Yararsız maşınlar Bakı küçələrində - Ürəkbulandırıcı FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Yararsız maşınlar Bakı küçələrində - Ürəkbulandırıcı FOTOLAR

Son günlər paytaxt küçələrində standartlara cavab verməyən, köhnə avtomobillər daha çox müşahidə edilir.

Publika.az xəbər verir ki, müasir tələblərlə uyğunlaşmayan, istismar müddətini başa vurmuş maşınlar tez-tez gözə dəyir. Köhnə, istismar müddətini başa vurmuş avtomobillərlə yanaşı, arxa və ön hissəsində xüsusi, qaydalara zidd bəzək vurulmuş nəqliyyat vasitələri də çoxalıb.

Problem həm də ondadır ki, heç bir təhlükəsizlik qaydasına əməl etməyən bu maşınlar üstəlik ağır yük, əşya da daşıyır. Nəinki işıqları nasaz olan, ümumiyyətlə lampaları olmayan bu avtomobillər potensial qəza, təhlükə mənbələridir. Sual ortaya çıxır: köhnə, yararsız avtomobillərin küçə və prospektlərdə çox rahat şəkildə hərəkət etmələrinə niyə göz yumulur? Bu nəqliyyat vasitələri nə üçün küçələrdən yığışdırılmır? Belə sürücülər barəsindəki cərimlərin miqdarı nə qədərdir?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, bəzi sürücülər bu avtomobillərdən ancaq metal tullantıları daşımaq üçün istifadə edirlər: “Onlar əsasən dəmir-metal, qab-qacaq, müxtəlif cür ev əşyaları satanlardır. “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsi var. Nəqliyyat vasitəsinin texniki təchizatı istisnasız olaraq yollarda hərəkətdə olan bütün avtomobillərə aiddir. Əgər texniki təchizat normaları pozulubsa, həmin nəqliyyat vasitəsi yollara çıxmamalıdır. Həmin avtomobillərin çoxu köhnə avtomobillərdir. 20-30 ildir istismar olunan bu maşınların hamısı texniki baxışdan keçməlidir. Bu avtomobillərin işıqlarının olmamasına görə 50 manat cərimə nəzərdə tutulub. Yükdaşıma qaydalarını pozduqlarına görə 40 manat cərimə müəyyənləşdirilib”.

Ekspert qeyd etdi ki, bu məsələnin kökündə sosial problem dayanır: “Əgər bizim polis istifadəyə yararsız, köhnə avtomobillərin hamısını yollardan yığışdırsa, aləm bir-birinə qarışacaq. Bəziləri iddia edəcək ki, çörəksiz qaldıq, ailəmiz dolana bilməyəcək. Ona görə də bu məsələdə çox da dərinə getmirlər. Amma ən azından bunun qarşısını tədricən almaq lazımdır. Belə maşınların yollarda olması biabırçılıqdır”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, yol polisi bununla bağlı konkret tədbirlərə başlayıb: “May ayında Rusiya istehsalı olan avtomobillərin texniki baxışdan keçmə müddəti başa çatıb. Bu müddət ərzində xeyli avtomobil aşkarlanıb və xeyli sayda avtomobil yol hərəkətindən kənarlaşdırılıb. Bu gün də texniki baxışla əlaqədar çatışmazlıq aşkar edilən nəqliyyat vasitəsinin sürücüsünə inzibati qaydada protokol tərtib edilir”.

Onun sözlərinə görə, yaxın günlərdə nəticələr haqqında mətbuata geniş açıqlama veriləcək: “Hazırda növbəti mərhələdir – Avropa istehsalı olan avtomobillərin texniki baxışdan keçməsi. Bu proses noyabra qədər davam edəcək. Vaxtında texniki baxışdan keçməyənlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar. Məsələn, SSRİ istehsalı olan VaZ 2107, VaZ 2106, QaZ 24, UAZ mayın 1-nə qədər texniki baxışdan keçməli idilər. SSRİ istehsalı olan 120-dən artıq avtomobilin sürücüsünə protokol tərtib edilib”.

Proses hazırda da davam edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm