İsmayıllıda TƏHLÜKƏ: 12 ailə çadırlara köçürüldü
Bizi izləyin

Qırmızı.az

İsmayıllıda TƏHLÜKƏ: 12 ailə çadırlara köçürüldü

İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində torpaq sürüşməsi davam edir.

Sürüşmə nəticəsində kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərin divarlarında çatlar əmələ gəldiyindən, bir neçə ev yaşayış üçün təhlükəli hesab olunub.

Kənd sakinlərinin sözlərinə görə, kəndin üst hissəsində təqribən 50 hektardan çox dağlıq və meşəlik ərazidə olan torpaq qatında dərin çatlar yaranıb. Sakinlər hesab edirlər ki, yağışlar davam edərsə, hər an qəzalı vəziyyətə düşən evlərin sayı arta bilər. Uzun illərdir kənddə yaşayan sakinlər, ərazilərdə torpaq sürüşməsinin bu həddə çatmasının ilk dəfə olduğunu deyirlər.

Fövqəladə Hallar Nazirliyinin (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri evlərə baxış keçirdikdən sonra bir neçə evin qəzalı və yaşamaq üçün təhlükəli olmasını əsas gətirərək 12 evin boşaldılmasına qərar veriblər. Ötən gündən etibarən qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün kəndə çadırlar gətirilərək təhlükəsiz yerlərdə qurulub.

İsmayıllı Rayon Fövqaladə Hallar Komissiyasının (FHK) sədri Rövşən Ağayev "Report"a bildirib ki, 2007-ci ildən bu günə qədər İsmayıllı rayon ərazisində torpaq sürüşməsi nəticəsində 30 yaşayış məntəqəsində 192 yaşayış evi qəzalı vəziyyətə düşüb. Hazırda sözü gedən qəzalı evlərdən 6 ev tikilib və 2 evin tikilməsi bərədə qərar qəbul olunub. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm