Qaraməryəm-İsmayıllı avtomobil yolu təmir edilir - VİDEO
Bizi izləyin

Qırmızı.az

Qaraməryəm-İsmayıllı avtomobil yolu təmir edilir - VİDEO

1969-cu ildə salınan və istismar müddəti bitdiyi üçün uzun müddətdir ki, yararsız vəziyyətdə olan Qaraməryəm-İsmayıllı avtomobil yolunun əsaslı şəkildə təmirinə başlanılıb.

Bu barədə Publika.az-a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat katibliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, iki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 30 kilometr, eni isə 6 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilir. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilir, zəruri olan yerlərdə 2 metr enində yeni çiyinlər yaradılır. Bunun üçün dağlıq hissələrdə yol kənarında olan yamaclar qazılaraq çıxarılır.

Yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərə hamarlayıcı qatın döşənməsi işləri həyata keçirilir. Ümumilikdə yolun 200 min m2-dən çox ərazisi asfaltlanacaq.

Aparılan kompleks tədbirlər zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənir, köhnələri bərpa edilir, giriş-çıxış hissələri də təmizlənir.

Təmir-bərpa işləri çərçivəsidə Qaraməryam-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində normadan artıq yüklənmiş ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində dağılaraq qəzalı vəziyyətə düşən körpünün də inşasına başlanılıb. 1 aşırımlı körpünün uzunluğu 24 metr, eni isə 10 metr olacaq. Körpüdə piyadaların rahat və təhlükəsiz şəkildə hərəkəti üçün səkilər də nəzərdə tutulub.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında aparılan işlər çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, yolun əsaslı şəkildə təmir olunması ilə İsmayıllı və Göyçay rayonlarının 30-a yaxın yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, Bakı-Şamaxı-Yevlax və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yollarına maneəsiz şəkildə çıxış əldə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm