Saxta lavaş satan şirkət rəsmisi: “Dünən desəydiniz...” – FOTO
Bizi izləyin

Qırmızı.az

Saxta lavaş satan şirkət rəsmisi: “Dünən desəydiniz...” – FOTO

Xəbər verdiyimiz kimi Bakının bir sıra alqı-satqı mərkəzlərində istehsal tarixi saxta olan un məmulatları satılır.

Publika.az xəbər verir ki, bir sıra marketlərdə üzərinə “Dönər lavaş” yazılmış un məmulatlarının istehsal tarixi saxtalaşdırılıb. Belə ki, dünən - iyunun 7-də marketdən lavaş almış sakinlərdən biri məhsulun üzərində “istehsal tarixi”nin iyun 8-ə aid olduğunu görüb.

Halbuki dünən iyunun 7-i idi. Mövzunu araşdırmaq üçün müraciət etdiyimiz Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, məhsulun üzərinə onun istehsal tarixini saxtalaşdıranları yüksək miqdarda cərimə gözləyir: “Belə istehsalçını minimum 1500 manat cərimə gözləyir. Təəssüf ki, bazarda bu cür mallara hələ də rast gəlinir. Bəzi iş adamları ölkə prezidentinin sahibkarlara yaratdığı əlverişli şəraitdən sui-istifadə edirlər. Nəticədə istehlakçıların hüququ pozulur. Müvafiq qurumlar isə bu istiqamətdə lazımi iş aparmırlar. Məsələn İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu istiqamətdə ciddi iş aparmır. İstehlakçıların bizə göndərdiyi şikayətləri və ərizələri məktub formasında dövlət xidmətinə göndəririk. Onların isə cavabı ancaq belə olur: - gedin, məhkəməyə şikayət edin”.

O, “Dönər lavaş”la bağlı birliyə şikayət daxil olmadığını desə də, son vaxtlar digər müəssisələrin mallarının yas mərasimlərində vətəndaşlara verildiyini vurğuladı: “Lavaşların üzərində istehsal tarixlərinin saxta olması ilə bağlı son vaxtlar birliyimizə çoxsaylı şikayətlər gəlir. Bəzi vətəndaşlar satılan lavaların arasında yanmış lavaşların qoyulub mağazalara paylanılmasından şikayətlənirlər. Yaxud lavaşların sayının az olması hallarına da rast gəlinir”.

“Dönər lavaş”ın satış müdiri Malik Əhmədov lavaşın üzərindəki tarixin saxta istehsal tarixi olduğunu etiraf etdi: “Məhsulun üzərindəki tarix onun istehsal tarixini göstərir. Malın saxlama müddəti 96 saatdır. Gərək bunu dünən deyəydiniz. Onda daha yaxşı olardı. İndi gedib istehsalatda bunu işçiyə irad tutsam, cavab verəcək ki, bu gün ayın 8-dir də. Məhsulun üzərinə bunun bilərəkdən vurulması ola bilməz. Ola bilsin, işçi hansısa səhvə yol versin”.

İqtisadiyyat Nazirliyindən bildirdilər ki, faktla bağlı dərhal müraciət olunmalıdır: “Nazirliyin qaynar xətti daim açıqdır və vətəndaşlar istənilən vaxt belə xoşagəlməz hallarla bağlı müraciət edə bilərlər. Bu gün artıq ayın 8-dir”.

Qeyd edək ki, “Dönər lavaş” paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində istehsal olunur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm