Teleaparıcını məhkəməyə məcburi gətirəcəklər
Bizi izləyin

Qırmızı.az

Teleaparıcını məhkəməyə məcburi gətirəcəklər

İlham Mirzəyev məhkəməyə məcbur gətiriləcək

“İlham Mirzəyev məhkəməyə teleqrama göndərib. O, yenə də məhkəmədə iştirak edə bilmədiyini və buna görə də məhkəmənin təxirə salınmasını istəyib”.

Publika.Az-ın xəbərinə görə, bunu Yasamal rayon Məhkəməsində İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə keçirilən prosesə sədrlik edən hakim Ayaz Məmmədov deyib.

Hakim İlham Mirzəyevin məhkəməyə göndərdiyi teleqramın mətnini açıqlayıb. Teleqram da deyilir: “Hörmətli Ayaz müəllim, mənim səhhətimdə problemlər olduğu üçün ambulator müayinə götürürəm. Ürəyimdən olan narahatçılıqla bağlı qətiyyən əsəbləşmək olmaz. Sizdən artıq dərəcədə xahiş edirəm ki, sabahkı (bu gün-red.) məhkəmənin gələn həftəyə təyin edib, mənə məlumat verəsiniz. Mən bu istintaq və məhkəmə prosesində öz səhhətimi itirdim. Bundan sonrakı prosesdə prokurorun çıxışı və sizin verdiyiniz hökm anında özüm iştirak etmək istəyirəm. Ümidvaram ki, mənim bu ricamı nəzərə alıb, məhkəməni gələn həftəyə keçirəcəksiniz. Öncədən öz minnətdarlığımı bildirirəm”.

Hakim teleqramın mətinin elan edəndən sonra Asif Əliyevin vəkilləri prosesin təxirə salınmasına etiraz ediblər. Hakim deyib ki, İlham Mirzəyevin və vəkilləri – Rəna Həsənli və Xanlar Bayramzadənin iştirakı olmadan prokurorun çıxış etməsi qanun yol vermir: “İlham Mirzəyevin vəkillərinə ayrı-ayrı nömrələrdən zəng edilib. Lakin ya telefon bağlı olub, ya da ki, zənglərə cavab verilməyib. Bilmirəm, məqsəd nə güdürlər? Məqsədlərinin nə olduğu bilinmir”.

Hakim əlavə edib ki, İlham Mirzəyevin məhkəməyə gətirilməsi barədə qərar qəbul ediləcək, onun müdafiəçilərinin barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına məktubla müraciət olunacaq: “Bunların hərəkəti artıq dolamaq oldu”.

Asif Əliyevin vəkili Cavanşir Süleymanov deyib ki, prokuror zərərçəkmiş tərəfin iştirakı olmadan da çıxış etməsi mümkün olar. Hakim isə İlham Mirzəyevin özünün məhkəmədə iştirak etmək istədiyini söyləyib: “Buna görə də İlham Mirzəyevin və yaxud vəkillərinin iştirakı olmadan məhkəmənin keçirilməsi mümkün deyil. Sonra yazacaq ki, mənim iştirakım olmadan məhkəmə keçirilib. Zərərçəkmiş qaçıb gizlənib. Başqa işlərdə müdafiə tərəfi gizlənir, burada zərərçəkmiş tərəf gizlənir. İlk dəfədir belə halla rastlaşmışıq. İlham Mirzəyev və vəkilləri səs-küy salırdılar ki, məhkəmə uzadılır, müdafiə tərəfi çoxsaylı vəsatətlər verməklə süründürməçiliyə yol verir. İndi sona çatmışıq, zərərçəkmiş yoxdur, gizlənib. İlham Mirzəyev və vəkilləri iki iclasdır məhkəməyə gəlmir. Vəkillərin belə hərəkəti məhkəməyə hörmətsizlikdir. Onların barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasının sədri Azər müəllimə müraciət edəcəm. İlham Mirzəyev istəyir məhkəmədə iştirak etsin, istəyir etməsin. O, çox təhlükəli adamdır. Mənim narazılığım Vəkillər Kollegiyasına çatandan sonra vəkillərdən biri məhkəməyə gələcək. İlham Mirzəyevin vəkillərindən biri məhkəmədə iştirak etsə, prokurorun çıxışı təmin olunacaq.

Asif Əliyevin digər vəkili Abuzər Müətəllimov deyib ki, İlham Mirzəyev teleqramda məhkəməyə də şər atır. Vəkilin sözlərinə görə, guya İlham Mirzəyev məhkəmə iclaslarında ürək ağrılarına tutulub. Cavanşir Süleymanov isə İlham Mirzəyevin ürəyinin ağrımasına şübhə ilə yanaşdığını deyib. O, teleaparıcının xəstəliyinin başqa məsələ olduğunu söyləyib.

Məhkəmə iclası aprelin 7-də davam edəcək.

Qeyd edək ki, İlham Mirzəyev martın 31-də keçirilən prosesdən bir gün əvvəl sürücüsü vasitəsi ilə məhkəməyə ünvanlandığı şifahi müraciətdə səhhətinin pisləşdiyini, xəstəxanada müalicə olunduğunu qeyd edib.

Martın 14-də keçirilən prosesdə çıxış edən Asif Əliyevin vəkili Abuzər Mütəllimov İlham Mirzəyevin xəstəliyi və xəstəxanalarda xərclədiyi pullarla bağlı bəzi açıqlamalar vermişdi. Vəkil qeyd etmişdi ki, İham Mirzəyevin müalicəsi ilə bağlı məhkəməyə təqdim etdiyi xəstəxana qəbzlərinin Asif Əliyevin cinayət işinə hər hansı bir aidiyyatı yoxdur: “Cinayət işinə həmçinin İlham Mirzəyevin “Planeta” firmasından ayrı-ayrı medikamentlərin, o cümlədən kişi və qadınlarda cinsiyyət sisteminin funksional pozğunluqlarına, kişi və qadınlarda klimaksın müalicəsi, seksual zəiflik, qəbizlik, piylənmə, prostatit, ishal, itdirsəyi, ekzema və başqa xəstəliklərdən müalicə olunmaq üçün dərmanların alınması barədə rus dilində sənədlər əlavə edilib. Hesab edirik ki, qeyd olunan bütün xəstəliklərin işə hər hansı bir aidiyyatı yoxdur. İlham Mirzəyevin bu xəstəliklərilə bağlı Asif Əliyevə hər hansı ittiham verilməyib”.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm