BMT nümayəndələri Tərtərdə dağılan evlərə baxdılar - FOTO
Bizi izləyin

Qırmızı.az

BMT nümayəndələri Tərtərdə dağılan evlərə baxdılar - FOTO

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin qiymətləndirmə missiyasının əməkdaşları Aleksandr Novikau, Oliver Tuholske və Elsevər Ağayev qoşunların təmas xəttində baş vermiş son hadisələr səbəbindən müvəqqəti yerdəyişmə etmiş insanların humanitar ehtiyacları barədə məlumat almaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.

Axar.az xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətində olan qonaqlara cəbhə xəttində baş verən son hadisələr barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcədə təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 2 nəfər məcburi köçkün dünyasını dəyişib.

Diqqətə çatdırılıb ki, atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib. Məcburi köçkünlərin 46 baş iribuynuzlu, 157 baş xırdabuynuzlu heyvanları və 2430 ədəd ev quşları tələf olub. 100 hektarlarla əkin sahələri partlamayan hərbi sursatla çirklənib. Hazırda həmin ərazilərin partlamayan hərbi sursatlardan təmizlənməsi üçün ANAMA tərəfindən təmizləmə işləri həyata keçirilir. Bu günə kimi 241 partlayış nöqtəsinə baxış keçirilib, həmin ərazilərdən 49 ədəd partlamamış hərbi sursat və İncə çayı vasitəsilə düşmən tərəfindən axıdılan 2 ədəd piyada əleyhinə mina götürülərək zərərsizləşdirilib.

Müstəqim Məmmədov deyib ki, erməni silahlı birləşmələri BMT-nin qəbul etdiyi qərarlara əməl etmir, mülki insanları, yaşayış məntəqələrini atəşə tuturlar.

Sonra nümayəndələr daha çox dağıntıya məruz qalmış Qapanlı kəndində olub, dağılmış evlərə baş çəkib, məcburi köçkünlər və yerli sakinlərlə görüşərək, onların problemləri ilə maraqlanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm