Salyanda QƏRİBƏ OLAY: Hektarlarla üzüm sahəsi niyə məhv olur? SƏBƏB
Bizi izləyin

Qırmızı.az

Salyanda QƏRİBƏ OLAY: Hektarlarla üzüm sahəsi niyə məhv olur? SƏBƏB

Salyan rayonun Yenikənd, Xələc, Qarabağlı, Kərimbəyli, Qaraçala, Yolüstü və Kürsəngi inzibati ərazilərində salınan hektarlarla üzümçülük bağlarına mənşəyi məlum olmayan xəstəlik yayılıb.

Publika.az-ın Salyana ezam olunan əməkdaşı xəbər verir ki, bu xəstəlik nəticəsində Salyan kəndlərindəki fərdi təsərrüfatlarda yetişdirilən yerli Ağ Ağadayı, Qara Ağadayı, Qara Mərəndi, Ağ Mərəndi, Mahmudu, Qara yerli üzüm, Qara və Ağ dərbəndi üzüm sortlarının gətirdiyi barları tamamilə məhv olub.

Kənd sakinləri xəstəliyin səbəbini müəyyən edə bilmədiklərini deyir: “Rayonda ilk dəfədir ki, belə hadisə ilə rastlaşırıq. Üzümlər tamamilə quruyub məhv olub. Səbəbini heç özümüz də bilmirik. Rayon İcra Hakimiyyətindən nümayəndələr gəlib baxıblar. Müxtəlif səbəblər göstərilir. Bəziləri deyir ki, Salyanda üzüm bağları atmosferin çirklənməsi nəticəsində olub. Bəziləri də deyir ki, mayın əvvəllərində baş verən dolu yağışından sonra güclü istilər olduğu üçün üzüm meyvələri quruyub. Ancaq maraqlısı odur ki, rayonda yalnız bir tanınmış şəxsin üzüm bağına heçnə olmayıb. Qalan hər kəsin bağındakı üzümlər yanıb. Kənd camaatı gözünü üzümə dikmişdi, bu da belə oldu. İnsanlara külli miqdarda ziyan dəyib”.

Sakinlər bu il Azərbaycanda üzümün qiymətində bahalaşma olacağını söyləyiblər: “Yəqin ki, bu il məhsul yığımı vaxtı bağlarda üzüm olmayacaq. Bu da Azərbaycan bazarlarında üzümün qiymətinin baha olmasına səbəb olacaq”.

Çox maraqlıdır ki, sakinlərin üzüm bağlarının məhvinə baxmayaraq, tanınmış bir şəxsin Salyandakı üzüm bağına heç nə olmayıb. Hətta bir çox sakin burada şübhəli məqamın olmasını da iddia edir: “Niyə bizim üzüm bağlarımız məhv olub, amma həmin şəxsə məxsus təsərrüfata heç nə olmayıb? Əgər bu ümumi xəstəlik idisə, nə üçün yalnız bizim bağlar buna yoluxub? Burada şübhəli məqamların olması barədə də söz-söhbət gəzir. Bununla bağlı bəzi şübhələrimiz olsa da, hələlik konkret heç nə bilmirik”.

Xatırladaq ki, respublikada Salyanın Xələc süfrə üzüm sortları öz adı ilə kifayət qədər məhşurdur. Ümumilikdə Salyan rayonunda 1190 hektar üzüm bağları var ki, bununda 839 hektarı bar verən üzüm bağlarıdır. Belə ki, rayonun Yenikənd, Xələc, Qarabağlı, Kərimbəyli, Qaraçala, Yolüstü, Kürsəngi inzibati ərazilərində fərdi təsərrüfatlarda yerli ağ Ağadayı, qara Ağadayı, Qara Mərəndi, Ağ Mərəndi, Mahmudu, Qara yerli üzüm, Qara və Ağ dərbəndi üzüm sortları əkilib becərilir.

Vasif Həsənli - Salyan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm