Mənzil ailə üzvlərindən kimin adına özəlləşdirilə bilər? - HÜQUQ MƏSLƏHƏTXANASI
Bizi izləyin

Qırmızı.az

Mənzil ailə üzvlərindən kimin adına özəlləşdirilə bilər? - HÜQUQ MƏSLƏHƏTXANASI

Publika.az-ın “Hüquq məsləhətxanası” rubrikasının budəfəki yazısında mənzilin özəlləşdirilməsi, habelə yeni ev aldıqdan sonra elektrik enerjisinin alqı-satqı müqaviləsinin imzalanması ilə əlaqədar yaranan problemlərlə bağlı oxucuların bizə ünvanladığı suallara cavab axtaracağıq.

Həmişəki kimi, bu dəfə də Bakı Hüquq Mərkəzinin hüquqşünası, vəkil Dünyamin Novruzov bu problemlərin aktuallığını nəzərə alaraq məsələ ilə bağlı qanunvericiliyin bütün tələblərini sadalayıb.

Sual 1.

Sabunçu qəsəbə sakini Zaur Rzayev: Qardaşım ailəsi ilə birlikdə 5 ilə yaxındır ki, valideynlərimlə birlikdə yaşayır. Mənzil hələ ki, özəlləşdirilməyib. Mənzilə dair order atamın adınadır və orderdə yalnız anam, qardaşım və mənim adım var. Mənzili özəlləşdirmək istəyirik, lakin qardaşımın arvadı da həmin mənzildə payı olduğunu iddia edir. Bu tələb nə qədər haqlıdır?

Cavab: “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ var. Həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

Göründüyü kimi, qanunun 5-ci maddəsi anlamında mənzili özəlləşdirmək hüququna müraciət edilən anda adı mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Qardaşınızın arvadının adı orderdə göstərilmədiyindən o, sözügedən mənzili özəlləşdirmək hüququna malik deyil.

Sual 2.

Yasamal rayonundan Aynur Salamova: Yeni mənzil aldıqdan sonra işıq idarəsinə gedib müqavilənin mənim adıma keçirilməsini xahiş etdim. Lakin mənə bildirdilər ki, əvvəlki abonentin borcu olduğundan müqavilə bağlanması və kodun mənim adıma keçirilməsi mümkün olmayacaq. Belə bir imtina qanuni sayıla bilərmi?

Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 400.2-ci maddəsinə görə, sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə görə, enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır.

Beləliklə, əvvəlki mülkiyyətçinin (abonentin) elektrik enerjisi borcuna görə məsuliyyət daşımadığınızdan enerji təchizat müəssisəsinin sizinlə müqavilə bağlamaqdan imtinası əsaslı sayıla bilməz.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm