Atla taksiçilik edən bakılı: “Avropalaşırıq deyə eşşəklə...” – “MARAQLI ŞƏXS” FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

Atla taksiçilik edən bakılı: “Avropalaşırıq deyə eşşəklə...” – “MARAQLI ŞƏXS” FOTO/VİDEO

Dünyada hərənin öz həyatı, həyata baxışı, yaşam tərzi, sevdiyi məşğuliyyət var. İnsanların zövqləri, dünyagörüşləri fərqli olduğundan yaşam tərzləri, sevdikləri məşğuliyyətləri də müxtəlifdir. Bakının Suraxanı rayonunun 49 yaşlı sakini Bəhmən Sadıqov isə bir sıra maraqlı xüsusiyyətləri, çoxlarından fərqli hobbisi ilə başqalarından seçilir.

Arabaçılıqla məşğul olan, həyətyanı təsərrüfat sahəsində yetişdirdiyi tərəvəzləri satıb ailəsini dolandıran Bəhmən Sadıqov bəzən insanlara təmənnasız xidmətdən zövq alır. Qonşularının, tanışlarının yükünü arabasında daşıyıb bəzən onlardan pul almayan bu insanın digər maraqlı xüsusiyyəti onun itləri həddən artıq sevməsi, həyətində 10 it saxlamasıdır.

Publika.az-ın “Maraqlı şəxs” rubrikasının qonağı olan keçmiş dülgər, Bakı arabaçısı, itbazla müsahibəni təqdim edir:

“42 ildir ki...”

49 yaşlı müsahibim deyir ki, həyatın ağır sınaqları ilə hələ erkən yaşlarından üzləşib: “7 yaşımdan əlimə bel alıb təsərrüfat işləri ilə məşğul olmağa başladım. Ailəmizin maddi durumu çox çətin idi. Uşaq olsam da, bir sıra ağır işlərdə çalışırdım. Düz 42 ildir həyatın ağır sınaqlarını yaşayıram.

Bir müddət ölkədən kənarda pul qazandım. Rusiyada, Ukraynada yaşadım, ticarətlə məşğul oldum. Rostovda, Xarkovda alver edirdim. Qısa müddət də olsa, normal pul qazanan vaxtlarım olub”.

Bəhmən Sadıqovun sözlərinə görə, elə zamanlar olub ki, Rusiyada göyərtinin bir kiloqramını 12 manata satıb: “Yetimlərimə - qardaşıma, bacıma baxırdım, onları böyütməli idim. Bacımı ərə verdim, qardaşım ailə qurdu. Axırda özüm evləndim. Bəzi səbəblər üzündən gec – 38 yaşında evləndim. Bir qızım, bir oğlum dünyaya gəldi.

Oğlum 3-cü sinifdə oxuyur. Heyvanlara çox maraq göstərir, amma istəmirəm o da mənim yolumu getsin. Mən oxumadım, amma istəyirəm övladlarım oxuyub bir tərəfə çıxsınlar. Demirəm alim olsunlar, heç olmasa özlərinə sənət, ixtisas seçsinlər. Buna görə də övladlarımı ən yaxşı orta məktəbə qoydum. Nə qədər danlasam da oğlum yenə oxumaq istəmir. Amma qızım dərslərini əla oxuyur, əlaçıdır, birinci sinfə gedir”.

Bəhmən Sadıqov bir müddət Əmircan qəsəbəsindəki zavodlardan birində dülgər işləyib. Lakin zavodun bağlanması səbəbindən bu sənətdən də uzaqlaşıb: “İndi dülgər sənəti ilə məşğul olmuram. Daha bəs edər. Həm də ki, uşaq yaşlarımdan ağır işlərdə çalışdığımdan səhhətimdə problemlər yaranıb. İki dəfə infarkt keçirmişəm.

İndi həyətyanı sahədə göy-göyərti, soğan əkir, aparıb satıram. Soğan təzə çıxanda bir kilosu 3 manata satılır. Bu il meyvə-tərəvəz əkmişəm, yetişsin aparıb satacam. Tərəvəzin də toxumlarını ayrı satıb çörək pulu qazanıram”.

“Mənim hobbim it saxlamaqdır”

Bəhmən Sadıqovun hobbisi itbazlıqdır. Artıq neçə illərdir həyətində it saxladığını deyən müsahibim bildirir ki, heyvanlara qulluqdan mənəvi zövq alır: “Hərənin bir sevimli məşğuliyyəti var. Mənim də hobbim it saxlamaq, onlara qulluq etməkdir. Əvvəllər dayım da itbaz olub. Bəlkə də bu, mənə böyüklərdən keçib.

İndi həyətdə on itim var. Onları ancaq səslərinə görə bəsləyirəm, xoşum gəlir. Əksəriyyəti xüsusi əzələli qoyun iti cinsindəndir. Aralarında elələri var ki, hətta çəkisi 50 kiloqrama çatır. Bu heyvanları saxlamaqda heç bir maddi marağım yoxdur. Neçə dəfə olub ki, dost-aşna istəyib, bağışlamışam”.

O, deyir ki, bəslədiyi heyvanların yeməyini çatdıra bilir: “İtlərim ac qalmır. Hər gün çörək verirəm, qəssablar sağ olsun, ət kəsəndə, sür-sümük, malın, qoyunun baş-ayağını, içalatını verirlər. Gətirib atıram qabaqlarına, yeyirlər.

İtlərin birini Kürdəxanıdan gətirmişəm, birini bir dostum bağışlayıb, digərini başqa tanışım pay verib. Yaşları müxtəlifdir: 12, 8, 6, 1 illik itlərim var.

Küçələrdə gəzən itləri, quyruq bulayan tulaları it saymıram (Əli ilə göstərərək). Bunların hamısı güclü, həm də təhlükəli heyvanlardır. Açıb buraxsam, dərhal qonağın üstünə cumarlar. Ona görə də hamısını qalın zəncirlərlə bağlamışam. Buna görə də həyətə gələn adama heç bir təhlükə törədə bilmirlər. Zəncirləri çox qalın olduğundan Allaha şükür ki, indiyə qədər qapıma gələnlərin heç birini hələ dişləməyiblər”.

İtlər nəsil artıranda o, küçükləri dost-aşnasına verir: “Elə olub ən böyük itimi xətrini istədiyim adama pay vermişəm. İtlərin hamısı mənim dostumdur. Hərdən açıb buraxıram ki, həyətdə gəzsinlər. Onlardan gərək qorxmayasan, əksinə dost olasan. İtlər qulluq tələb edir. Gərək onları normal yedirdəsən. Xüsusi vaxtlarda onlara xüsusi dərmanlar verirəm ki, tüklərinə bit, qurd düşməsin. Yoxsa hər cür şəraitdə heyvan saxlamaq olmaz. Qurd dərmanı verməsəydim, bu boyda, belə gücdə olmazdılar. Əzələləri çox möhkəmdir. Onları hətta dənizə də aparıb çimdirirəm”.

“İt bağışlamağın xüsusi qaydası var”

Müsahibim deyir ki, tanışları bir neçə dəfə xoşlarına gələn itləri ondan pulla almaq istəyiblər: “Bəzən təklif ediblər ki, filan itə 100 manat veririk, amma razılaşmamışam. İtləri heç zaman satmaram. Mənə ayıb olar. Allaha and olsun, səmimi sözümdür. Kəndin ən kasıb sakini mənəm. Amma yenə itlərimi pula dəyişmərəm.

Kim olursa olsun, ancaq xətrini istədiyim adamlara it pay verirəm. Amma onda da xahiş edirəm ki heyvanı incitməsinlər, ətini, çörəyini vaxtında versinlər. Lap istəsəniz, sizə də it hədiyyə edərəm”.

Bəhmən Sadıqovun sözlərinə görə, kiməsə it bağışlamağın xüsusi qaydası var: “Dost-aşnaya it bağışlayanda heyvanın zəncirini dərhal onu alanın əlinə vermirsən. Beş dəqiqə söhbət edirsən ki, it yeni sahibinin iyini götürsün. Sonra zənciri verirsən yeni sahibin əlinə. O da aparıb heyvanı bir az gəzdirir. İki-üç dairə vurandan sonra yavaş-yavaş heyvanı evə aparır. Əgər itin zəncirini dərhal yeni sahibinə versən, heyvan onu qəbul eləməz. Gərək yeni sahibinin iyini götürsün.

İtlərin hərəsinə bir ad qoymuşam: - Bozdar, Qara, Alabaş, Qarabaş... Adlarını tanıyırlar, çağıran kimi sakitləşirlər. Həyətə kimsə gəlsə, sona qədər hürürlər. Heç kimi yaxın buraxmırlar. Allah eləməsin, əgər zəncirləri açıq olsa, həyətə girəni parçalayarlar.

Amma həyətdəki toyuq-cücələrə, qoyuna, hinduşkalara toxunmurlar. Hətta toyuqlar onlara yaxınlaşsa da, onlara cummurlar. Gərək ancaq toyuğu kəsib atım qabaqlarına. Ondan sonra yeyirlər”.

“Mənim itlərim başqasının itinə bənzəmir”

O, bu günə kimi onlarla xüsusi cinsli it saxlayıb: “İndiyədək 40-dan çox itim olub. Amma it deyirəm sizə - bunlar xüsusi cinsə malik, əzələli heyvanlar olub. Daha küçədəki quyruq bulayan küçüklər yox. Elələri olub ki, qocalıb ölüblər, amma satmamışam, balalarını böyütmüşəm.

İndi saxladığım ən güclü itin çəkisi 50 kiloqrama yaxındır. Bəziləri qoyun itidir, bəziləri də xüsusi cinsdir”.

Səs-küyə baxmayaraq qonşuları onun itlərindən hələ şikayət etməyib: “İt hürər də... Heyvan saxlayan təkcə mən deyiləm ki. Elə adam var, 15 it saxlayır. Qəsəbələr zəncirsiz gəzən itlərlə doludur. Bəziləri hətta adama cumur. Amma heç kim deyə bilməz ki, mənim itim kiməsə cumub. Baxın görün həyətdə zəncirsiz it var? Hamısı zəncirlidir.

Heyvanları açıq saxlamağı xoşlamıram. Bəzən açıb buraxıram ki, bir az həyətdə gəzsinlər. Onda da özüm nəzarət edirəm. İtlərim indiyədək kənddə heç kimə hücum etməyib, kimsəni dişləməyib. Qohum-əqrəba, qonaq gələndə özüm gedib qapının qarşısında qarşılayıram. Həyət böyük olduğunda bəzi şənlik məclisimizi burda keçiririk bəzən. Onda heyvanları aparıb həyətin yuxarı başında bir yerə bağlayıram”.

Onun sözlərinə görə, həyətində 15 it saxladığı vaxtlar da olub: “Bakı kəndlərində it boğuşdururlar. Bundan yaxşı pul qazananlar var. Amma mənim it boğuşdurmaqdan xoşum gəlmir. Ona görə də itlərimi elə yerlərə aparmıram. Ümumiyyətlə bu heyvanlara gəlir mənbəyi kimi yox, zövq almaq, əylənmək vasitəsi kimi baxıram”.

“10 ildir ki, arabaçıyam”

Qeyd etdiyim kimi, Bəhmən Sadıqov həm də arabaçıdır. O, Bakı kəndlərində arabaçılıq edərək pul qazanır: “Təxminən 10 ildən çoxdur arabaçıyam. Kimin nə yükü olursa, daşıyıram. Kimin maddi imkanı nəyə çatırsa, onu da verir. Düzdür, bəzən pul verməyən də olur. Bir də görürsən kimsə zəng edib deyir ki, gəl yükümü filan yerə apar. Gedib arabaya qoyub gətirirəm. Üç kisəyə 3 manat verirlər. Allah bərəkət versin, birtəhər dolanırıq”.

O, atın arabasını özü düzəldib: “Ata-babam atbaz olub, araba sürüblər. Əvvəllər eşşək də saxlamışam. İki baş eşşəyim vardı. Amma indi daha saxlamıram (Gülür). Avropalaşırıq axı. Atı beş il əvvəl mənə bəxşiş ediblər. Arpa, kəpək, çörək, buğda verirəm ona”.

Arabaçılıqda maraqlı məqamlar da olur: “Bir dəfə bir cavan oğlan dedi ki, əmi, olar, arabanı sürüm. Gördüm cavandır, sözünü yerə salmadım. Yüyəni verdim, arabaya oturub bir az sürdü. Atdan düşəndə təşəkkür etdi, üstəlik 20 manat da verdi”.

Lakin deyir ki, saxladığı heyvan bəzən təhlükəli olur: “Atım bəzən yanındakı adama təpik atır. Yüyənini qoşanda bir neçə dəfə belə harınlıq edib. Bir dəfə oğlumu dişlərinə alıb qaldırdı, yerə çırpmaq istəyəndə uşağı ondan zorla aldım. Yaxşı ki, həyətdə idim. Yoxsa uşağı yerə çırpıb öldürərdi. Çox güman ki, bu aqressivlik heyvanın yaddaşında qalıb. Yəqin dayça olanda belə bir halla qarşılaşıb. Uşağı həkimə apardım. Zarafatla dedi ki, camaatın uşağını it dişləyir, sənin övladını at dişləyir”.

Anar Tağıyev,

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm