Nikahdankənar doğulan uşaqların sayı 200 mini keçib
Bizi izləyin

Qırmızı.az

Nikahdankənar doğulan uşaqların sayı 200 mini keçib

Qeyri-rəsmi statistikaya görə, son beş ildə nikahdankənar doğulan uşaqların sayı 200 mindən çoxdur. Azərbaycan əhalisinin çoxunun şəhərlərdə yaşamasına baxmayaraq, nikahdankənar uşaqların çoxu kəndlərdə doğulur.Nikahdankənar doğulan uşaqlar sabah qarşımıza sənədsiz yaşayan insanlar olaraq çıxırlar.Mollalar rəsmi nikah olmadan dini nikah bağlamamalı, kəbin kəsməməlidir. İslam dini heç vaxt nikahdankənar uşağın dünyaya gəlməsinin tərəfdarı ola bilməz. Hüquqi baxımdan qanunvericilikdə demək olar ki, tənha analar üçün xüsusi hallar, güzəştlər yoxdur. Sosial xidmət mərkəzləri olsa, tənha analar kiçik yaşlı uşağını qoyub işləyə bilər.Əgər valideynlər qıza bir iqtisadi yük olaraq baxaraq erkən evləndirirsə, sabah həmin qız 10 iqtisadi yük olaraq geri qayıdacaq.

Bu fikirləri APA-da yayımlanan “Sosium” proqramının qonağı, hüquqşünas Günel Səfərova deyib. Günel Səfərova son 10 ildə nikahdankənar doğulan uşaqların sayının artma səbəbindən danışıb: “2000-2015-ci il arasında nikahdankənar uşaqların sayı 10 dəfə artıb və qeyri-rəsmi statistikaya görə, bu rəqəm 200 mindən çoxdur. Təəssüf ki, bizim cəmiyyətdə yalnız qeyri-rəsmi nikahdan, yaxud bir dəfəlik münasibətdən doğulan uşaqlara nikahdankənar uşaq kimi baxılır. Amma Ailə Məcəlləsinin 44-cü maddəsində uşağın bioloji anasının müəyyən edilməsi ilə bağlı xüsusi maddə var. Biz adətən bioloji atanın müəyyən edilməsində problem yaşayırıq. Digər tərəfdən, Azərbaycan əhalisinin çoxunun şəhərlərdə yaşamasına baxmayaraq, nikahdankənar uşaqların çoxu kəndlərdə doğulur. Bu da erkən nikahlarla bağlıdır. Rəsmi nikahın bağlanmasını daha çox kişi tərəfi istəmir. Bu isə mal varlığının bölünməsindən, ya da çox məsuliyyətsizlikdən irəli gəlir”.

Hüquqşünas atalığı sübut etmək üçün lazım olan hüquqi proseduralar barədə geniş məlumat verib: “Son zamanlar məhkəmədə atalığın müəyyən olunması ilə bağlı işlər daha çoxdur. Bunun üçün 100 manatdan artıq olmayan bioloji test var. Amma DNK testi təxminən 2000-3000 manatadır. Bəzən atalar bu pulu ödəməyə razı olmur. Qanuna görə, ananın nikahda olduğu şəxs, hətta həyatını itirsə də, nikah pozulduqdan 300 gün sonra dünyaya gələn uşaq həmin atanın övladı sayılır. Qanun kifayət qədər bu sahəni tənzimləyir, amma nikahdankənar doğulan uşaqların sayı dayanmadan artır. Hal-hazırda “ASAN Xidmət” rəsmi nikahı qeydiyyata alır, buna heç bir əngəl yoxdur. Nikahdankənar uşağın şəhadətnaməsini almaq, sonra harasa təqdim etmək böyük bir problem olur. Yerli icra strukturlarının uşaqlarla bağlı xüsusi bir komissiyası var. Bu komissiya ərazidə olan bütün uşaqların nəinki sosial, həm hüquqi problemləri ilə bağlı məlumatlanmalıdır. Lakin həmin komissiya cəmi 3 nəfərdən ibarət olur. Məsələn, Gəncənin 500 minə yaxın əhalisi var və bunun 100 mindən çoxu uşaqdırsa, 3 nəfər komissiya üzvü bu uşaqların sosial, hüquqi həyatı ilə maraqlana bilərmi? Nikahdankənar doğulan uşaqlar sabah qarşımıza sənədsiz yaşayan insanlar olaraq çıxırlar. İnternat və uşaq evlərindəki uşaqların qəyyumu rəhbərlik olsa da, onların sənədlərində də boşluqlar var. Hətta burda yaşayan uşaqlar özləri də istəmirlər ki, qeydiyyatları həmin o internat və uşaq evlərinə olsun. Sonra gələcək həyatlarında problem yaradır”.

Hüquqşünas dini nikaha üstünlük verilməsinin fəsadlarını da qeyd edib: “Regionlarda çox yanlış bir təsəvvür var ki, düşünürlər ki, dini kəbin artıq hər şeyi həll edir. Dini komitə buna nəzarət etməlidir, mollalar rəsmi nikah olmadan dini nikaha bağlamamalıdırlar. İslam dini heç vaxt nikahdankənar uşağın dünyaya gəlməsinin tərəfdarı ola bilməz. Rəsmi nikahı olmayanlar yalnız atalıq davası aça bilirlər. Lakin bölgələrdə yaşayan insanların sosial vəziyyəti rüsumları, vəkil xərcini, testin pulunu ödəməyə imkan vermir. Mollanın təsdiqlədiyi sənədin hüquqi baxımdan heç bir əsası yoxdur”.

Günel Səfərova erkən nikahlara cəmiyyətin münasibətinin dəyişməsinin vacib olduğunu vurğulayıb: “Erkən nikaha girən bir insanın toyuna icra hakimiyyətinin nümayəndəsi də gedir, bələdiyyə sədri də, molla da. Əslində isə, bu hal hətta cəzaya qədər gedib çıxa bilər, valideyn buna görə məsuliyyət daşıyır. Seminarlar, konfranslar keçirilsə də, məlumatsızlıq get-gedə artır. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə ciddi məşğul olmalıdır. Çünki qanunda olan boşluqlara Milli Məclis düzəlişlər edir, biz təkliflər veririk, qanun fəaliyyət göstərir. Burada problem icraedici qurumda olur”.

Nikahdankənar doğulan uşaqlara görə yalnız anaların məsuliyyət daşımasının normal olmadığını deyən qonaq həmin anaların problemlərini də səsləndirib: “Təəssüf ki, nikahdankənar böyüyən uşaqların böyüdüyü ailə daha çox tənha analar olur. Cəmiyyətin buna münasibətini kənara qoysaq, hətta hüquqi baxımdan da qanunvericilikdə demək olar ki, tənha analar üçün xüsusi hallar, güzəştlər yoxdur. Müəyyən QHT-lər tənha analara, çoxuşaqlı analara, ailə başçısının itirmiş ailələrə bu və ya digər şəkildə xidmət göstərir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ünvanlı sosial müdafiənin istiqamətlərini müzakirə edir. Elə bir kateqoriya var ki, ünvanlı sosial yardım onlara mütəmadi olaraq veriləcək. Biz təklif edirik ki, ƏƏSMN işləmək imkanı olan tənha analarla bağlı proqramları məhz bu istiqamətdə gücləndirsin. Əgər sosial xidmət mərkəzləri olsa, tənha analar kiçik yaşlı uşağını qoyub işləyə bilər. Bunu tənzimləyən proqram yoxdur, varsa da dağınıq şəkildədir”.

Günel Səfərovanın sözlərinə görə, nikahdankənar uşaqların sayı belə sürətlə artarsa, gələcəkdə çox böyük sosial bir toplum olaraq qarşımıza çıxacaq: “Bu halda, biz problemi qəbul eləmək məcburiyyətində qalacayıq. Ona görə də biz problem yaranmamışdan qabaq onun həlli haqqında düşünməliyik. Böyük təbliğat aparılır amma nəticə yoxdursa, deməli, təbliğatımızda formanı dəyişməliyik. Televiziyada belə verilişlər və reklam çarxları yoxdur. Verilişlər sadəcə nikahdankənar uşaqların problemləri barədə olur. Ailə qurmaq istəyən gənclər və valideynlər müraciətimiz odur ki, rəsmi nikah olmadan nikah münasibətinə girməyin. Əgər valideynlər qıza bir iqtisadi yük olaraq baxaraq erkən evləndirirsə, sabah həmin qız 10 iqtisadi yük olaraq geri qayıdacaq. Eyni zamanda dövlət strukturları da bu məsələni gündəmdə saxlamalıdırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm