Qafqaz Universitetində əmək yarmarkası
Bizi izləyin

Qırmızı.az

Qafqaz Universitetində əmək yarmarkası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə Qafqaz Universitetində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbiri təşkil edib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, tədbirin açılışında dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən birinin də gənclərin səmərəli məşğulluğunun təmin olunmasına yönəldiyi vurğulanıb.

Bildirilib ki, bu sahədə aparılan məqsədyönlü işlər gənclər arasında məşğulluq səviyyəsinin getdikcə artmasına, gənc işçi qüvvəsinin ölkənin sosial-iqtisadi inkişafı proseslərində fəal iştirakının təmin olunmasına xidmət edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan gənclər arasında işsizlik səviyyəsinin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir.

Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərində də gənclər xüsusi diqqətdə saxlanılır. Xidmətin xətti ilə bu ilin yanvar-aprel aylarında münasib işlə təmin edilənlərin 35,6 faizini, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların isə 60 faizə qədərini məhz gənclər təşkil edib.

Ali təhsil müəssisələrində «Karyerada ilk addım» devizi altında keçirilən aktiv məşğulluq tədbirləri də gənclərin əmək bazarına inteqrasiyasına, onların işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına dəstək məqsədi daşıyır.

Qeyd olunan aktiv məşğulluq tədbirlərinin cari ildə də davam etdirildiyi, bu il Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 5 ali təhsil müəssisəsində belə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.

Tədbir zamanı tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, onların ixtisaslarına olan tələbat barədə məlumat əldə edib, işəgötürənlərlə ilkin əlaqələr qurub, onlara öz şəxsi məlumatları əks olunan CV-lərini təqdim ediblər. İşəgötürənlər isə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar. Bununla yanaşı, 12-si dövlət, 72-si özəl sektora aid 84 müəssisə tərəfindən 377 boş (vakant) iş yeri də tələbə və məzunlara təklif olunub. Boş iş yerlərinə göndərişlər verilməklə bərabər, əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli, mövsümi işlərdə çalışmaq istəyənlərin qeydiyyatı aparılıb.

Cari il ərzində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirlərinin digər bir sıra ali təhsil müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm