Bakıda “uşağına yemək alan” DƏLƏDUZ: pulunuzu bu şəxsdən qoruyun - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda “uşağına yemək alan” DƏLƏDUZ: pulunuzu bu şəxsdən qoruyun - FOTOLAR

Bakıda müxtəlif bəhanələrlə insanlara yaxınlaşıb, onlardan yardım istəyən şəxslərlə rastlaşanlar yəqin ki, az deyil. Məsələn, bu bəhanələrdən bir neçəsi: “Anam xəstədir. Dərman alamağa imkanım çatmır”, “Uşağım xəstəxanadadır, dərman almalıyam”, “Maşınım xarab olub, evakuator çağırmağa pulum yoxur” və s.

Düzdür, bu cür xahişlərlə insanlara yaxınlaşan hər kəsin məqsədinin asan yolla pul qazanmaq olduğunu demək də doğru deyil. Lakin istər sosial şəbəkələrdə, istərsə də mətbuatda bu cür fırıldaqçıların əməlləri ifşa olunduğundan indi qeyd etdiyimiz bəhanələrlə insanlara yaxınlaşanlara güvən həddən artıq azalıb. Artıq cəmiyyətdə bir-birinə əl uzatmaq, dəstək olmaq istəyənlər tərəddüd edirlər.

Qeyd etdiyimiz kimi asan yolla pul qazanmaq, insanların güvənindən istifadə edib, onlardan pul almağa çalışan dələduzlardan biri ilə də biz qarşılaşdıq. İşini çox yaxşı planlaşdıran bu “çoxbilmiş” şəxs insanlara yaxınlaşaraq körpə uşağının qayınanası ilə birlikdə poliklinikada olduğunu və təcili olaraq uşağına yemək almalı olduğunu deyir.

Əvvəlcədən planlaşdırdığı plan üzrə hərəkət edir. Dediklərinə inanmağımız və ilk başda şübhələrimizin dağılması üçün Nizami rayonunda yerləşən 17 saylı uşaq poliklinikasının yaxınlığından keçən insanlara yaxınlaşır.

Söhbətə belə başlayır: “Salam, qardaş. Səndən utanaraq bir xahiş edəcəm. Allah köməyin olsun. Məni bu vəziyyətdən çıxar. Uşağı qayınanam ilə poliklinikaya gətirmişəm. Həkimin yanındadır. Bütün pulumu dərmanlara verdim. Həkim deyir ki, indi uşağa yemək almalısınız. Ancaq mənim də pulum qalmayıb. Qayınanamın, həkimin yanında utanmayım. Necə atayam ki, uşağıma yemək ala bilmirəm. 1 saata da atam gələcək. O vaxta qədər gözləsən, pulunu verə də bilərəm”.

Uşaq yeməyinin qiymətini soruşduqda 12 manat 40 qəpik deyir və israrla yeməyin poliklinikadan alınması gərəkdiyini bildirir. Həmin şəxs ona pulu verib, uzaqlaşacağımızı gözləsə də razılaşıb poliklinikanın qarşısına gəlirik.

Özünü Rəşad olaraq təqdim edən bu şəxs bizi inandırmaq üçün yemək pulunu verib qayıdana qədər mobil telefonunu saxlamağımızı istəyir.

Qaçaraq polklinikaya gedən bu şəxs yoldan geri qayıdaraq bizdən xahiş edir ki, əgər qayınanası çölə çıxarsa, özümü onun dostu kimi təqdim edim və pulu da ona mənim verdiyimi deyim.

Razılaşırıq və telefon nömrəsini də deyərək qaçaraq poliklinikaya gedir. Heç 2-3 dəqiqə çəkməmiş poliklinikadan çıxaraq bizə yaxınlaşır.

Bu ərəfədə binadan çölə çıxan poliklinikanın mühafizəçisindən orada uşaq yeməyinin satılıb-satılmadığını soruşuruq. “Əlbəttə, yox” cavabını aldıqdan sonra bizdən pul alan bu şəxsin kim olduğunu soruşuruq. Mühafizəçi deyir ki, həmin şəxs bu gün bir neçə dəfə poliklinikaya girib, çıxıb. Özünü xəstə yaxını kimi təqdim edib və sonra oradan uzaqlaşıb. Ancaq xəstəxanaya nə uşağı, nə də qayınanası ilə gəlib.

Artıq məsələ aydın olur ki, bu şəxs dələduzdur. Poliklinikadan çıxdıqdan sonra təşəkkür edən Rəşad adlı bu şəxs yenə də getmək fikrimizin olmadığını görüb atasının Binədə olduğunu və yarım saata gələcəyini deyir. Bu ərəfədə bizə etdiyimiz yardıma görə dəfələrlə təşəkkür edir və əvəzini Allahdan gözləməyimizi xahiş edir.

Nəhayət, bu şəxsdən bizi niyə aldatmaq istədiyinin səbəbini soruşuruq. And aman edir ki, onu səhv başa düşmüşük və yanılırıq. Bütün dediklərinin yalan olduğunu və insanları necə aldatdığını izah etdikdən sonra bizdən qaçmaq variantlarını işə salan bu şəxs pulumuzu qaytara biləcəyini deyir.

Sonra telefonunu bizə verir və poliklinikaya girir. Bu zaman poliklinika əməkdaşları da onun səbəbsiz yerə içəri bir neçə dəfə daxil olmasına etiraz edir. Geri qayıdan bu şəxs bizim verdiyimiz 13 manatı qaytarır və and içir ki, pulu baş həkimdən alıb və sabah ona verəcək. Mübahisənin böyüdüyünü görən şəxs anidən qaçaraq bizdən uzaqlaşır...

Həmin şəxsin fotolarını oxuculara da təqdim edirik. Bu və bunun kimi şəxslərdən pulunuzu qoruyun. (musavat)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm