Sabahdan daha 1334 dərman yeni qiymətlə satılacaq
Bizi izləyin

Qırmızı.az

Sabahdan daha 1334 dərman yeni qiymətlə satılacaq

İyunun 1-dən daha 1334 dərmanın yeni qiyməti qüvvəyə minir. Azərbaycanda dövlət qeydiyyatına alınmış 10 mindən çox dərman vasitəsindən indiyədək 7075-nin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasından bildirilib ki, bunlardan 5741-i apteklərdə artıq təsdiq edilmiş qiymətlərlə satılır. Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

Beləliklə, sabahdan etibarən qiymətləri tənzimlənmiş 7075 dərman vasitəsinin hamısı ölkə ərazisində bütün apteklərdə təsdiq edilmiş qiymətlərlə satılmalıdır.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qiymətləri təsdiq edilmiş dərman vasitələrinin, qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib. Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir.

Qeyd olunanları nəzərə alaraq, istehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm