Meşə heyvanları insanlara niyə hücum edir – onlardan necə qorunaq?
Bizi izləyin

Qırmızı.az

Meşə heyvanları insanlara niyə hücum edir – onlardan necə qorunaq?

Son vaxtlar heyvanların, ən əsas da ayıların meşədən insanların yaşadığı məkanlara üz tutması barədə xəbərlər xeyli artıb. Bir müddət əvvəl Hövsan qəsəbəsi ərazisində, dünən Oğuzun Xalxal kəndində ayı insanların yaşadığı əraziyə gəlib.

Düzdür, yaz aylarında heyvanların aktivləşməsi hər il müşahidə edilir. Lakin sonuncu hadisə heyvanların insanların yaşadığı əraziyə gəlməsinin necə təhlükəli olduğunu göstərdi.

Belə ki, dünən Oğuz rayonu Xalxal kəndində ayı içərisində 50-dən çox uşaq olan bağçaya hücum edib.

Ayının kəndə hücumunun səbəbi nədir? Bu hücumlardan necə qorunmaq olar?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Publika.az-a açıqlamasında bildirib ki, meşədə yaşayan heyvanların insanlar yaşayan əraziyə gəlməsi təbii haldır. Meşənin sərhədi yoxdur ki, heyvanlar oradan kənara çıxmasın.

“Milli Parklarda, qoruqlarda heyvanat aləminin mühafizəsi üçün ciddi, zəruri tədbirlər görülür. Lakin belə hallar da istisna deyil. Xalxal kəndi meşə ərazisində yerləşir, ayı da həmin kəndə daxil olub. İnsanlar onu meşəyə qaytarmaq üçün səs-küy salıblar. Ayı isə əksinə, kəndin içinə doğru gedib, bir ev heyvanını və bir maşını zədələyib. 50 nəfər uşağın olduğu bağçanın həyətinə girib. Bu zaman, qanunvericiliyə uyğun olaraq zəruri müdafiə tədbiri kimi ayı öldürülüb. Kəlbəcər rayonundan olan Hafiz Şükürov tərəfindən ayı vurulub. Əgər ayı vurulmasaydı, bağçadakı uşaqlar üçün ciddi təhlükə yarana bilərdi. Bu qanun pozuntusu hesab edilmir. Həmin şəxs barəsində heç bir tədbir görülməyəcək”.

Ayının kəndlərə hücumunun qida çatışmazlığı ilə əlaqələndirilməsinə gəldikdə, R.Mirzəyev bununla razılaşmadığını dedi: “Bu, adi haldır. Burada hər hansı başqa səbəb axtarılmasına ehtiyac yoxdur”.

R.Mirzəyev bildirdi ki, hər hansı ərazidə sakinlər vəhşi heyvanların kəndə gəlməsini müşahidə etsələr, bölgələrin ərazi ekologiya şöbələrinə müraciət edə bilər, bu zaman rayon icra hakimiyyəti, bələdiyyə, baytarlıq idarəsindən, həvəskar ovçulardan ibarət xüsusi komissiya yaradılır. Lazımı müdafiə tədbirləri görülür.

Sektor müdiri bildirib ki, belə hallarda insanlar müəyyən səs və digər vasitələrlə heyvanların hərəkət istiqamətin dəyişə bilərlər.

Zoologiya İnstitutunun Terologiya Laboratoriyasının əməkdaşı Elşad Əsgərov hesab edir ki, heyvanların, xüsusən insanlar yaşayan ərazilərə gəlməsi bir neçə səbəblə əlaqələndirilə bilər:

“Əvvəllər ayıları müxtəlif restoranların ərazisində qəfəslərdə saxlayırdılar. Sonradan isə onlar təbiətə buraxılırdı. Bu zaman qəfəsdə, insanların yanında böyüyən ayılar təbiətdə ov edə bilmirlər. Çünki təbiətdə əvvəl anaları öyrədir, sonra özləri qidalanma üsulları tapırlar. Əllə bəslənmiş heyvanlar isə müstəqil ov edə bilmədiyindən təkrar insanların yanına qayıdır. İkinci variant isə meşədə yaralı heyvan ov edə bilmədiyinə görə, insanların yaşadığı ərazilərə gəlib hazır qida əldə etmək istəyirlər. Dünyada belə hallar müşahidə edilir. Səbəblərdən biri isə meşə sahələrinin azalmasıdır. Nəticədə, heyvanlar kəndlərə gedirlər. Amma bununla yanaşı başqa səbəblər də tapmaq olar”.

Bu halların qarşısını almaq üçün görülə biləcək tədbirlərə gəldikdə, E.Əsgərov bunun üçün xüsusi vasitələrin olduğunu dedi: “İnsanlar ayı ilə rastlaşanda onu qıcıqlandırmamalı, onu özlərinə hücum edəcək həddə çatdırmamalıdırlar. Hər bir heyvanın qida menyusu var. İnsan heç bir heyvanın qidası deyil. Bu heyvanlara təsadüfən meşədə və digər yerlərdə rast gələndə onu gözdən itirməməklə, əks istiqamətə hərəkət etmək lazımdır. Bu zaman qaçmaq olmaz. Ya sakit dayanmaqla onun çıxıb getməsini gözləmək, ya da fərqli istiqamətdə sakitcə hərəkət etmək lazımdır. Heyvanlardan qorunmaq üçün müxtəlif səslər, qaz buraxan vasitələr var. Silah gəzdirə bilməyənlər bu vasitələrdən istifadə edə bilər. İnsanlar bilməlidir ki, bu aylar ayıların bala verən vaxtıdır. Meşədə hərəkət edərkən bunu nəzərə almaq lazımdır. Kəndə hücum edəndə də səs-küyə, təşvişə ehtiyac yoxdur. Bu zaman heyvan daha da vəhşiləşir. Əmin ola bilərsiniz ki, ayı bağçanın həyətinə gəlməklə uşaqları yemək istəmirdi. Çünki uşaq onun qidası deyil”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm