibkar göbələk yetişdirməsəydi, Gürcüstanda göbələk yetişdirməklə məşğul olan erməni əsilli biznesmenlər Azərbaycana göbələk satacaqdı. Mən bunu konkret şahidi olmuşam. Bununla belə, Fondla bağlı bir təklifimi də media vasitəsilə dilə gətirmək istərdim. Fondun kredit şərtləri ümumi deyil, sektorlar üzrə müəyyən olunsa, daha yaxşı olar. Məsələn zeytunçuluq. Zeytun 3-5 ildən sonra məhsul verdiyindən, onu əkən sahibkar 3-5 ildən sonra gəlir götürür. Amma Fond krediti verir, 6 aydan sonra geriyə aylıq ödəniş tələb edir. Bu da hələ təsərrüfatdan gəlir əldə etməyən sahibkar üçün çətindir. Nəzərə alınmalıdır ki, nəticəsi gec olan bizneslərə ayrı yanaşılsın. Bu halda bizens daha tez dirçələr və iş görməyə, kredit götürməyə maraq artar”.

Aqil LƏTİFOV

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm